qandonduran faktlar, ürəkparçalayan şikayətlər...
Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi rəhbərliyində dəyişiklik ediləndə 1 milyon köçkün bu gedişata nicatla baxırdı...

Yenixeber.org:
 Əli Həsənovun yerinə Rövşən Rzayevin sədr təyinatı bu ümidləri dəfn etməkdədir. 


Əli Həsənovun vaxtında olmayan kuryozlar.....

Halbuki, prezidentin sərəncamı ilə təyin olunan R.Rzayevin bioqrafiyası və fəaliyyəti belə mülahizələrə səbəb olmuşdu ki, komitənin yeni sədri islahatçıdır, diqqətcildir, işləyəndir. Axı prezident də belə tələb edir: xalqla işləyin, mənə şikayət gəlməsin. Haqlıdır!

Yəni, R.Rzayevin Ə.Həsənovun dövründən daha fərqli, daha pozitiv bir iş planı olacağı, 1 milyon qaçqının problemlərinə həssaslıqla yanaşacağı gözləntiləri vardı.

İlk günlərdə ürəkaçan proseslər getməkdəydi: strukturlarda kadr dəyişiklikləri, müraciətlərə operativ reaksiyalar, yataqxanalarda məskunlaşan köçkünlərlə görüşlər...

Bəs sonra? Sonrası isə türklər demiş, palavra! Məlum oldu ki, R.Rzayev komitə sədri vəzifəsində heç də köklü yeniliklər etmək niyyətində deyilmiş.

Elə bu üzdən şikayətlərin sayı – hesabı yox, sosial şəbəkələr müraciətlərdən dolub – daşır, Ə.Həsənov zamanında heç vaxt olmadığı kuryoz hadisə, yəni “Qaçqınkom” binasında intihara cəhd və s. ilaxır.

Belə desək, keçmiş sədrin 20 il ərzində edə bilmədiklərini yeni komitə rəhbəri son aylarda artıqlaması ilə həyata keçirdi, hamının matı – qutu qurudu. Biz faktlara az sonra keçəcəyik. 

Öncəliklə, onu da demək lazımdır ki, R.Rzayevin ətrafındakı etimad göstərdiyi komanda da “az aşın duzu deyil” və əslində, onların buqələmun işləri ucbatından komitəylə köçkünlər toqquşurlar.

Departament rəisi pul verməyən qaçqını tutdurdu

Beləliklə, başlayırıq dövlətin Bərdədə köçkünlər üçün saldığı 866 saylı qəsəbədə yaşayan məcburi köçkün,sahə nəzarətçisi Firdovsi Cəfərovdan. Bəli, artıq F.Cəfərov həbs edilib. 


(Həbs olunan Firdovsi Cəfərovun son video müraciəti)

Ona görə ki, “Qaçqınkom”un İstismar Departamentinin yeni rəisi Rasim Tağızadənin istədiyi pulu verməyib və şikayətini ictimailəşdirib. 

Bundan sonra dövlət vəsaitini mənimsəmə ittihamı ilə tutulub.

Onun video çıxışına görə, keçmiş komitə sədri Əli Həsənov və departament rəisi Pənah müəllimin köməyi ilə işə düzəlib: “Əli müəllimin, Pənah müəllimin bizə həmişə qayğısı olub. 

Pənah müəllimin yerinə Rasim Tağızadə təyin olunub. Onu tanımırdım. Günün birində Bakıya çağırdı. Qabağıma bir siyahı qoydu. 

Özü heç nə demədi, siyahıdakı adımı göstərdi. Mən başa düşdüm ki, pul tələb edir. Adıma 3000 manat yazılmışdı. İşdə qalmağım üçün bu pulu istəyirdi. Dedi ki, bəs siz niyə ağlayırsınız? Odurhey, Dilqəmlə Şahbaz kabab çəkirlər. 

Mən onda anladım ki, bu adam məcburi köçkün deyil, onların nə çəkdiyini bilmir. Bilmir ki, köçkünlər prezidentin ailəsidir, onun ən yaxın köməkçiləridir. Amma Rasim Tağızadə bizi aşağıladı. Dedi get, heç kəsin mənə gücü çatmaz”. 

F.Cəfərov pulu vermədiyi üçün Mənzil İstismar Sahəsində sahə nəzarətçisi işindən qanunsuz olaraq çıxarılıb: 

“Mən dəfələrlə prezidentə yazmışam ki, Rasim müəllim bizi təhdid edir, həbslə qorxudur. Onu məhkəməyə vermişəm. Qanunsuz işdən çıxardığına görə məsələ məhkəmədə araşdırılacaq. Biz prezidentə inanırıq”.

Şikayətçi video müraciətində demişdi ki, Rasim Tağızadə müxalifətçilərlə əlaqəlidir: “Müsavatçıların içində bildirdi ki, biz boş büdcəyə gəlmişik. 

Məndən prokurorluğa şikayət edib ki, həbs etsinlər. Məni niyə tutsunlar? Ailəm, xəstəm, körpəm var. İstədiyini ala bilməyib deyə məni işdən qanunsuz azad edib.

Rasim Tağızadə Rövşən müəllimi aldadır, onun bu işlərdən xəbəri yoxdur. Mən Rövşən müəllimdən narazı deyiləm, bizi incidən Rasimdir”. Bundan sonra F.Cəfərov dövlət vəaitini mənimsəmə adı ilə həbs edilib.

Bu həbs onu göstərir ki, Ə.Həsənovun 20 ildə etmədiyini R.Rzayevin dövründə reallaşdırıblar. Hətta dəfələrlə Ə.Həsənova ağır ittihamlar irəli sürülüb, sərt tənqidlər yağdırılıb.

Amma şikayətçiləri çağırıb, problemi həll edib, həbsə göndərməyib. Məsələn, köçkün jurnalist, şəhid qardaşı olan Xəyyam Salmanzadə Ə.Həsənova sərt tənqidlər yazırdı.



Lakin sabiq komitə sədri onu qəbul etmişdi, şikayətini dinləyib həll etmişdi.R.Rzayevin kadrı isə şikayətçini həbsə göndərir. Bu da az deyil.

İntihara cəhd etmiş daha bir köçkünü həbs təhlükəsi gözləyir.

Dəhşət: intihara qalxan köçkün də həbslə hədələnir

Belə ki, Füzuli rayonundan məcburi köçkün Novruzzadə Natiq Nadir oğlu mənzil problemi ilə bağlı avqustun 13-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasında intihara cəhd edib.



Onu fikrindən daşındırıblar və bir ailənin faciəsinin qarşısı alınıb, komitə sədri R.Rzayev tərəfindən qəbul olunub, problemi dinlənilib.

Komitə rəhbərinin bu addımından sonra R.Rzayevin fəaliyyətinə zidd gedərək qurumun mətbuat xidməti hədə dolu məlumat yayıb.

Vətəndaşın qəbul edilməsi, dinlənməsi hara, onun həbslə təhdid edilməsi hara. Komitənin mətbuat xidməti məlumat yayıb ki, Novruzzadə Natiq Nadir oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən 1 nömrəli yataqxanada müvəqqəti məskunlaşıb:

“Yataqxanadakı 112 otaqdan 58-də mülkiyyət hüququ ilə yerli sakinlər, 54-də məcburi köçkünlər yaşayıb. Bina qəzalı vəziyyətdə olduğundan sakinlərin buradan köçürülməsi üçün tədbirlər görülüb. 

Yerli sakinlər və məcburi köçkün ailələrdən 26-sı kompensasiya alaraq bu ilin mart ayının 16-17-də yataqxanadan köçüb. 

Yataqxanada faktiki yaşamadıqları müvafiq dövlət orqanları tərəfindən təsbit edilmiş 27 məcburi köçkün ailəsinə isə həmin vaxt kompensasiya ödənilməyib. Bu ailələr həmin vaxtdan müxtəlif dövlət və hökumət orqanlarına müraciətlər edirlər.

Son vaxtlar onlar bir neçə dəfə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olublar. Avqustun 13-də də komitə sədri Rövşən Rzayev bu şəxslərlə görüşüb, müraciətlərini dinləyib. 

Görüş qurtardıqdan sonra Novruzzadə Natiq Nadir oğlu komitənin binasını tərk etməyərək, üçüncü mərtəbədə hay-küy salıb, nalayiq hərəkətlərə əl atdıqdan sonra dəhlizin pəncərəsini sındıraraq, ətrafdakıların diqqətini cəlb etməklə intihara cəhd təəssüratı yaradıb.

Komitə sədri dərhal hadisə yerinə gələrək Novruzzadə Natiq Nadir oğlunu sakitləşdirməyə, onu qeyri-qanuni hərəkətlərdən çəkindirməyə çalışıb. Məhz Rövşən Rzayevin səyi və səmimi ünsiyyəti nəticəsində Novruzzadə Natiq Nadir oğlu sakitləşib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım çağırılıb.

Baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonunun hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Vətəndaş Novruzzadə Natiq Nadir oğlunun hərəkətlərinə lazımi hüquqi qiymət veriləcəkdir”.



Əgər komitə sədri qəbul edibsə, vətəndaş niyə intihara qalxsın, qalxıbsa da, kefindən canına qəsd etmək istəməyib. 

İkincisi, intihara cəhd etmiş qaçqın barəsində hansı hüquqi qiymət verilə bilər? Bu yurdundan didərgin düşmüş vətəndaşın həbsxana ilə təhdid olunması deyilmi? Mətbuat xidməti niyə cənab R.Rzayevə qarşı şantaj və təxribat siyasəti yürüdür?!

Qaçqın narazıdır, dərdi var, ona kömək etmək lazımdır, necə ki prezident tərəfindən köçkünlərə qayğı və diqqət var. 

Amma prezidentin doğum gününü köçkünlərlə keçirməsi, mənzil şəraitini yaxşılaşdırmaq üçün maliyyə ayırması bir yana qalıb, dövlət başçısının ən çox həssaslıq götərdiyi qaçqınlardan kimsə şikayət edəndə komitənin mətbuat xidməti hüquqi qiymət ifadəsi işlədərək təhdid edir. 

“Qaçqınkom” nümayəndəsi Tərtərdə rüşvət alıb, evləri verib

“Qaçqınkom”dan şikayət edənlər bununla bitmir. Tərtərin Bəyimsarov kəndinin xəstəxana binasında məskunlaşan bir neçə məcburi köçkün ailələri onlara yeni salınan qəsəbədə ev verilmədiyini deyirlər.

BBC News Azərbaycancaya danışan Kəlbəcər rayonundan məcburi köçkünlər - Vaqif Əliyev və Hüseyn Əhmədov bildirirlər ki, Tərtər rayonunda məcburi köçkünlər üçün tikilmiş binaya onlarla əvvəllər birgə yaşamış ona yaxın ailə köçürülüb, amma “onlar üçün yer ayrılmayıb.

Onlar qeyd edirlər ki, 1993-cü ildən bəri Tərtər rayonu Bəyimsarov kəndinin xəstəxanasında məskunlaşıblar.

“Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi ev verməkdən imtina etdi, səbəb araşdırılacaq dedi, amma bir evdən üç ailəni və yerli adamları müxtəlif vaxtlarda rüşvət alaraq köçürüblər”, Vaqif Əliyev belə deyib.

Hazırda xəstəxana binasında dörd ailənin yaşadığını deyən Hüseyn Əhmədov isə bildirib ki, “bizim qazımız, işığımız yoxdur, 1993-cü ildən indiyə kimi Bəyimsarov kəndində yaşayırıq. Dəfələrlə Tərtər Rayon İcra Hakimiyyətinə, aidiyyatı qurumlara müraciət edilsə də cavab gəlməyib”.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Abbas Cavadov bildirib ki, şikayətçilərin işıq “problemi olmayacaq”.

“Biz ümid edirdik ki, komissiya onlara ev verəcək. Ev vermədilər ki, guya başqa yerdə evləri var, amma mən dəqiq bilə bilmərəm. Onlara ev verilmədi”, Abbas Cavadov belə deyib.

İcra Hakimiyyəti başçısının müavini onu da əlavə edib ki, məcburi köçkünlər yaşayan yerdə heç vaxt qaz olmayıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmisi BBC News Azərbaycancaya müsahibəsində rüşvət ittihamlarını “əsassız” adlandırıb və şikayətçi ailələrin köçürüləcəyini deyib.

“Bu iddialar tamamiylə əsassızdır. …belə hallar ola bilməz. Əgər şikayətçinin əlində əsası varsa hüquq-mühafizə orqanlarına müraciət edə bilər”, Komitənin sözçüsü İbrahim Mirzəyev qeyd edib.

Teymur Kərimov:“Sərin kabinetlərindən çıxmırlar”

Jurnalist Teymur Kərimov feysbuk hesabında yazıb ki, bu məsələ ilə bağlı görüşlər keçirib: 



“Hörmətli dostlar bildiyiniz kimi bir neçə gündür ki məcburi köçkünlər komitəsində baş verən konkret olaraq Tərtərdə evlərin satılması ilə bağlı görüşdüm.

Görüşdən belə aydın oldu ki,onlar o sərin kabinetlərindən çıxıb bu məsələni araşdırmaq iqtidarında deyil, görüş yenə davam edəcək. 

Ümid edirəm ki,nəsə müsbət dəyişiklik olar, yataqxanlarda qalan yetim yesirlər evlə təmin olunar, evi olan məcburi köçkünlərin isə evləri əlindən alınar”.

T.Kərimov bundan əvvəl isə kiçik övladının məcburi köçkün kimi tanınmaması ilə bağlı komitəyə müraciət etmişdi və onu qəbul etməmişdilər.

Bayram Hacıyev: “Komissiya üzvləri dərhal istefa verməlidir”

Elə düşünürsünüz ki, bu şikayətlər sondur? Yox. Ardına baxaq. Şikayətçi Bayram Hacıyev feysbukda yazır ki, dövlət rəhbərliyi köçünlərə hər zaman dəstək olub: 



“Amma cənab sədr,”Qaçqınkom”un fəaliyyətində ciddi problemlər var. Belə ki, məcburi köçkünlərin Qobu parka yerləşdirilməsində ciddi səhvə yol verilib. 

Komissiya üzvləri dərhal istefa verməli, apardıqları köçürülməyə cavab verməlidirlər. Cənab sədr, məni qəbul etməyinizi və dinləməyinizi xahiş edirəm”.

Xəyyam Salmanzadə: “Rasim Tağızadənin adamları məni ölümlə təhdid ediblər”

Ən nəhayət, şəhid ailəsi olan məcburi köçkün Xəyyam Salmanzadə "Qaçqınkom"un sədri Rövşən Rzayevə növbəti dəfə müraciət edərək, sərt ittihamlar səsləndirmişdi.

Onun sözlərinə görə, komitə sədrinə özbaşınalıqlar barədə məlumat vermişdi. Amma heç bir reaksiya bildirmədi: “Mən İstismar Departamentinin rəisi Rasim Tağızadənin əməllərindən danışmışdım. 



Məsələn, Ağcabədinin mənzil departamenti direktoru Nazim Aslanov Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə dələduzluq, rüşvətxorluq əməlləri sübut olunmuşdu. 

Amma Rasim Tağızadə bu məktubu Rövşən Rzayevdən gizlədilib yüksək vəzifəyə göndərilib. Amma demə yanılmışam. Rzayevin bundan xəbəri olub. 

Bu ilin aprelində olan məhkəmə qərarına baxmadan, Rasim Tağızadə Abşeron mənzil departamentinə Nazim Aslanovu təyin edib. O isə gözdən əlil qadını aldadıb. 

Bundan başqa, Milli Şuranın mitinqlərinə gedən, 4 ay işə getməyən şəxsi işə qaytarıb. “Qaçqınkom” köçkünlər üçün ümid yeridir. Amma Rövşən Rzayev, Rasim Tağızadə bu komitəni şəxsi nazirliyə çeviriblər, MTN, Nəqliyyat nazirliyi gününə salıblar.

Mənim çıxışlarımdan sonra feysbukda Rasim Tağızadənin adamları məni ölümlə təhdid ediblər, hədələyiblər”. 

Şəhid qardaşı: “Mən şəhid verəndə Rasim Tağızadə harda idi?” 

X.Salmanzadə video müraciətində bildirib ki, Şabranda MİS rəisi Məhəmməd Məmmədov komitə sədrinin dostudur:“Onu işdən əsassız olaraq azad ediblər. 

Məlum olub ki, R.Tağızadə üç maşın korteclə Şabrana gedib. Bunu Məmmədova yaxın şəxslərdən mənə deyiblər. Tağızadə görüb ki, rəis işdə yoxdur. 

Ordan köçkünlərin olduğu qəsəbəyə gedib, M.Məmmədovun həyat yoldaşı qəsəbədə küçə təmizləyirmiş, onun yanında ərini təhqir ediblər, işdən çıxarıblar, kişini yaraşmaz şəkildə xamınının yanında alçaldıblar. 

Sadəcə, işdən çıxarmaqlarına səbəb iş yerində olmağı deyil, Tağızadənin maraqlarına cavab verməməsi olub”.

Məcburi köçkün onu da deyib ki, Tərtərdə köçkünlərə aid qəsəbədə mağaza tikdirməyə yer istəmişəm: “Amma məndən başqa 5 adama verilib, mənə verilməyib.

Niyə vermirsən? Kimən ki verməyəsən? Sənin şəxsi mülkündür? Mən şəhid verəndə sən harda idin? 

Sən vergidə işləyəndə Eldar Mahmudova pul daşıyanda oturduğun kreslodakı adamlarla mübarizə aparmışam. Mən 40 manat pulla necə dolanım? Ailə üzvlərim xəstədir, niyə sahibkarlıqla məşğul olmamalıyam? 

Niyə köçkünlərin əsəbləri ilə oynayırsız? Biz çadırlarda yaşamışıq, valideynsiz böyümüşük, ümummilli lider yasımızda, toyumuzda iştirak edib.

Niyə bizi dövlətdən narazı salırsız? Hər yoldan keçəni vəzifəyə qoyanda belə olur”.

“Cənab Rövşən Rzayev, sizə zərbə vuranları uzaqlaşdırın”

X.Salmanzadə əlavə edib ki, R.Rzayev onu qəbul etmir və sual edir ki, müraciətlərinə cavab vermək bu qədərmi çətindir: 

“Rasim Tağızadə Tərtər və Ağdamın məcburi köçkünlər üçün olan Mənzil İstismar Sahələrini ləğv edib, inzibati binaların avadanlıqlarını, texnikasını, maşınlarını Goranboyla Füzuli istiqamətinə aparıb. 

Niyə Goranboydan Ağdama zibil maşını gəlməlidir? Bu yeyintidir və Rasim Tağızadə Rövşən Rzayevə pilik etməklə məşğuldur. Necə ki, Akif Çovdarov camaatın “qanını içməklə” Eldar Mahmudovun axırına çıxdı.

Mən bir daha cənab Rövşən Rzayevdən xahiş edirəm mənim müraciətlərimə münasibət bildirin, məni qəbul edin və inanıram ki, Rasim Tağızadə kimi sizə zərbə vuranları uzaqlaşdıracaqsız, Tərtərdə həmin 5 nəfərə verilən mağazaların olduğu ərazidə mənə də yer ayıracaqsınız. 
Təşəkkür edirəm”.(palitika.az)