“Sultan Elmara” qalmayan kreslo Vidadi İsayevə qalacaq? –prezidentə qandonduran faktlar…
Prezidentin Nazirlər Kabinetinin iclasında sonuncu çıxışı məmurlara növbəti xəbərdarlıq idi: qanunsuz ağac kəsimi, vətəndaşların incidilməsi, torpaqların satılması, sahibkarların sıxışdırılması, özbaşınalıq və s.
Yenixeber.org: Lakin bu çıxışlardan dərs götürməyənlər olur və onların aqibəti yaxşı qurtarmır. Baxmayaraq ki, zamanında dəfələrlə onlara eşitdirilir, media ictimai nəzarəti artırır.
Bu qulaqardılarla fəaliyyətini davam etdirən məmurların axırı ya vəzifədən qovulmaq olur, ya da barəsində cinayət işi açılmaq. Biri Elmar Vəliyevdirsə, biri də Qüdrət Şükürovdur. Hər ikisi urvatsız şəkildə yola salındılar.
Amma nəticə çıxarmayanlar, dərs götürməyənlər azalmır ki, azalmır. Onlardan biri elə medianın gündəmindən düşməyən, əməlləri ilə rayonu hər gün qarışdıran Bərdənin icra başçısı Vidadi İsayevdir. Onun adı elə qanunsuz iş yoxdur ki, hallanmasın.
Bu da prezidentin birbaşa masasına dosye şəklində getməkdədir. Dövlət başçısı özü bildirmişdi ki, bəzən hansısa nöqsanlardan, məmurların özbaşınalıqlarından mətbuat vasitəsi ilə xəbər tutur.
Reportyor.info-nun apardığı araşdırma zamanı internet resurslarında Vidadi İsayev haqda o qədər ittihamlar, informasiyalar meydana çıxdı ki, prezident onların bir neçəsi ilə tanış olarsa, ertəsi sərəncamını verərək vəzifəsindən azad edər.
Əslində, onun E.Vəliyevlə yaxınlığı, sabiq Gəncə şefi hesabına Bərdəyə rəhbər posta gətirilməsindən aydın olmalıydı ki, rayonu necə idarə edəcək.
Misal üçün, V.İsayev prezident İlham Əliyevdən fərqli olaraq, şəhid ailələrini, qaçqınları görən gözü yoxdur. O mənada ki, onları görmək, görüşmək istəmir, qapısına gələni qəbul eləmir, birinin dərdinə yanmır.
Xatırlayırsınızsa, şəhid xanımı Yasəmən İsmayılovanı qəbul etməmiş, qovmuş, məsələ ictimailəşəndən sonra evinə polis göndərib onu həbslə təhdid etmişdi. Yəni, bu tip adamdır.
İkincisi, Vidadi İsayev şəhərin mərkəzində əlini hara qoyursa, oranı səhər 150-200 minə imkanlı biznesmenlərə satır. Prezident son çıxışında bu məsələdən sərt danışmışdı.
Vidadi İsayevin əlindən bir qarış səki, torpaq, yaşıllıq qalmayacaq. İcra başçısı yaşıllıqları iş adamlarına satır, tikintiyə qurban verir, heç kəs də ona qarışa bilmir.
Hətta Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzeti də Bərdədə yaşıl terrordan yazmışdı, deputat Bəxtiyar Sadıqov Vidadi İsayevi tənqid etmişdi. Amma nə deputatın çıxışı, nə parlamentin qəzetinin tənqidləri, nə də prezidentin son mesajları Vidadi İsayevə dərs olub.
Digər bir qanunsuzluq faktı ondan ibarətdir ki, sahibkarların əksəriyyətinin obyektlərinin qarşısı çəpərlənib, divar hörülüb. İş adamları “qan ağlayır”lar.
İcra başçısından dad edən sahibkarların səsinə səs verən yoxdur. Hərçənd ki, prezident son çıxışında iş adamlarına müdaxilələrin yolverilməz olduğunu bir daha xatırlatmışdı.
Amma Vidadi İsayev dükanların qarşısını hasarladıb, hansı mağaza sahibi 3-5 min manat verirsə, çəpər sökülür.Çoxu da bu pulu verə bilməyib deyə obyektlər hasarların arxasında “gizlənib”.
Nəticədə zərər də dükan sahibinə dəyir, müştəri az gəlir, rayonda ticarət, iqtisadiyyat inkişaf eləmir. Vidadi İsayevi isə 5 min manatlar maraqlandırır, prezidentin sahibkarlığa dəstək siyasəti yox!
Əlbəttə, bu özbaşınalıqlar, rayonu “cəngəllik qanunları” ilə idarə eləmək həm də varlanmağa səbəb olur. V.İsayev regionda özünü cah-cəlallı padşahlar kimi aparır. Ona elə gəlir ki. bu vəzifə əbədidir. Amma “sultan Elmar Vəliyevə” qalmayan dünya, V.İsayevə hardan qalacaq?!
Amma həyatın bu fəlsəfəsini kresloda ikən anlamayan icra başçısı “qaz vurub qazan doldurur”. Vidadi İsayev bu illər ərzində dövlət büdcəsinin sosial-iqtisadi inkişafa, abadlıq-quruculuğa ayrılmış vəsaitlərini havaya sovurub, tar-mar edib. Bu pullara Mixaylovka, Hacıkənd, Bərdə, Bakı və başqa yerlərdə özünə bağ evləri, imarətlər, saraylar ucaldıb.
Amma sahibkar əziyyət çəksin, 5 min verib hasarı sökdürsün, şəhid ailəsi komada yaşasın, qəbuluna düşə bilməsin, Vidadi İsayev isə həmin villalarda kef çəksin, lüks həyatını yaşasın…
Onun Bərdədə balıq gölləri, vətəgələri, çay evləri, saysız-hesabsız obyektləri fəaliyyət göstərir. Bu da azmış kimi, Yevlax Arxiv İdarəsinin rəhbəri olan xanımına Bərdədə idarəyə aid xidməti avtomobili bağışlayıb.
Bütün bu faktlar mətbuatda geniş təqdim olunub və kuratorların prezidentə arayış şəklində təqdim edəcəyini Bərdə ictimaiyyəti səbirsizliklə gözləyir. Az əvvəl Bərdə ziyalılarının da prezidentə V.İsayev zülmündən məktubu yayımlanmışdı.
Ən gülməli və rüsvayçı faktlardan biri də Zümürxan icra nümayəndəsi Elxan Bəşirovun başına gələnlərdi. Zümürxan icra nümayəndəsi Elxan Bəşirov300 manat qanunsuz pul tələbi ilə üzbəüz qalıb. Ondan bu pulu o zaman V.İsayevin “kassiri”, “sağ əli” olan şöbə müdiri Zaur Bəylərov istəyib. Bəylərov hər ay icra nümayəndələrini soyurdu.
E.Bəşirov həyat yoldaşının xəstə olduğunu, iynə-dərmana pul xərclədiyini bildirib və Zaurun tələbini rədd edib. Zaur xəstəsi olmağını nəzərə almayıb, kobud danışıb, onu hədələyib ki, pulu gətirməsən, işdən qovulacaqsan. İcra nümayəndəsi isə öz növbəsində onun səsini yazıb. Bir qədər sonra Vidadi İsayevinəmri ilə Elxan Bəşirov işdən azad olunub, yəni rəsmən repressiya olunub.
O da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət göndərib, səs yazısını təqdim edib. Bu təqdimatdan sonra aparılan araşdırma nəticəsində, Prezident Administrasiyasından təkid və tələbi ilə Vidadi İsayev “sağ əli” olan Zaur Bəylərovu işdən çıxarmağa, Elxan Bəşirovu isə vəzifəsinə qaytarmağa məcbur qalıb.
Amma onun əməlləri dayanmadan həyata keçməkdədir. Z.Bəylərov yoxdursa, başqaları var. V.İsayevin komandasında elə kadrlar var ki, mətbuatda oxuyanda adamın tükləri biz-biz olur.
Rayon icra hakimiyyətinin ümumi şöbə müdiri İsmayılov İsgəndər. Ləqəbi “xalq artisti”. Kimdir bu İsgəndər?! Bir hadisə baş verəndə başına döyərək yarınmağa çalışır və buna nail olur. V.İsayevin Tərtərdə “parladığı” dövrdə taksi sürücüsü işləmiş İsgəndər Bərdə rayonunda İcra hakimiyyətinə gətirilir və o, icra hamimiyyətinin mühafizəçiləri tərəfindən rayonma tanıdılır – bəzi əməllərinə görə…
Bərdə rayon İcra Hakimiyyətinin Başçısının müavini, eyni zamanda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya. Ləqəbi “Başçının kassiri”. Kimdir bu Fəqət xanım?! Ailəlikcə müsavatcı. 2006-cı ildə xoş bir təsadüf nəticəsində Bərdənin sabiq İcra başçısı İ.Ağayev onu öz yanına gətirir.
Amma İ.Ağayev onun yüksək “elmi idarəetmə potensialı”ndan istifadə etmirdi. Lakin İsayev Vidadi başçı təyin olunduqdan sonra Fəqət Şadlinskayaya böyük səlahiyyət verir. O, çiyin-çiyinə rayonu idarə etməyə başlayır.
“Günəş” ləqəbli V.İsayevinn sağ əli, bacanağı Mahmud bəy də var. Bərdəni talayan, pulunu sovuran, Bərdəyə milyonlarla ziyan vuran, bərdəli kadrların yandırılmasında ən yaxın köməkçi olub. Bərdənin qonaq evini zəbt edib, dəbdəbəli həyat yaşayır.
Onun şəxsi aşbazı, mühafizəçiləri var. 2013-cü ildə Prezident seçkilərində təxribatla məşğul olub. Əqidələri eyni olduğu üçun QTO ilə dostluq edir. QTO təmtaraqlı həyat yaşatmaq üçün qonaq evində ona hər cür imkanlar yaradır. Bərdədə heç bir vəzifə tutmayan Mahmud Bərdədə YAP-çıların kökünü kəsəcəyinə and içdiyini dəfələrlə dilinə gətirib.
Hüquq şöbəsinin müdiri Mürsəl müəllim. Tərtər rayonundandır. İsgəndəri Tərtərə aparıb gətirən şəxs. Bərdə texnikomunun direktoru Xaləddin Ələkbərov. Ləqəbi “Xəbərçi”. Xaləddin, hələ direktor müavini işlədiyi dövrdə İsayevlı görüşür, texnikomda gedən bütün prosesləri ona satır və direktorun yanmasına nail olur.
ƏSMM-nin direktoru Raquf Məmtiyev. Ləqəbi “Çox bilmiş”. Hələ Yevlax DSMF-da baş mühasib işlədiyi dövrdə saxtakarlığına görə qovulan, lakin himayədarlarının köməyi nəticəsində Bərdə DSMF-na arxivçi gələn, elə o vaxtdan da dişini Bərdəyə qıcayan R.Məmtiyev bir neçə rayon dolaşdıqdan sonra istədiyinə nail olur, DSMF-na müdir təyin edilir. O, dövlətin milyonlarla pulunu talayır və günəşi məmnun edir.
V.İsayevin hərəkətlərinə dözə bilməyən Təhsil şöbəsinin müdiri Rahilə İsmayılovanın acı taleyi də qeyd olunmalıdır. Beyninə qan sızması nəticəsində dünyasını dəyişir.
Mədəniyyət şöbəsinin müdiri Soltan Həsənov. Bütün məmurların iştirak etdiyi tədbirdə o, İsayevin iç üzünü açır və onunla işləyə bilməyəcəyini deyərək ərizə verir, işdən azad edilir.
Yandırılan kadrlardan F.Baxşəliyev, V.İsmayılov, Ə.Sadıqov, İ.Zeynalov və onlarla belə kadrlar 20 ildən çox dövlətə xidmət etmiş şəxslərdir. Çox təəssüflər olsun ki, bu insanların heç birindən soruşulmadı ki, niyə yandın? Sədaqətli olan bərdəli kadrlar yanıb kül olurlar və onların yerinə digər rayonlardan kadrlar gətirilib. Bu qədər…prezident və xalqın əleyihən görülən işlərdə Vidadi İsayevin xüsusi imzası var.
Etirazı varsa, onun mövqeyini dərc edə bilərik.(xeberfakt)