Mingəçevirdə icra başçısından yarımayan şəhər sakinləri...-VİDEO // FOTO
Yenixeber.org: Yəqin ki, oxucularımız xatırlamış olarlar. Ötən ilin aprel ayında "Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri, İcra başçısından da narazıdır" başlığı altında bir geniş yazı dərc etmişdik. Sözügedən yazıda Mingəçevir şəhərinin bir neçə narazı sakinlərinin redaksiyamıza ünvanladığı məlumatlar yer alırdı.
(Seçdikləri deputatdan yarımayan Mingəçevir sakinləri İcra başçısından da narazıdır)
Belə ki, şəhərin Rəsulzadə 8 ünvanında yaşayan sakinlər küçənin bərbad vəziyyətdə olduğundan, həmçinin evinin önünə eyvan artırmaq üçün üst qonşuya (nələrsə müqabilində) icazə verildiyindən, lakin, birinci mərtəbədə yaşadıqları halda, onlara İcra Hakimiyyətinin "qanun izah etməsi"ndən gileylənirdilər.
Həmçinin, Heydər Əliyev 84 ünvanında şəhid Əli Nəsibovun ailəsinin yaşadığı mənzilin yaşamağa yararsız olduğu, eyni zamanda Heydər Əliyev 84 ünvanında yerləşən və bir neçə ailənin yaşadığı köhnə yataqxana sakinlərinin ölüm saçan binada yaşamağa etiraz etmələri də yazıda yer alırdı.
O zamanlar yazının silinməsi üçün bəzi minnətçilər "dövriyyə"yə girdilər. Heç bir nəticə ala bilmədikdə isə başqa saytlarda bizi yalan məlumat yazmaqda suçlayıb, yazılanların təkzibini paylaşdılar. Ondan da bir şey çıxmadığını görüncə isə İcra Hakimiyyətinin bəzi səlahiyyətli şəxsləri redaksiyamız ilə telefon əlaqəsi saxlayıb, xeyli söhbət etdilər. Söhbət əsnasında isə söz verdilər ki, "Siz daha bu mövzuya toxunmayın, söz veririk ki, dekabr ayına qədər məsələ həllini tapacaq. Hətta, Heydər Əliyev 84 ünvanındakı qəzalı binanın təmirinə başlamaq üçün tikinti materialları da gətirmişik. Başlayırıq təmirə."
Biz də səbrlə dekabr ayında sözügedən binanın redaksiyamıza müraciət edən sakinlərindən təşəkkür zəngləri alacağımız ümidi ilə gözlədik.
Amma...
Amma, nə gözlədiyimiz "təşəkkür zəngləri" gəldi, nə də sözügedən bina təmir edildi. Əksinə, ünvanımıza Mingəçevir şəhər İcra Hakimiyyətinin özbaşınalıqları barəsində əlavə məlumatlar də göndərildi.
Mingəçevir İcra başçısının oğlunun idarə etdiyi avtomobili ilə qəza törətdiyi xəbəri yayıldı, tezliklə də hansısa yollarla bəzi saytlarda yer alan xəbər də, qəzada xəsarət alan şəxs də ört-basdır edildi. Lakin, "elin ağzı çuval deyil ki, büküb bağlayasan". Söz bir kərə çıxdısa, onu gizlətmək mümkünsüz.
Bundan əlavə xatırlamış olarsınız ki, bir neçə gün əvvəl Mingəçevir şəhərində 5 və 7 saylı körpələr evi - uşaq bağçasının ərazisinin baha qiymətə satıldığı barəsində də məlumat yayımlamışdıq. İcra Hakimiyyəti bunu təkzib etdi və hətta mövqe öyrənmək üçün telefon açdığımızda, 7 saylı uşaq bağçasını əyani görməyimiz üçün, bizi Mingəçevir şəhərinə də dəvət etmişdilər. Lakin, onların bu addımı bizim üçün keçərli olmadı, çünki, sözügedən uşaq bağçasının "bahalı ərazisinin" satılıb, fəaliyyətini şəhərin başqa ünvanında davam etdirdiyindən artıq məlumatımız var idi. Sonra, bizim məlumatlarımızın yayımlandığı bütün sosial şəbəkələrdə rəy bölməsində yazdılar ki, 7 saylı uşaq bağçası - körpələr evinin ərazisi onların deyil, Kommunal Təsərrüfat idarəsi tərəfindən hərrac yolu ilə satılmışdır.
Lakin, bu ölkənin başçısına da, vətəndaşlarına da məlum olan bir gerçək var ki, yerlərdə özbaşınalıq edən, yalnız İcra başçılarıdır (hamısına şamil olunmur, amma, böyük əksəriyyəti). Qalan bütün idarələr və çalışanları qanundan kənar olsa da, naməlum səbəblərdən onların əmrlərinə tabe olurlar.
Daha sonra Mingəçevir şəhərində fəaliyyət göstərən bir media nümayəndəsi Elçin Həsənov Facebook sosial şəbəkəsi üzərindən haray saldı ki, "Mingəçevir İcra Hakimiyyəti məni təhdid edir. Mənə kömək edin."
Elçin Həsənovun iddialarına görə, Mingəçevir İcra Hakimiyyətinin onu təhdid etməsinə səbəb, onun sözügedən İcra Hakimiyyətinin törətdiyi bütün qanunazidd əməllərini ifşa etməsidir.
Elçin Həsənov Facebook hesabında paylaşdığı, eyni zamanda redaksiyamıza ünvanladığı müraciətində iddia edir:
"Hüquq-mühafizə orqanlarına və KİV-in nəzərinə!
"Mingəçevir İcra başçısı məni həbs etdirmək üçün, Mingəcevir Prokurorluğuna şikayət göndərib ki, güya mən onun korrupsiya əməllərini ifşa etməklə onu şantaj edirəm.
Əslində isə, İcra başçısı İlham İsmayılovun oğlu şəxsi avtomobili ilə qəza törədib. Mən qəza nəticəsində iki nəfərin xəsarət alması faktını və şəhərin asfaltlaşma, parklaşma işlərində yeyinti faktını ifşa etdiyim üçün, həmçinin İcra Hakimiyyətinin tabeliyindəki kommunal və digər idarələrin dövlətə borcu olduğunu ört-basdır etmə faktını, ?3 yaşda adamları rüşvət qarşılığında vəzifədə saxlaması və digər əməllərini ictimailəşdirdiyim üçün adam məni susdurmaq istəyir.
Burdan hüquq-mühafizə orqanlarına müraciət edib, bildirirəm ki, jurnalist fəaliyyətimə görə yenidən şərlənib həbs olunmamaq üçün sizdən kömək istəyirəm."
Elçin Həsənovun iddialarından belə aydın olur ki, Mingəçevir İcra başçısı İlham Hüseynov deyəsən özünü Mingəçevir şəhərinin "hökmdar"ı hesab edir ki, nəyinki sıravi sakinlərin, hətta media nümayəndəsinin belə, zor tətbiq edərək, söz azadlığını əlindən almağa çalışır.
Onu da qeyd edək ki, əvvəllər olsaydı, bəlkə də sakinlər yenə susardı. Amma, artıq elə Mingəçevir şəhər sakinlərinin dili ilə desək, "millət onun saymazlığından boğaza yığılıb".
Güman edirik ki, ölkə başçısının apardığı islahatlardan tezliklə bütün özbaşına məmurlar öz nəsibini alacaqdır.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
DogruXeber.az