Şamaxı rayonunda kabusa çevrilən və özbaşınalığı sərhəd tanımayan “AMPA” ləqəbli Əflatun Məcidovla bağlı redaksiyamıza videogörüntülər daxil olub.
Yenixeber.org: Həmin görüntülərdə Əflatun Məcidovun kriminal fəaliyyəti öz əksini tapıb. Belə ki, video görüntülərdə “Ampa”–nın qoçu dəstəsinin üzvü və dostu Sadiq adlı şəxsin, Rusiyadan toy etmək üçün vətənə qayıdan Seymur (bəziləri həmin şəxsin adının Lətif olduğunu qeyd edir) adlı şəxsi vəhşicəsinə döymələri və hadisənin necə lentə alınması nümayiş olunur. Rusiyada hörməti olan şəxsin, Əflatun Məcidovun tapşırığı ilə dəhşətli hala salınmasını özündə əks etdirən videoda etikdən kənar ifadələr işlənib. Buna görə oxucularımızdan üzr istəyir:
Qeyd edək ki, Şamaxıda baş verən bir-neçə silahlı insidentdə də Əflatun Məcidovun adı hallanıb. Belə ki, ötən ilin yay aylarında baş verən silahlı insident “Ampa”nın əli olduğu bildirilir. Hadisə ilə bağlı yayılan rəsmi məlumatda bildirilri ki, Şamaxı rayonunda bir nəfəri güllələməkdə, bir nəfəri isə bıçaqla yaralamaqda təqsirləndirilən Nadir Surxayev və Samir Cəbrayılovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əhməd Quliyevin icraatına verilib.
Hadisə ötən il iyunun 7-də şamaxı rayon mərkəzinin Axundov küçəsində qeydə alınıb. Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimova isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi vurulub. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və əməliyyat olunub.
Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb.
Qeyd edək ki, Nadir Surxayev və Samir Cəbrayılov Şamaxı rayonunda kabusa çevrilən “AMPA” ləqəbli Əflatun Məcidovun yaxın qohumlarıdır.
Qeyd edək ki, Şamaxıda illərlə baş verən cinayətlərdə bu şəxsin adının hallanması təsadüfi deyil. Bir müddət öncə Yol Polisi əməkdaşına xəsarət yetirilməsi və rayon icra başçısına qarşı üsyan qaldırılması kimi hadisələrin “Ampa” ləqəbli Əflatun Məcidov tərəfindən həyata keçirildiyinə dəlillər var. Şamaxının sabiq icra başçısı Asif Məmmədovun rayonun girişində ucaltdığı zəhmətkeş simvoluluğu özündə əks etdirən abidənin uçurdulması “Ampa”-nın bu sayaq işlərindən biridir. Həmin illərdə (2013 – cü ildə) icra başçısına qarşı etiraz aksiyalarının başlanması da Məcidovların adı ilə bağlıdır.
İcra başçısının tapşırığı ilə rayonun girişinə qoyulmuş abidə “Ampa”-nın xoşuna gəlməmişdi. Bundan sonra əlaltılarına verdiyi avtobillə abidənin uçurulmasını tapşıran Əflatun Məcidov məqsədinə çatmışdı. Gecə ilə yük maşınını idarə edən şəxs maşını yoldan çıxardaraq abidəyə çırpmış və onun dağıdılmasına verilən tapşırığı icra etmişdi.
Şamaxıda öz qaydalarını tətbiq edən və hamını hədələməkdə davam edən “Ampa”-nın sosial şəbəkələrdə “oğru” və ya “vor zakon” kimi təbliğ edilir. İdmançı gəncləri ətrafına yığan Ədalət Məcidov illər keçdikcə onları cinayətə təhrik edir və nəticədə qüvvələrin onunla hesablaşmasını təmin edir. Rayonda “Ampa” – nın istəklərinə və qaydalarına qarşı çıxanlar ağır cəzalandırılır.
Maraqlıdır ki, Şamaxıda baş verən cinayət hadisələrinin mediada işıqlandırılmasından sonra “Ampa”nın qardaşı Tərtər rayon Polis şöbəsinin rəisi Rauf Məcidov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama göndərildi. Gözlənilirdi ki, Şamaxıda baş verən kriminal hadisələrlə bağlı hüquq-mühafizə orqanları ciddi tədbirlər görəcək və əsl səbəbkarlar cəzalandırılacaq. Təəssüf ki, gözləntilər özünü doğrultmadı. Baş verən kriminal hadisələr barədə araşdırmalar aparan Realliq.info saytının baş redaktoru İkram Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı və işdən çıxırılan Rauf Məcidov isə Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi təyin olundu.
Qeyd edək ki, Məcidov qardaşlarının Bakıda və Şamaxıda böyük biznesi var. Onlar bina tikintisi və digər bu kimi işlərlə tanınır. Belə ki, Şamaxı avtovağzalı, rayonda şadlıq sarayları, Pirquluda restoran və hotellər, Çuxuryurdda, Avaxlıda hektarlarla torpaq sahələri Əflatun Məcidovun şəxsi əmlakı hesab olunur. Bununla yanaşı Şamaxıda zavodu, 160 – a yaxın yük daşıyan maşını və özünün istifadəsində olan 20 – yə yaxın bahalı avtomobilinin olduğu bildirilir.
Şamaxı sakinlərindən saytımıza daxil olan məlumatlara görə, “Ampa” ləqəbli Əflatun Məcidov özünü rayonun sahibi kimi aparır və ona qarşı çıxanları kriminal qaydalarla cəzalandırır. Etdiyi bütün özbaşınalıları fonunda yüksək vəzifəli şəxslərin adlarını hallandırır. Hadisələrin gedişindən də məlum olur ki, böyük biznesə sahib Məcidov qardaşları adlarını hallandırdıqları məmurların himayəsinə sığınaraq qanunsuz əməllərindən əl çəkmirlər…(aztoday.az)
Orxan Abbasov