Özbaşınalıq və hüquqi boşluq: məhkəmə hakiminə görə insanlar hələ də küçələrdədir...-Problem
Xəbər verdiyimiz kimi, Nəsimi rayonu, Topçubaçov küçəsinin bütöv bir məhəlləsinin sakinlərinə “Malibu” şirkəti tərəfindən təxminən bir il əvvəl köhnə, həyət tipli evlərin yerində çox sürətlə çoxmərtəbəli binalar tikməyə söz verilib. Həmin binalarda mənzillərin daha geniş və rahat olacağını görən insanlar razılaşıblar, kimisi qohumlarının yanına, kimisi də kirayə mənzillərə köçüb, lakin bir il keçsə də, onların keçmiş evlərinə dəyib-toxunan olmayıb.
Yenixeber.org: “Malibu” rəhbərliyinə kollektiv və fərdi müraciətlər vəziyyəti ölü nöqtədən tərpətməyib. Məlum olub ki, Səriyyə Seyidova adlı bir sakin heç cür köçmək istəmir, çox yüksək tələblər qoyur, onun 90 saylı evi isə düz məhəllənin ortasındadır.
Həmin ünvanda yaşayan sakinlər virtualaz.org-un redaksiyasına ötən ay şikayətlə müraciət etmişdilər. Onlar bildirirdilər ki, tikinti şirkətindən onlara, həmin qadın oradan köçməyincə tikintiyə başlaya bilməyəcəklərini deyiblər. Bu Seyidova isə nə az-nə çox, Apellyasiya Məhkəməsinin hakimidir. Sadə bir insan olsaydı, məsələn, təqaüdçü, mühəndis, lap elə jurnalist, bacarardıq, ədalət məhkəməsinin təmsilçisi ilə isə heç kim belə iş görmək istəməz.
S. Seyidova onun üzündən bir ildən artıq müddətdə dar-darısqal evlərdə yaşamağa məcbur olmuş 372 ailənin xahişinə laqeyd yanaşır. Və insanlar qərara alıblar ki, belə olan halda hakimin özbaşınalığı barədə mətbuata danışsınlar ki, bəlkə yuxarı təşilatlardan kimsə onu “ağıllandıra” bilsin. Sakinlər deyirlər ki, Seyidova evdən çıxmaqdan imtina edir və tələb edir ki, “Malibu” şirkəti onun böyük sahəli evi üçün nə az-nə çox 1,5 milyon manat ödəsin. Şirkət isə iddia edir ki, bu məbləği ödəmək iqtidarında deyil və tikintini ləngidir. Əvəzində sakinlər aylardır kirayədə yaşayırlar. Firma, sakinlərin evinin hər kvadratmetrini 1500 manat məbləğində qiymətləndirəndə Səriyyə xanım sussa da, öz evinə növbə çatanda hər kvadratmetrə görə 7 min manat tələb edib.
Yenidən redaksiyamıza gələn sakinlər aylar keçsə də, vəziyyətin hələ də dəyişmədiyini söyləyirlər.
"Niyə bir insana görə biz o qədər əzab çəkməliyik? Niyə Seyidova özünü bizim hamımızdan üstün sayır? Bir hakimin müəllimdən və ya həkimdən üstünlüyü nədir ki? Təsəvvür edirsiniz, o, şirkətdən yarım milyon pul tələb edir. Bu qədər pulla böyük bir məktəb və ya xəstəxana tikmək olar. Qoy dövlət orqanlarından kimsə gəlib onun evini qiymətləndirsin. Niyə biz ona görə şəxsi evimizdən didərgin düşməliyik?, - deyə Seyidovanın keçmiş qonşusu Elmir Əzizov bildirir.
"Mənim dörd uşağım var, biz praktik olaraq evsizik. Bu hakimin şıltaqlıqlarına görə kirayələrdə dolaşırıq. O qədər gözləmişik, indi də şirkət rəhbərliyi bildirir ki, əgər yaxın vaxtlarda Seyidovayla razılığa gələ bilməsəniz, məcbur qalıb icra hakimiyyəti ilə binanın tikintisi üzrə müqaviləni pozmalı olacaqlar. Və bu o deməkdir ki, biz küçədə qalacağıq. Mənim bildiyimə görə, “Malibu” artıq ona 750 min manat və ya tikilən binada mənzil təklif edib. Doğrudanmı bu ona azlıq edir? ", - Natiq Əliyev qəzəblə soruşur.
Başqa bir sakin – Gözəl Həsənova isə artıq 80 yaşını haqlayıb və bilmir ki, vəd olunan evi görə biləcək ya yox: “Malibu” şirkəti və hakim Seyidova sadəcə bizi ələ salır. Şirkətdə deyirlər ki, sabah tikintiyə başlayacaqlar, amma Seyidova öz evini tərk etmək istəmir. Doğrudanmı ona səlahiyyətli orqanlar vasitəsilə təsir edə bilmirlər? Qoy onun evini qiymətləndirsinlər və bu məbləği açıqlasınlar. Bizi incitməsinlər, biz öz şəxsi mənzillərimizdə yaşamaq istəyirik, onun-bunun evində qalmaqdan bezmişik".
Bəlkə Apellyasiya Məhkəməsinin hakimi S. Seyidovaya xatırlatmaq lazımdır ki, işində istifadə etdiyi hüquqi normalar, biz hələ insanların birgə yaşayış qaydalarını demirik, onun özünə də aiddir? Bir qadın uşaqları, qocaları, hansılar ki, onun şıltaqlığı üzündən evsiz qalıblar, necə ələ sala bilər? Doğrudanmı qanunların ona aidiyyəti yoxdur?(virtualaz.org)