Gülnarə Heydərinin tenderi udması üçün Dövlət Sərhəd Xidmətində hansı oyunlardan çıxırılar -DE-FAKTO
Yenixeber.org: Ötən həftə Dövlət Sərhəd Xidməti tərəfindən qazanxana avadanlıqları və su nasoslarının satın alınması üzrə yekun vurulmuş açıq tender barədə məlumat vermişdik. Qeyd etmişdik ki, sözügedən qurumun Tender Komissiyası 13.03.2023-cü ildə başladığı açıq tender müsabiqəsini tamamlayıb və GÜLNARƏ NADİR QIZI HEYDƏRİ ilə 451.568,3 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırdığını 01.06.2023-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlayıb.
Xatırladaq ki, tenderin şərtlərinə uyğun olaraq Gülnarə Nadir qızı Heydəri 2023-cü ilin sonuna qədər Dövlət Sərhəd Xidmətini 10 növ müxtəlif ölçüdə istilik qazanı, 11 növ qazla və dizellə işləyən odluq, 3 ədəd qaz requlyatoru, 4 ədəd müxtəlif ölçüdə genləşmə çəni, 2 ədəd boyler, 7 ədəd müxtəlif ölçüdə dövriyyə nasosu, hidrofor nasosu,hidrofor nasosla birlikdə kiçik həcmli, 3 ədəd müxtəlif ölçüdə dərinlik su nasosu ilə təchiz etməlidi.
Onu da xatırlatmaq istərdik ki, açıq internet axtarış sistemləri üzərindən apardığımız ətraflı araşdırmada yarım milyon manat civarında açıq tenderin qalibi olmuş Gülnarə Nadir qızı Heydəri barəsində heç bir məlumat əldə edə bilmədik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarda belə Gülnarə Nadir qızı Heydərinin adına rast gəlinmir. Yəni Gülnarə Nadir qızı Heydəri Dövlət Vergi Xidmətində heç fiziki şəxs kimi də qeydiyyata alınmayıb. Belə olan halda onun tenderdə iştirakına necə yol verilib?
Dövlət Sərhəd Xidməti Tender Komissiyası sözügedən satınalma prosedurunda “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir neçə maddəsini pozduğunu da açıqlamışdıq ki, onlardan biri də həmin qanunun 8-ci maddəsidir.
Maddə 8. Malgöndərənlərin (podratçıların) dövlət satınalmalarında iştirakı
8.1. Dövlət satınalmalarını tənzimləyən normativ hüquqi sənədlərdə göstərilən hallar istisna olmaqla, istənilən rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxslər, yaxud hüquqi şəxslər birliyi dövlət mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasında keçirilən dövlət satınalma prosedurlarında iddiaçı kimi iştirak edə bilərlər. Tikinti, tikinti quraşdırma və istehsal sahələrinin qurulması ilə bağlı tender qalibi olan qeyri-rezident hüquqi və ya fiziki şəxslərlə malların (işlərin və xidmətlərin) satınalması müqaviləsi həmin şəxslərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq uçota alınmış daimi nümayəndəlikləri və daimi nümayəndəlik yaratmayan bölmələri olduğu halda bağlanılır.
Apardığımız ətraflı araşdırmalar zamanı Dövlət Sərhəd Xidmətinin Tender Komissiyasının tək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini deyil, həm də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini də göbud şəkildə pozduğu üzə çıxdı. Belə ki, sözügedən məcəllədə göstərilir:
445-1.3. Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyən edilmiş tələblərin pozulmasına, yəni:
445-1.3.2. ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya) satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya bu təşkilatlarla müqavilələrin bağlanılmasına görə –
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
445-1.4.2. dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədə məlumatların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə, satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə
445-1.6. Satınalan təşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğu halda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməsinə görə –
vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
İnzibati Xətalar Məcəlləsinin tələblərindən də göründüyü kimi Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası Gülnarə Nadir qızı Heydərini satınalan şəxs kimi tenderdə iştirak etməklə qanunun tələblərini pozub. Bundan əlavə Tender Komissiyası sözügedən Məcəllənin 445-1.6-cı maddəsinin tələblərini də pozub. Belə ki, satınalan təşkilat olaraq Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası malların və xidmətlərin satın alınmasını mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirməli olduğu halda, sahibkarlıq fəaliyyəti həlli olmayan bir şəxslə müqavilə bağlamağa üstünlük vermişdir.
Burada xüsusilə vurğulamaq istərdik ki, əvvəlki məqalə hazırlanda, yəni 01.06.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin reyestr məlumatları üzərindən apardığımız araşdırmada Gülnarə Nadir qızı Heydərinin heç fiziki şəxs olması barədə də məlumatlar olmadı. Dövlət Vergi Xidmətin reyestr məlumatları üzərindən bu gün apardığımız araşdırmada Gülnarə Nadir qızı Heydərinin fiziki şəxs kimi dövlət qeydiyyatına alındığı məlum oldu. Apardığımız ətarflı araşdırmada o da məlum oldu ki, 2023.06.05-ci il tarixə qədər Gülnarə Nadir qızı Heydəri reyestr məlumatlarında HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI kimi dövlət qeydiyyatına alınıb. Bu o, deməkdir ki, o, Dövlət Sərhəd Xidmətinin keçirdiyi tender prosesində fiziki şəxs HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI kimi iştirak edib. Onun bir fiziki şəxs belə olmadığı halda tenderdə hansı əsaslarla iştirak etməsini biz ictimailəşdirdikdən sonra HEYDƏRİSƏZNƏĞİ GÜLNARƏ NADİR QIZI bu gün 05.06.2023-cü il tarixdə adına olan VÖEN-i Gülnarə Nadir qızı Heydərinin adına dəyişdirib.
Ötən yazıda da qeyd etdiyimiz kimi açıq mənbələrdə GÜLNARƏ NADİR QIZI HEYDƏRİ barəsində o qədər də geniş məlumat yoxdur. Dövlət Vergi Xidmətin reyestr məlumatlarında onun fiziki şəxs kimi heç ixtisas göstəriciləri də qeyd olunmayıb. Kimdirsə, Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası onu 451.568,3 manat məbləğində tenderin qalibi olmaq üçün hər cür oyuna belə gedir və görəsən Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevin bütün bu oyunlardan xəbəri varmı?(aktualinfo.org)