Bərdə İcra Hakimiyyəti pambıqçıların
Bərdənin Nazırlı və Qaratəpə kəndlərində pambıqçılar yenə zəhərləndi

"Onlara sistem qoşuldu, tibbi yardım göstərildi"


Yenixeber.org: Bir müddət əvvəl Bərdənin Mollalı kəndindəki pambıqçıların zəhərlənməsindən sonra dünən, yəni iyunun 22- də yenidən rayonun Qaratəpə və Nazırlı kənd sakinləri arasında kütləvi zəhərlənmə fakt qeydə alınıb. Maraqlıdı ki, zəhərlənmə faktını icra hakimiyyəti orqanlarında gizlətməyə çalışırlar. Mollalı kəndindəki kütləvi zəhərlənmədən Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılan pambıqçılara tibbi yardım göstərilməsinə aydınlıq gətirən rəsmi şəxslər zəhərlənmə faktını inkar edərək, zəhmətkeşlərin səhhətində yaranan problemi günvurma ilə əlaqələndiriblər. Bərdə rayon Mərkəzi Xəstəxanasında xəstələrə günvurma diaqnozu qoyulub.

Bərdə RİH başçısının Nazırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz Əlizadə pambıqçıların zəhərlənməsi barədə faktı inkar edib. "Hal-hazırda mən pambıq suvarıram. Heç nədən xəbərim yoxdur. Belə bir halın baş verməsi barədə məndən soruşdular.

Bələdiyyə sədrinə zəng elədim. Dedi ki, belə bir məsələ yoxdur. Deyilənlər yalandır, şayiədir. Heç kim zəhərlənməyib." - belə deyib Pərviz Əlizadə.

Nazırlı kənd bələdiyyəsinin sədri Hikmət Əliyevlə söhbət zamanı məlum oldu ki, pambıqçıların zəhərlənməsi xəbəri doğrudu."Bizim ərazidə deyil, Məmmədli kəndinin ərazisində yüngülvari olub.İşçilər bizim kəndəndir. İlham adlı şəxs maşını ilə işə gedən alaqçıları sahəyə aparıb . Pambıqçılar sahəyə daxil olandan sonra özlərini narahat hiss eləməyə başlayıblar. Onların sayı 15-16 nəfərdir. Təcili yardım maşınları ilə Rayon Mərkəzi Xəstəxanasının həkimləri kəndə gələrək xəstələrə ilkin yardım göstəriblər. Hazırda hamısının vəziyyəti yaxşıdır" - deyə bələdiyyə sədri vurğulayıb.

Digər Qaratəpə kənd Bələdiyyəsinin sədri Natiq İsmayılov da həmkəndliləri ilə bağlı məlumatın doğruluğunu təsdiqləyib. " Kənd sakinləri briqada şəklində müxtəlif pambıqçılıq sahələrində becərmə həyata keçirirlər. Səhər- səhər çörək yemədən Məmmədli kəndinə işə gedibdilər. Sahəyə daxil olan kimi onların bir neçəsində öyümə-qusma halı baş verib. Dərhal kəndə qayıdıblar. Ayran verdik, çörək yedilər , yaxşılaşdılar."- Natiq İsmayılov belə deyib.

Zərərçəkən işçilərdən birinin həyat yoldaşı Səyavuş bəy də olanlara belə aydınlıq gətirdi. Bildirdi ki, həyat yoldaşı və onunla işləməyə gedənlər pambığa səpilən perepatarlardan zəhərlənməyiblər. Onlar havanın istiliyinə tab gətirməyiblər. Bəzi imuniteti zəif olanlar özlərini pis hiss ediblər." Dünən də bu adamlar Məmmədli kəndində həmin sahədə işləyiblər. Heç bir şikayətləri olmayıb. Bu gün isə bu hal yaşanıb. Ona görə də elə bilirəm ki, zəhərlənmə ilə bu hadisənin əlaqəsi yoxdur" - deyə qeyd edib Səyavuş bəy.

"İşə gedən 18 nəfərdən beş-altı nəfərdə belə hal müşahidə edilib. Təcili yardım çağırdıq, gəldilər. Eyni zaman da həyat yoldaşım da tibb işçisidir. Onlara da sistem qoşuldu, tibbi yardım göstərildi, yaxşı oldular. Hamısının vəziyyəti qənaətbəxş , kafidir" deyə vurğulayır Səyavuş bəy.

Görünən odur ki, zəhərlənmə faktını ört- basdır eləməyə çalışırlar. Kütləvi halsızlıq, öyümə-qusma halları baş verir, təcili yardım vasitəsilə zərərçəkənlərə tibbi yardım göstərilir, bütün bunlardan sonra zəhərlənmə faktı inkar edilir. (miq.az)