Bakıdakı AA seriyalı taksilər Abid Şərifovundur
Şəki nömrəsi ilə paytaxtda fəaliyyət göstərən taksilər baş nazirin müavininin ailə biznesinə daxildir; 77 yaşlı Şərifovun payızda vəzifəsi ilə vidalaşacağı deyilir...
Yenixeber.org:Son günlər paytaxtda taksi fəaliyyəti ilə məşğul olan AA seriyalı avtomobillərə rast gəlinir. AA seriyası xalq arasında əsasən, “dövlət maşınları” kimi tanındığından mənzərə maraq doğurur.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cebhe.info vasitəsilə bu məsələyə aydınlıq gətirib: “Azərbaycanda AA seriyası ilə fəaliyyət göstərən taksilər hüquqi şəxslərə məxsusdur. Fiziki şəxsin adına AA seriyalı avtomobil ola bilməz. Hüquqi şəxs bank, müxtəlif şirkət, dövlət müəssisəsi də ola bilər. Bu cür avtomobillərin taksi kimi fəaliyyət göstərməsi də normaldır. Ola bilər ki, kiməsə icarəyə verilsin. Burada qanunsuz bir əməl yoxdur”.
Əvvəla, qeyd edək ki, AA seriyalı taksilər Bakı küçələrində yeni deyil, aylar öncədən var. Sadəcə, bu avtomobillər heç bir taksi şirkətləri ilə işləmədiyi üçün o qədərdə populyar deyil. Daha bir maraqlı məqam budur ki, bu seriyalı taksilərin əksəriyyəti “Çhevrolet” markalıdır.
“Yeni Müsavat”ın əldə etdiyi xəbərə görə, bu taksilər baş nazirin müavini Abid Şərifovun ailə biznesinə daxildir. Təsadüfi deyil ki, bu taksilərin hamısının nömrəsi 55-dir. 55 isə Şəki nömrəsidir. Xəbərə görə, bu taksilər sürücülərə yalnız müqavilə əsasında verilir. Yəni bəzi taksi şirkətləri gündəlik qazancı maşının pulu kimi hesablayırlar və müəyyən müddət tamam olduqdan sonra avtomobil sürücüyə qalır. Amma mənbəmiz deyib ki, bu qayda 55 nömrəli taksilərə aid deyil. Sürücü girov(və ya müəyyən miqdar pul) müqabilində taksini götürüb istifadə edir və gündəlik qoyulan haqqı verir.
Mənbəmizin iddiasına görə, 55 nömrəli və AA seriyalı taksi Şərifovların Şəkidə qeydiyyata alınmış MMC-lərinə daxildir. Bu səbəbdən də Bakı nömrəsi deyil, Şəki nömrəsi ilə fəaliyyət göstərir. Bu taksi sürücülərinin hamısına maşınların Abid Şərifovun biznesinə aid olduğu məlumdur. Amma xəbərdarlıq edilib ki, A.Şərifovun yüksək post tutması o demək deyil ki, sürücülər arxayın ola bilərlər. Əksinə, qaydaları pozan sürücülər dərhal müəyyənləşir və onlar işdən uzaqlaşdırılır. Dövlət Yol Polisi rəsmiləri də şübhə yoxdur ki, bu taksi firmasının baş nazir müavininə aid olduğundan xəbərdardırlar.
Baş nazir müavinin ailə biznesi haqda xəbərlər yeni deyil. Şərifovların xüsusilə dövlət sifarişi ilə körpü tikintilərində milyonluq iş icraları olduğu barədə mediada xeyli iddialar var. Onların Şəki və İsmayıllıda turizm sektoru biznesində ağırlığı olduğu da deyilir.
Son aylar ürəyindəki problemlərlə bağlı ictimai fəallığı azalan A.Şərifovun payızda vəzifəsi ilə vidalaşacağı da gələn xəbərlər sırasındadır. 77 yaşlı Abid Şərifov 1995-cü ilin noyabr ayından hazırkı vəzifəsində çalışır.
Məlum olduğu kimi, prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinin aparatında struktur dəyişikliyi edilib, nəticədə 8 şöbə müdiri işdən azad olunub. Bundan əlavə, digər bölmələrdə də ixtisarlar aparılıb. Baş nazir müavinlərinin sayının azaldılacağı barədə çoxdan danışılır. Müavinlərin üçünün- YAP-ın icra katibi Əli Əhmədovun, Yaqub Eyyubovun və Elçin Əfəndiyevin görəvini davam etdirəcəyi deyilir.