Qadınlara təzyiqə son qoyulmalıdır:PROBLEM
Yenixeber.org: Dünya səviyyəsində müxtəlif qlobal problemlər olsa da, hələ də həll edilməmiş məsələlərdən biri də qadın hüquqlarıdır. Bu gün dünyada yaşayan qadınların əksəriyyəti təzyiq altındadır. Bu təzyiq, demək olar ki, bütün dünyadakı qadınlara təsir edir, bura ən inkişaf etmiş Qərb dünyası və hətta Amerika belə daxildir. Avropada 42 min qadınla bağlı aparılan bir araşdırma göstərir ki, hər üç qadından biri 15 yaşından sonra bir dəfə də olsa, cinsi hücuma məruz qalır.1 Avropa ilə bağlı olan bu statistika belə qadınlara necə təzyiq göstərildiyinin və onların hüquqlarının necə pozulduğunun bariz nümunəsidir. Bundan başqa, statistikalara görə ABŞ-da beş qadından biri həyatında bir dəfə də olsa, cinsi təcavüzə məruz qalıb. Demokratiyanın beşiyi sayılan ABŞ-da belə qadınlar bir çox sahədə kişilərin təzyiqi altında yaşamaq məcuriyyətində qalırlar.
Əgər Avropa və Amerikada qadınlara münasibət belədirsə, bəs digər cəmiyyətlərdə qadınların vəziyyəti necədir? Xristian, buddist, ateist, liberal, mühafizəkar, kapitalist, kommunist, hətta xurafat inanclara görə müsəlman cəmiyyətlərində də kişilər qadınlar üzərində hökmranlıq qurmuşlar. Bir çox qadın rahat paltar geyinib çölə çıxa bilmir, hətta qapalı geyinsələr belə mütləq kişilərin şifahi təcavüzünə məruz qalırlar. Əksər qadınlar öz həyatları haqqında söz sahibi deyillər, onların davranışı, həyatları, təhsilləri, düşüncələri, geyimləri ətrafdakı insanlar tərəfindən nəzarət edilir. Qadınlara bir çox yerdə insan kimi deyil, yarım-insan kimi baxılır, buna görə bir çox kişilər qadınlara qarşı özlərində elə haqq tapa bilirlər. Milyonlarla qadın öz həyatlarını yaşaya və öz istəklərinə uyğun davrana bilmir, bunun əvəzinə atalarına, qardaşlarına, həyat yoldaşlarına, oğullarına, müdirlərinə uyğun davranıb onların məsuliyyətini öz üzərinə almalıdırlar.
Allah qadınları dünyanın bəzəyi kimi yaradıb, quşlar, çiçəklər necə gözəl və bəzəklidirsə, qadınlar da onlar kimi çox gözəl, incə, zərif, mədəni, sevgi dolu varlıqlardır. Qadınlar çox ağıllı, nə geyinəcəklərini və nə danışacaqlarını çox yaxşı bilən insanlardır. Allah kişiləri fiziki olaraq güclü yaradıbsa, kişinin birinci vəzifəsi qadınların şəxsiyyətini və azadlığını qorumaq olmalıdır, nəinki sahib olduğu fiziki üstünlüyə görə qadınların üzərində haqq sahibi olmaq. Bu, Allahın bizə Quranda bildirdiyi həqiqətdir. Allah Quranda aşağıdakı ayədə qadın və kişi bərabərliyinə diqqət çəkir:
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar (insanlara) yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir (Tovbə surəsi, 71).
Bir cəmiyyətdə qadının xoşbəxt olması o cəmiyyətin xoşbəxtliyi deməkdir. Əgər qadın müstəqil deyilsə, o cəmiyyət də müstəqil deyil. Ümid edirik ki, qadınların əsrlərdir ki, azadlıq və xoşbəxtlik uğrunda apardığı mübarizə bu əsrdə qalib gələcək. İnşaAllah, qadınlar rahat və istədikləri kimi paltar geyinəcəklər, istədikləri yerlərə rahat girib-çıxacaqlar, söz sahibi olacaqlar, cəmiyyətin təzyiqinə məruz qalmayacaqlar, nə fiziki, nə də mənəvi olaraq təcavüz edilməyəcəklər. Odur ki, qadınlara dəyər verək, onların gözəlliklərini görüb təqdir edək, Allahın bizə əmanəti kimi qadınları hər zaman qoruyaq, onları baş tacı edək.
<!--[if !supportLists]-->· <!--[endif]-->https://www.theguardian.com/news/datablog/2014/mar/05/violence-against-women-european-union-physical-sexual-abuse
Nəzakət Bədirova