Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi -VİDEO+FOTOLAR
Zaqatala təbiəti, əhalinin etnik tərkibinin zənginliyi və turizm potensialına görə Azərbaycanın ən cəlbedici bölgələrindən biridir. Ancaq təəssüflər olsun ki, son 15 ildə rayonda hansısa inkişafdan danışmaq çətindir. Bu günlərdə Zaqatalada səfərdə olarkən, bunun bir daha şahidi oldum.
Yenixeber.org: Nəinki inkişaf, hətta bir çox cəhətlərə görə, Zaqatalanın xeyli gerilədiyi açıq-aydın hiss olunur. Şəhər sanki qocalıb. İcra başçısı Mübariz Əhmədzadə kimi. 1947-ci ildə anadan olan Mübariz Əhmədzadə Azərbaycanda ən yaşlı icra başçısıdır, 77 yaşlı iki icra başçısından biridir. Bu gün Zaqatala da elə Mübariz Əhmədzadə kimi yorğun görünür...
İcra başçısının mərkəzi mətbuatda "rayonda dinamik inkişaf", "yeni iş yerlərinin açılması" kimi nağıllarla zəngin məqalələr dərc etdirməsinə rəğmən, Zaqatalada olarkən, bunun əksini müşahidə etdim. Digər rayonlarda olduğu kimi, burada da gənclərin əksəriyyəti iş üçün paytaxta və ya Rusiyaya üz tuturlar.
Əvvəllər abadlığı, səliqə-səhmanı ilə seçilən Zaqatalada bu gün səliqəsizlik, bərbad vəziyyət hökm sürür. Şəhərin mərkəzində - Bayraq meydanına yaxın yeraltı keçid günlərlə yığışdırılmır. Bu bir yana, burada dilənçi əlindən tərpənmək mümkün deyil. Düzü, əvvəllər Zaqatalada dilənçilərlə rastlaşmamışdım. Bu dəfə isə onlar hər addımda qarşıma çıxırdılar.
Rayona gələn turistlərin ən çox baş çəkdiyi məkanlardan biri də Zaqatala bazarıdır. Burada illərdir xaos davam edir. Bazara gedən yoldakı asfalt örtüyü son 15 ildə bir dəfə də olsun, dəyişdirilməyib. Ərzaq, xüsusən də, ət, ədviyyat və meyvə-tərəvəz satılan örtülü bazarda isə tam bir antisanitariya şəraiti hökm sürür. Kəsif qoxu adamı oradan qaçmağa məcbur edir.
Yeri gəlmişkən, yerli sakinlər Mübariz Əhmədzadədən fərqli olaraq, 2006-2009-cu illərdə Zaqatalanın icra başçısı olmuş Asif Əsgərovun fəaliyyətindən hələ də razılıq edirlər. Söhbət zamanı sakinlərdən biri dedi ki, Asif Əsgərov rayona icra başçısı gələndə elektrik enerjisi ilə bağlı ciddi problemlər olub:
"O ilk növbədə bu problemi aradan qaldırdı. Zibilin daşınması ilə bağlı problem də onun dövründə tam həll edildi. İndi isə şəhəri inək və qoyunlar zəbt eləyib. Əvvəllər şəhərdə yaşıllaşmaya və təmizliyə ciddi nəzarət var idi. İndi hər yeri zibil basıb. Zibil qabları dolub-daşır, şəhərin küçələri günlərlə yığışdırılmır, zibil daşınmır".
Zaqatalanın kəndlərində yaşayan sakinlərin üzləşdiyi ən ciddi problemlərdən biri də marşrut məsələsidir. Bu, onlara öz məhsullarını bazara çıxarmağa, yaxud da alış-veriş üçün şəhərə gəlməyə çətinlik yaradır. Kəndlərə işləyən "Qazel"lər o qədər köhnədir ki, çox vaxt yarı yolda xarab olur və sakinlərin saatlarla vaxt itirməsinə səbəb olur. Kənd avtobuslarının dayanacağında, hətta Nuh əyyamından qalma "Ural" yük-sərnişin avtobusu ilə də qarşılaşdım. Rayon icra başçısı kənd yollarını təmir etdirməkdənsə, onları hələ də, ötən əsrdə tarixin arxivinə verilən "Уral 3255"-dən istifadə etməyə məcbur edir. Sakinlər yayın istisində də şəhərə sovet dövrünün məhbus daşıyan avtomobillərini xatırladan "Ural" avtobusu ilə gəlib-gedirlər.
Yol məsələsindən söz düşmüşkən, Mübariz Əhmədzadə icra başçısı təyin olunduqdan sonra Bakı-Zaqatala və Zaqatala-Bakı marşrutlarının yolu da dəyişdirilib. Əvvəllər Zaqataladan birbaşa Şəkiyə (şəhərə daxil olmadan) işləyən marşrutlar 10 ildən artıqdır ki, Şəki və Qaxdan keçməyə məcbur edilir. Yollar dar olduğundan qəzaların sayının artdığı deyilir. Xüsusən də, yolun Qaxın Güllük kəndindən keçən hissəsi dar və dolanbac olduğundan burada hərəkət etmək çox təhlükəlidir. Sakinlər yolun dəyişdirilməsinin səbəbini icra başçısının biznes marağı ilə əlaqələndirirlər. İddia edirlər ki, Mübariz Əhmədzadənin obyektləri Qaxda olduğu üçün Zaqatalaya giriş yolunu oradan etdirib. Belə ki, indiki halda Bakıdan gələn turistlər birinci Qaxa gəlməli olur. İcra başçısının öz turizm obyektlərinə görə "köhnə bazara təzə nırx" qoyması nəticəsində neçə ildir baxımsız qalan 100 km-dən artıq yolun tamamilə yarasız vəziyyətə düşdüyü bildirilir.
Yollardan söz düşmüşkən, Azərbaycanın ilk qadın mexanizatoru Sevil Qazıyeva və "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanovla tanıdığımız Aşağı Tala kəndinin yolları da bərbad vəziyyətdədir. Mübariz Əhmədzadə "Qarabağ"ın hər qələbəsindən sonra hamıdan qabaq Qurban Qurbanova zəng edib onu təbrik etsə də, icra başçısının bu "təəssübkeşlik və vətənpərvərliyi" deyəsən, elə bir telefon zəngindən artıq deyil. Hə, bir də o, futbolçunun evinin olduğu küçəyə (100-150 metr hissəyə) asfalt örtüyü çəkdirib. 7 min nəfərə yaxın əhalinin yaşadığı kəndin digər küçə və yolları isə çala-çuxurlarla doludur. Sakinlər sonuncu dəfə yolun nə vaxt təmir edildiyini belə xatırlamırlar.
7 min nəfərə yaxın əhalinin yaşadığı kəndin digər küçə və yolları çala-çuxurlarla dolu olsa da, məhz hamımızın böyük hörmət bəslədiyi, bütün Azərbaycanın və zaqatalalıların fəxri olan Qurbanovun evinə qədər olan hissənin asfaltlanması məyusedici faktdır. Həmişə sadəliyi, təvazökarlığı ilə seçilən adamı bir asfaltla hamıdan fəqləndirmək heç də Qurbanovu sevmək, ona hörmət etmək deyil. Əksinə, onu da yolundan tutmuş goruna qədər hər şeyi ilə sadə xaldan fərqlənmək istəyən harınlar təbəqəsinə transfer etmək cəhdidir.
Yeri gəlmişkən, bu, icra başçısının ilk belə ayrı-seçkiliyi deyil. Bir müddət əvvəl mətbuatda icra başçısı Mübariz Əhmədovun şəhidlər arasında ayrı-seçkilik etdiyi üçün narazılıq yarandığına dair xəbərlər yayılmışdı. Qeyd olunurdu ki, başçı və İcra Hakimiyyətinin rəsmiləri Novruz Bayramı ilə əlaqədar rayonda 44 günlük Qarabağ müharibəsi zamanı şəhid olmuş qəhrəmanların məzarlarını ziyarət ediblər. Məzarlıqda olarkən, müavinlərindən biri ona Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etməyi təklif edib. Mübariz Əhmədov isə “Onlar köhnə şəhidlərdir, ziyarətə ehtiyac yoxdur”, deyib. Onun bu sözlərinin şəhid ailələri arasında ciddi narazılıq doğurduğu, icra başçısının bu ayrı-seçkiliyə görə qınandığı qeyd olunurdu.
Zaqatala sakinlərinin əsas narazılığı icra başçısının rayonun problemlərini həll etmək əvəzinə öz biznesinin qayğısına qalması, şəhər və kəndlərdəki torpaq sahələrini satması, gəlirli obyektlərə nəzarəti öz əlinə keçirməsi, sahibkarlara ciddi problemlər yaratması ilə bağlıdır. On beş ildir Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin hətta bir müddət öncə Zaqatalanın Bəhmətli kəndində Vətən müharibəsi qazilərinə aid torpağı da satdığı iddia edilirdi.
Onun həmçinin rayonunun Əliabad kəndinin də ümumi istifadədə və bələdiyyə fondunda olan torpaq sahələrini 49 illiyinə məmurlara satdığı da yayılan iddialar arasındadır.
Bütün bunlardan sonra keçmiş Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşı, Qaxda yüksək vəzifələrdə çalışan, bir neçə il icra başçısı işləyən, 15 ildir isə Zaqatalaya rəhbərlik edən Mübariz Əhmədzadənin biznes imperiyasına dair söylənilənlərin həqiqət olduğuna inanmaya bilmirsən. Yeri gəlmişkən, bir müddət əvvəl dərc olunan həmin siyahını bir daha təqdim edirik:
Qaxda "El Resort” otel kompleksi, Qaxın İlisu kəndində "Yurd Hotel" istirahət kompleksi, İlisu kəndində "Yaşıl Park” otel kompleksi, "Səngər Qala” otel kompleksi, "Ulu Dag” oteli, Qax Fındıq Zavodu, Qax rayon taxıl məhsulları kombinatı, Eden Park Hotel Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan "Residence” ailəvi istirahət mərkəzi, Bakıda Koroğlu Rəhimov küçəsindəki "Növbahar" və "Zakura Yapon mətbəxi" restoranı.
Bu əlbəttə, bir neçə il əvvəl tərtib edilən və Mübariz Əhmədzadənin bütün biznesini əhatə edən tam siyahının yalnız bir hissəsidir. Onun müxtəlif adlarla qeydiyyatdan keçən xeyli şirkəti və bir sıra xarici ölkələrdə biznesinin olduğu da bildirilir.(BakuPost)
Maraqldır, zaqatalalılar bu sömürgəçiliyə nə vaxta qədər dözməlidirlər? 77 yaşlı qocanı pensiyaya göndərməyin vaxtı çatmayıbmı?