Gürcüstanda Azərbaycan səhiyyəsinə güldülər– VİDEO
Tbilisidə fəaliyyət göstərən "New Hospitals" Klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsi ilə bağlı tənqidi fikirlər səsləndirib
Yenixeber.org: O, səhiyyə ilə bağlı tədbirlərin birində Azərbaycanda xeyli sayda xəstəxananın olmasına rəğmən, insanların ölkəmizdən Tbilisiyə müalicəyə getdiyini vurğulayıb.
“Azərbaycanın Gəncə adlı bir şəhəri var. Böyük şəhərdir. Şəhərin bir avtovağzalı var. Avtovağzalda taksilər dayanır. Taksi sürücülərinin hamısı mənim əməkdaşlarımdır. Onlar hər il mənə Azərbaycandan 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o qədər xəstə gətiriblər ki, artıq professional olublar, xəstə klinikaya çatana kimi onlar xəstədən anamnez məlumatları toplayır, mənə mesajla göndərirlər. Onlar tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, onlar böyük xəstəxanalar tikiblər.
Amma hamısı müalicəyə Tbilisi şəhərinə gəlir", - deyə Nika Okriaşvili bildirib. Gürcü həkim bu fikirləri səsləndirərkən zalda oturanlar qəhqəhə ilə gülüblər.
Məsələ ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova açıqlama verib.
S.Əhmədova tibbi baxımdan problemi olan şəxslərin öz xəstəliyi barədə taksi sürücüsünə məlumat verməsini absurd adlandırıb: “Səhhətində problem olan insan, xəstə həkimə müraciət edir, taksi sürücüsü ilə məsləhətləşmir. Kimsə özünü reklam edirsə, kimsə reytinq yığırsa, ətrafındakılar buna gülüşürsə, onun dedikləri də inandırıcı görünmür və etibar ediləsi amil deyil”.
Nazirlik rəsmisi bildirib ki, bu cür “çıxışlar” Azərbaycan səhiyyəsində baş verən yeniliklərə kölgə sala bilməyəcək: “Kim necə istəyirsə, çıxış etsin. Bu, onların şəxsi fikirləridir. Azərbaycan səhiyyəsi göz qabağındadır”.
Oxu.Az "New Hospitals" Klinikasının direktoru Nika Okriaşvili Azərbaycanla bağlı çıxışını təqdim edir: