Respublika Klinik Xəstəxanada Referenduma pul yığılır?
Şikayətçi həkimlər: “Baş həkim Telman İbadovun göstərişi ilə hər iki korpusun hər bir şöbəsi 110 manat pul yığıb verməlidir...”
Xeberinfo.com: Bu ilin 26 sentyabrında ölkə ərazisində keçiriləcək Referendumla bağlı müntəzəm informasiyalar verilir. Həmin məlumatlarda da qeyd edilir ki, hazırda bütün dairələr üzrə seçki siyahıları tam dəqiqləşdirilib və səsvermə hüquqlu Azərbaycan vətəndaşları 26 sentyabrda referendumda fəal iştirak edəcəklər. Amma...
Ak. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanada Referendumun adına kim pul yığdırır?
Pravdainfo.org-un elektron poçtuna ötən gün daxil olan bir şikayət məktubu bizi şoka saldı... Onsuz da adı qalmaqallardan əskik olmayan- xəstələrə pulsuz xidmət göstərməli olan, lakin xəstələrə pullu xidmətini “əsirgəməyən” Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanada Referendumun adına pul yığdırılması barədə məlumat verən həkimlərdən bir neçəsi bu barədə həyəcan təbili çalırdılar: “Artıq neçə gündür baş həkimin adından hər iki korpusdakı şöbələrin müdirlərinə tapşırıq gəlib ki, referendumda çəkiləcək xərcləri yoluna qoymaq üçün hər bir şöbə təcili olaraq 1100 manat pul yığıb verməlidir. Nəzərə alsaq ki, xəstəxanada 20-dən çox şöbə var, deməli, baş həkim Telman İbadov referendumun adına kölgə salaraq 20 min manatdan çox vəsait toplamaq qərarına gəlib. Biz MSK-nın qaynar xəttinə də bu barədə məlumat vermişik, adımızı çəkə bilmirik, bizə deyirlər ki, yazılı göndərin və özü də işlədiyiniz şöbənin adını yazın. İndiki vəziyyətdə dövlətimizin və Prezidentimizin təəssübünü çəkib belə bir qanunsuz addıma etiraz etməklə iş yerimizi də itirəkmi? Deyirik ki, gəlin anonim araşdırma aparın, bu rəzalətin qarşısını alın. Amma hiss edirik ki, onlar da baş həkimi müdafiə edirlər. Belə çıxır ki, onda bu tapşırıq bir az da yuxarıdan gəlir? Axı hər bir seçkiyə dövlət büdcəsindən on milyonlarla manat pul ayrılır, necə ola bilər ki, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxana Referendumun keçirilməsinə ayrılan vəsaitdən kənarda qalsın! Guya beləəsaslandırırlar ki, bu pul seçki günü gəlib-gedən qonaqların yola salınması üçündür. Məgər xəstəxana yeyib-içmək, qonaqlıq vermə məkanıdır? Bir də, niyə baş həkim bizim pulumuzla özünə bu hörməti “qazanmalıdır”???”.
Xəstəxanada fakt, əslində, təsdiqini tapdı...
Şikayətlə bağlı xəstəxanada olduq və anonim aparılan sorğu-suallardan belə qənaətə gəldik ki, yazılanlara əsas var. Hələki adını çəkmək istəmədiyimiz (məlum səbəbdən) 2-ci korpusda söhbət etdiyimiz tibb işçiləri pul yığılması tapşırığından xəbərli olduqlarını dedilər. Amma jurnalist olduğumuzdan şübhələndikləri üçün təyinatını söyləməkdən yayındılar... Baş həkimlə görüşüb məsələyə mövqeyini öyrənmək istədik, bildirdilər ki, nazirlikdədir... İki saata yaxın gözləsək də baş həkimdən xəbər çıxmadı...
Araşdırmamız davam edir. Məsələyə dair MSK rəsmilərinin də mövqeyini öyrənməyə çalışırıq. Bütün bununla belə, məsələyə korrupsiya əməli prizmasından yanaşaraq Baş Prokurorluğun mətbuat xidməti ilə dəəlaqə saxlamağa çalışdıq... Daha ətraflı məlumat verməyə çalışacağıq. Sadəcə bir faktı deyək ki, adətən seçkilər ərəfəsində belə hallara çox rast gəlinir və bu hallara yol verən məmurlar ciddi cəzalandırılır. Referendum ciddi siyasi-dövləti tədbirdir və belə bir tədbirin adına və ünvanına necə kölgə salmaq olar???
Həmid
P.S. Bizim arayış: Baş həkim - İbadov Telman Əsəd oğlu, 1965 - 1971 - ci illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə - profilaktika fakültəsini bitirib, 1971 - 1979 - cu illərdə Ordubad rayon Mərkəzi Xəstəxanasının həkim - cərrahı olub, 1979 - 1985 - ci illərdə Ordubad rayon Mərkəzi Xəstəxanasında müalicə işləri üzrə baş həkim müavini, 1985 -1993 - cü illərdə Ordubad rayon Mərkəzi Xəstəxanasının baş həkimi olub. 1993 - 1996- cı illərdə Səhiyyə Nazirliyi Kadrlar, Elm və Tədris müəssisələr baş idarəsində - aparıcı mütəxəssis, 1996 - 2003 - cü illərdə Səhiyyə Nazirliyinin Birinci poliklinikasında - baş həkim, 2003 - 2005 - ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanası baş həkim, 2005 - ci ildən hal- hazırki dövrə qədər Ak. M.Ə.Mirqasımov adına RespublikaKlinik Xəstəxanasının baş həkimidir. 2006 - ci ildən Səhiyyə Nazirliyinin Kollegiyasının üzvüdür.
P.P.S.Təəssüflər olsun ki, baş həkimin sosial şəbəkələrdəki tərcümeyi-halında (xəstəxananın məlumat bölümündə) Ordubad rayonunun adı bir neçə dəfə “Odubad” kimi gedir... Bu texniki səhv təcili düzəldilməlidir. Çünki Azərbaycanda “Odubad” adında rayon yoxdur...
Şikayətdə qeyd olunanlara münasibətini öyrənmək üçün dünən klinikanın baş həkim əvəzi Mahir Babayevləəlaqə saxladıq… Şikayətdə qeyd olunanları eşidən M.Babayevin cavabı qısa oldu: “Bizim xəstəxanada belə şeylər ola bilməz! Bunlar həqiqəti əks etdirmir. Bununla belə, araşdırıb sizə dəqiq məlumat verərik...”.
Sonra Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Şəfayət xanımla da əlaqə saxladıq. Problemlə tanış edilən xanım araşdırıb redaksiyaya cavab verəcəyinə söz verdi. Amma hər iki tərəf günün sonuna kimi susdu... Görəsən, bu susmaq razılıq əlaməti idi, yoxsa?..
Araşdırmamız davam edəcək vəəməkdaşımız təkrarən xəstəxanada baş verən bu qalmaqallı olaya aydınlıq gətirməyə çalışacaq...
(Şəkildə: baş həkim T.İbadov)
Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq