Harvard məzunu: “ABŞ-da qalıb startap yaratmaq daha yaxşıdır, nəinki Azərbaycanda 1000 manata nazirlikdə işləmək”
Deputat: “Artıq 2015-ci il deyil və geri dönən gənclərimiz iş təminatı məsələsində heç bir problem yaşamayacaqlar”
Yenixeber.org: Prezident İlham Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Təhsil Nazirliyinin sifarişi əsasında İqtisadiyyat Nazirliyi həyata keçirəcək.
Qeyd edək ki, ilk dəfə 2007-ci ildə bu proqram qəbul edilib və 2007-2015-ci illərdə olan dövrü əhatə edib. 3500 gənc bu proqramdan bəhrələnərək dünyanın nüfuzlu universitetlərində təhsil alıb.
Təhsil naziri Emin Əmrullayev bildirib ki, dörd il ərzində hər il 400 nəfər xaricdə təhsil ala biləcək: “Ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Tələbələrin xaricdə təhsil alması sentyabr ayından mümkün olacaq”.
Artıq tələbələr təhsil üçün müraciət edə bilərlər. Nazir onu da diqqətə çatdırıb ki, proqram çərçivəsində təhsil alan gənclər geri qayıtmayacaqları təqdirdə, dövlətin onlara ayırdığı vəsaiti geri qaytarmalı olacaqlar.
Bir çox ekspertlər hesab edirlər ki, hökumət gənclərə təhsillərini başa vurub geri qayıtdıqdan sonra işlə təmin olunmaqla bağlı təminat verməlidir. Onların qənaətinə görə, məhz belə bir təminat olmadığı üçün xaricdə təhsil proqramı ilə nüfuzlu universitetlərdə təhsil alan gənclərimiz geri qayıtmırlar.
Harvard Universitetinin məzunu, ictimai fəal Bəxtiyar Hacıyev deyir ki, proqramın yenidən qəbulunu yüksək qiymətləndirir: “Bir çox istedadlı gənclərimiz var ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunurlar. Sırf maddi problemlər ucbatından daxil olduqları universitetlərdə təhsillərini davam etdirə bilmirlər. Bu xüsusda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi müsbət addımdır”.
“Lakin bu sərəncamda ötən dəfəkindən daha az sayda kvota nəzərdə tutulub. İldə 400 nəfərdən çox olmamaqla bu proqrama qoşulmaq mümkün olacaq. Hansı ki, ötən dəfəki proqramda onların sayı daha çox idi. Prioritet ixtisasların əksəriyyəti texniki və təbiət elmləri istiqamətindədir”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, hökumət bu proqramı tərtib edərkən innovasiyalar sahəsində dəyişiklik etməyi hədəfə alıb: “Elan olunan ixtisaslara nəzər yetirərkən məlum olur ki, informasiya texnologiyaları, mühəndislik və digər istiqamətlər daha çox üstünlük təşkil edir. Hökumət maraqlıdır ki, məhz bu sahələr üzrə peşəkar kadrları Azərbaycana cəlb etsin. Lakin unutmaq lazım deyil ki, həmin kadrlar nə qədər bilikli, bacarıqlı və peşəkar olsalar da, Azərbaycanın məhkəmə-hüquq sistemində, demokratik təsisatlar və dövlət idarəçiliyi sahələrində dəyişikliklərin olmadığını görüb, təhsil aldıqları ölkələrdə qalır, yaxud da Vətənə gəldikdən sonra geri qayıdırlar”.
“Çünki belə bir şəraitdə öz potensiallarını üzə çıxarmağın çətin olduğunun fərqinə varırlar. Yəqin ki, bu dəfə də belə olacaq. Bir müddət Azərbaycanda işlədikdən sonar, çox güman ki, yenidən təhsil aldıqları ölkələrə qayıdacaqlar”, - deyə Hacıyev söyləyib.
Əlavə edib ki, geri qayıtmayan məzunların dövlət vəsaitlərini qaytarması birinci proqramda da öz əksini tapmışdı: “Hətta girov saxlamağı da düşünürdülər. Sonradan proqramın icrası zamanı məzunların əksəriyyəti elə xaricdə qaldı. Yalnız o şəxslər geri qayıtdılar ki, öz sahələrinə və gözləntilərinə uyğun işlə təmin olundular. Kimlər ki, özəl və ictimai sektorda fəaliyyətə başladılar, onların əksəriyyəti geri dönmək məcburiyyətində qaldı. Buna görə onlardan heç bir məsuliyyət də tələb olunmadı. Çünki dövlət özü də başa düşür ki, minlərlə gənci öz sahələrinə uyğun yüksək məvacibli işlə təmin edə bilmir. Proqramda elə ixtisaslar var ki, oradan məzun olanların qayıtmasına ehtiyac yoxdur. Misal üçün, peşəkar İT mütəxəssisinin Amerikada startap yaratması, digər azərbaycanlı gəncləri də ətrafına çəkməsi daha məqbuldur, nəinki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində 1000 manat məvaciblə işləməsi”.
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, professor Kamilə Əliyeva da gənclər üçün ikinci dəfə xaricdə təhsil proqramının qəbul edilməsini mühüm hadisə adlandırıb: “Prezident İlham Əliyevin “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı ölkə gənclərinin qarşısında geniş imkanlar açır. Ötən proqramda 3500 gəncimiz bu imkandan bəhrələndi. Hazırda onların çoxu müxtəlif dövlət orqanlarında və özəl sektorda təmsil olunurlar”.
“Yenidən belə bir qərarın verilməsi Prezidentin gənclərə olan yüksək etimadının təzahürüdür. Hər il 400 gəncimiz olmaqla 2000 gəncin bu proqramdan yararlanması gözlənilir. Onlar dünyanın nüfuzlu universitetlərində əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı naminə sərf edəcəklər”, - deyə müsahibimiz diqqətə çatdrıb.
Deputat hesab edir ki, məzunların xaricdə qalmaqla bağlı qərarından sonar, onlara ödənilən vəsaitin geri qaytarılması məntiqli addımdır: “Dövlət bu gənclərə xərc çəkir, onların peşəkar mütəxəssis olaraq cəmiyyətimizin inkişafına töfhə verməsinə çalışır. Belə olduqda mütləqdir ki, həmin gənclər də karyeralarını Azərbaycanda davam etdirsinlər. Yox, əgər xaricdə qalacaqlarsa, bu halda indiyə qədər ayrılan vəsaiti geri qaytarmalı olacaqlar”.
“Bu gənclərə də dövlət şərait yaradır və xaricdə qalacaqları təqdirdə, onları faktiki olaraq faizsiz kreditlə təmin edir. O ki qaldı geri döndükdən sonra Azərbaycanda iş təminatı məsələsinə, son dövrlər xaricdə təhsil alan gənclərimiz yüksək vəzifələrə təyin olunurlar. Bu xüsusda birinci proqramla müqayisəni bir o qədər də uğurlu saymıram”, - deyə Əliyeva vurğulayıb.
O əmindir edir ki, ikinci xaricdə təhsil proqramının məzunları iş təminatı məsələsində heç bir problemlə üzləşməyəcəklər: “Bir daha söyləmək istəyirəm ki, əvvəlki dövrlərdən fərqli olaraq xaricdə təhsil və yüksək ixitsaslaşmağa xüsusi önəm verilir. Artıq 2015-ci il deyil və son illər Azərbaycanda kompleks islahatlar həyata keçirilir. Bu islahatların mahiyyətində isə idarəetməyə yeni nəfəs gətirilməsi, eyni zamanda yüksək təhsilli gənclərin önə çıxarılması dayanır. Bu isə öz növbəsində xaricdə təhsil alan, o cümlədən bütün istedadlı gənclərimiz üçün unikal fürsətdir”.(AYNA)