Hacı Qalib 3 dövlət qurumuna qarşı
Sabiq deputat dövlətə məxsus yola iri dəmir darvaza, avtomobil təkərlərinin hərəkətinə mane olmaq üçün xüsusi deşici-kəsici qurğu quraşdırıb
Yenixeber.org: Sabiq deputat Qalib Salahzadə Bakının Bilgəh qəsəbəsində 35 vətəndaşın yolunu kəsib. Azərbaycanın Baş Prokurorluğu, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti həmin yolun açılması üçün hərəkətə keçib. Yolun noyabrın 15-nə qədər açılması məsələsi gündəmdədir.
Sabiq deputat sənədlərlə dövlətə məxsus olması təsdiqlənən yola iri dəmir darvaza, avtomobil təkərlərinin hərəkətinə mane olmaq üçün xüsusi deşici-kəsici qurğu quraşdırıb və 35 vətəndaşı yolsuz-izsiz qoyub. Bilgəhdə hər kəs bu məsələnin nə ilə sonunclanacağını gözlədiyi bir vaxtda, Hacı Qalib Salahzadə darvazaya 2 əlavə qıfıl da asıb.
Bakı şəhər sakini Seymur Quliyev deyir ki, 7 ildir Hacı Q.Salahzadə onun yolunu bağlamaqla yanaşı yaxınlıqda yerləşən torpağını zəbt edib. Həmin torpağın üzərindəki 2 evini - 3 mərtəbəli və 2 mərtəbəli mülklərini yerlə bir edib, həyətindəki hovuzu, yaşıllıqları məhv edib. Məhkəmələr Hacı Qalibin hərəkətlərinin əsassızlığını ortaya qoyan qərarlar veriblər. Amma həmin qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün illərlə tədbirlər görülməyib.
Bu ilin mayında Baş Prokurorluqda məsələ araşdırılıb və cinayət işi başlanıb. İş materialları istintaq edilmək üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinə göndərilib. İstintaq zamanı müəyyən edilib ki, Hacı Qalib Salahzadə Seymur Quliyev, Nurid Əliyevlə yanaşı İntiqam Zakir oğlu Sultanovun torpaq sahəsini zəbt edib. Bu fakta görə Cinayət Məcəlləsinin 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddəsi ilə də cinayət işi başlanıb və digər işlə birləşdirilib.
Bundan əlavə, Seymur Quliyev və Bilgəh qəsəbə sakinləri Əliyev Nurid Məcid oğlu, Rəna Bayramova, Kamil Rəcəbov və digərlərinin kollektiv ərizə ilə Baş Prokurorluğa müraciət edib.
Yolu bağlanan vətəndaşlarının əlində Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubun surəti də var. Həmin məktubda deyilir ki, müraciətdən sonra apaılan araşdırmada faktlar təsdiqlənib, hasara alınmış gediş-gəliş yolunun açılması barədə rəsmi xəbərdarlıq edilib.
Seymur Quliyev deyir ki, Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlayaraq qanunsuz olaraq bağlamış yolun açılmasının təmin olunmasını həvalə edib. Bakı Şəhər İcra Hakimiyyətindən isə məktub ərazi üzrə Sabunçu İcra Hakimiyyətinə göndərilib.
Seymur Quliyevin sözlərinə görə, Baş Prokurorluqdan oktyabrın 15-də BŞİH-ə göndərilən məktubla bağlı hərəkətlilik hələ ki, yoxdur: “Dünən Bakı İcra Hakimiyyətinə zəng elədim. Dedilər ki, Baş Prokurorluqdan məktub daxil olub və Sabunçu İcra Hakimiyyətinə göndəriblər”. Şikayətçi deyir ki, icra hakimiyyətinin Hüquq şöbəsinin müdirinin ona cavabı belə olub: “Nemət müəllim deyir ki, bilmirsiz ki, Qalib kimdir, biz nə deyək, Qalibə deyək aç qapıları? Buldozer aparaq ora? Hüquqşünas dedi ki, qanunsuz tikilini sındıra bilmərik”.
Seymur Quliyevin sözlərinə görə, Sabunçu İcra Hakimiyyətinə sorğu verib ərazidəki “Şəbəkə” restoranının hansı sənədlərə əsasən fəaliyyət göstərməsi haqda məlumat verilməsini xahiş ediblər: “Hüquqşünasa dedim ki, Sabunçu İcra Hakimiyyəti, konkret olaraq hüquq şöbəsi cavab yazıb ki, orada restoran qanunsuz fəaliyyət göstərir. Bundan sonra hüquqşünas dedi ki, biz bir də rəhbərliyə müraciət edərik. Ona məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə gedəcəyimi dedim. Bildirdim ki, BŞİH yolun açılamsına birbaşa cavabdehdir, 1 ay ərzində baş Prokurorluqdan göndərilən məktubla bağlı icra olunmalıdır - yəni yol qeyd-şərtsiz açılmalıdır”.(müsavat)
E.HÜSEYNOV