Daha keyfiyyətli siyasət üçün daha çox qadın
Xeberinfo.com: Dünyadakı insanların demək olar ki, yarısı qadınlardan ibarətdir. İlk başda bərabər kimi görünən bu bölgünü qadınlara verilən dəyərdə və cəmiyyətdəki mövqelərində isə görmək mümkün deyil. Demək olar ki, bütün cəmiyyətlərdə qadınların təhsil səviyyəsi kişilərə nisbətən daha aşağıdır. İşləməyən qadınların sayı daha çoxdur. Qadınlar eyni işlərdə birlikdə çalışdıqları kişilərdən daha az əmək haqqı alırlar. Bütün bunlarla yanaşı inkişaf etmiş ölkələrdə belə qadınlar kişilərin zorakılığına məruz qalır. Halbuki qadına dəyər vermək, qadınları önə çıxarmaq və həyatın bir hissəsi olmalarını təmin etmək üstün keyfiyyətdir. Qadına qayğı göstərmək, qadınların gələcəyini düşünmək, şərəfini, namusunu qorumaq da gözəl əxlaqın tələbidir.
Qadınların varlığı o cəmiyyətə keyfiyyət gətirir, qadınların iştirakı ilə hər mühit gözəlləşir, daha görkəmli hala gəlir. Siyasət kimi sərt metodların istifadə edildiyi sahələrdə qadınlar iştirak etdikdə nəzakət formalaşır, anormallıqların qarşısı alınır.
Düşündürücü olan isə qadınların siyasətdəki yerinin kişilərə görə daha məhdud olmasıdır. Dünyada qadınların parlamentlərdə təmsil olunma nisbəti orta hesabla 20.9%-dir. (1)
Demokratiyanın hakim olduğu ölkələrə nəzər saldıqda qadınların siyasətdəki yerinin daha çox olduğu dərhal gözə çarpır. Bu barədə BMT Qadın İşləri və Parlamentlərarası Birlik (Inter-Parliamentary Union: IPU) tərəfindən açıqlanan "2015-ci il siyasətində qadın xəritəsi" çox dəqiq məlumatlar ehtiva edir. (2)
Məsələn, Skandinaviya kimi demokratiyaları inkişaf etmiş ölkələrdə millət vəkillərinin demək olar ki, yarısı qadınlardan ibarətdir. Amerika və Avropa ölkələrində isə bu rəqəm dörddə bir, Asiyada isə beşdə birdir. İdarəçiliyi anti-demokratik qəbul edilən Asiya, Yaxın Şərq və Afrikada onda bir və ya daha aşağıdır.
UPİ-nin hesabatında nazirliklərin tərkibində də oxşar nisbəti müşahidə etmək mümkündür. (3) Finlandiya, İsveç və Fransada nazirlərin 30%-i qadınlardan ibarət olmasına baxmayaraq, Bosniya, Pakistan, Ərəbistan kimi ölkələrdə heç qadın nazir yoxdur.
Bundan başqa, qadınlar səs vermə hüququnu ancaq 20-ci əsrdə qazanıblar. Yunanıstan, İsveçrə, Monako və Portuqaliyada qadınlar ilk dəfə əsrin ikinci yarısında səs vermək hüququ qazanıblar. Səudiyyə Ərəbistanı, Qətər, Oman və Birləşmiş Ərəb Əmirliklərində isə səs vermək üçün qadınlar 2000-ci illəri gözləmək məcburiyyətində qalıblar.
Qadınların siyasətdə iştirakını artırmaq üçün BMT nəzdində pozitiv ayrı-seçkilik proqramları həyata keçirilir. Belə ki, son olaraq BMT-nin Qadın İşləri üzrə sədri, Çilinin keçmiş prezidenti Mişel Baçelet dünya liderlərini qadınların siyasətdə iştirakını artırmağa çağıraraq, kvota sisteminin tətbiq edilməsini istəmişdi. (4)
Qərbdə vəziyyət bu halda ikən, İslam aləmi qadınların siyasi hüquqları haqqında mənfi mənzərə ortaya qoyur. Bu hal bəzi dairələrin qadınların mövqeyindən İslam dinini məsul tutmasına səbəb olur. Həqiqətən bu böyük yanlışlıqdır. Qadını siyasətdə, dövlət idarəçiliyində, sosial həyatda görmək istəməyən İslam deyil, İslamın təməl dəyərləri ilə zidd olan fanatik mentalitetdir. İslam ölkələrindəki qadınların özlərinin də qəbul etdiyi bu ayrı-seçkiliyin aradan qaldırılması üçün Qurandakı din əxlaqı insanlara çatdırılmalıdır. Qurandakı qadın Səba hökmdarı nümunəsində gördüyümüz kimi, dövlət başçısıdır. Allah ayələrdə qadınla kişinin cəmiyyətdəki yerinin bərabər olduğunu bildirir.
Quranda bildirilənlər bu qədər açıq olduğu halda, bir çox İslam cəmiyyətində bu gün qadının üzərindəki ictimai təzyiq, geydiyi paltarla başlayıb, gülməsinə, baxımlı olmasına, küçəyə çıxmasına qədər davam edir. Fanatik mentalitet tərəfindən qadın bəzən elə təhlükə olaraq görülür ki, var olmaları belə təhdid kimi qəbul edilir. Ona görə evdən bayıra çıxmamaları “ən gözəl həll yolu” olaraq düşünülür. Bəziləri bunu da yetərli görmür, qadının evdən bayırı görə bilməməsi üçün pəncərələrin belə bağlanmasını və xarici mühitlə bütün əlaqəsinin kəsilməsini istəyirlər. Qadınlar dünyadakı ən nəzakətli, ən gözəl, ən zərif varlıqlar olduğu halda, ən çox təzyiq görən hala gəliblər.
Qərb dünyasının İslam aləmindən uzaqlaşmasının və müsəlmanlardan qorxmasının əsas səbəbi də qadınlara olan bu təzyiqdir. İslamofobiyanın əsası qadın əleyhdarlığıdır. Bunu aradan qaldırmağın yolu isə qadına Quranda bildirildiyi kimi, hər cəhətdən azadlıq verilməsi, iş və siyasət kimi sahələrdə qadınlara üstünlük verilməsidir.
Müsəlman ölkələrində qadınlara qarşı ayrı-seçkiliyin ləğvi, qadına qarşı şiddət tətbiq olunmasının qarşısının alınması və ən əhəmiyyətlisi qadınlara daha çox təhsil imkanının verilməsi çox önəmlidir. Bununla yanaşı, qadınların siyasətdə iştirakını artırmaq üçün də addımlar atılmalıdır. Bütün bunlar sadəcə bir liderin, ya da partiyanın təşəbbüsü olaraq qalmamalı, bütün İslam dünyasının dəstəyi ilə dövlət siyasəti halına gətirilməlidir. Müsəlman ölkələrin parlamentlərində qadınlara verilən mandat hüququnun artırılması bu məsələdə gözəl başlanğıc ola bilər.
Belə ki, Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd ibn Salmanın "əslində, İslamda qadınlara verilən hüquqların daha çox olduğunu və bu məsələdə əmək sərf edəcəyini" bəyan etməsi bu yolda atılacaq addımlar baxımından gözəl başlanğıcdır. (5)
Bu məsələdə qadınlara da mühüm vəzifələr düşür. İlk növbədə siyasətə atılan qadınlar keyfiyyəti və nəzakəti də olduqları mühitə gətirməlidirlər. Siyasəti qadınların gözəl xüsusiyyətləri ilə yenidən qurmalıdırlar. Bu gün iş dünyasında və ya siyasətdə qadınların uğurlu olmaları üçün kişiləşməli olduqları kimi yanlış inanc hakimdir. Xüsusilə Qərb dünyasında bəzi siyasətçilər özlərini bu sərt, rəqabətə davamlı üsluba və üstünlük mübarizəsinə həsr ediblər. Doğru olan isə qadınların gözəlliyini, diqqətini, mərhəmətini siyasətə hakim etməkdir.
Dünya qadınları ilk növbədə qadın siyasətçilərə əmanətdir. Qadınların ictimai həyatda irəli çıxması, qadına qarşı zorakılığın qarşısının alınması, qadına qarşı ictimai sevgi və hörmətin artırılması qadın siyasətçilərin prioriteti olmalıdır.
Dünyadakı sistem dəyişməlidir. Qərbdə nazirlərin 30%-nin qadın olması qələbə deyil. Sayca daha çox qadının olduğu siyasi həyat daha nəzakətli və zəngin olacaq. Bütün dünya qadınların zərifliyindən, incəlikləri görmə qabiliyyətindən və əzmkarlığından istifadə edə biləcək. Cəmiyyətlərin ruhundakı gərginlik və təcavüzkarlıq hisslərini boğan bir güc olacaq. Dünyanın qadınların detal görmə gücünə, incəsənət və estetik qabiliyyətinə ehtiyacı var. Kişinin qadına nə edəcəyini öyrətdiyi bir dünyaya ehtiyac yoxdur. Kişi suverenliyinin hakim olduğu dünyanın hansı hala gəldiyi hər kəsə məlumdur. Qadınlara azadlıq verilməsi dünyanın sağlamlığını qoruyacaq, keyfiyyəti artırıb, ölkələrin güclənməsini təmin edəcək.
1. http://kadem.org.tr/kadin-siyaset-ve-demokrasi/
2. http://www.ipu.org/pdf/publications/wmnmap15_en.pdf
3. http://www.ipu.org/press-e/pressrelease201503101.htm
4. http://www.un.org/apps/news/story.asp?newsid=41445&cr=un#.VyI3dvmLSUk
5. http://english.aawsat.com/2016/04/article55349867/deputy-crown-prince-women-rights-islam-yet-o
Adnan Oktarın «New Straits Times»da dərc edilən məqaləsi:
http://www.nst.com.my/news/2016/05/148773/more-women-higher-quality-politics
http://www.harunyahya.org/tr/Makaleler/222062/Daha-kaliteli-bir-siyaset-icin-daha-cok-kadin
Nəzakət Bədirova