Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Sərt karantin yeganə çıxış yoludurmu?-PROBLEM

Həkim: “Bu qərar çarə deyil. Görünən odur ki, gələn ilin yayına, bəlkə də payızına kimi bu vəziyyətdə yaşayacağıq, indi nə edək, insanlara yaya kimi evdə oturun deyək?!”

Yenixeber.org: Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il yanvarın 31-nə qədər uzadıldı. 2020-ci il 14 dekabr, saat 00:00-dan, 2021-ci il 18 yanvar, saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir.

Dekabrın 14-dən gələn il yanvarın 18-nə qədər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) bütün digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə SMS-icazə sistemi və ya Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə verilir.

Bəs, karantin rejiminin uzadılması və sərtləşdirilməsi bu dəfə effekt verəcəkmi? Başqa hansı tədbirlər görmək olardı? COVİD-19 əleyhinə peyvənd nə vaxt ölkəyə gətiriləcək? Bütün bu sualları mütəxəssislərə ünvanladıq.

Həkim-infeksionist Nicat Əzimli bildirdi ki, həmişə təkrarladığımız fərdi qorunma tədbirləri daha önəmli və səmərəlidir:

“Hazırkı vəziyyətdə, xəstəxanaların işinin keyfiyyətinə təsir edəcək sayda aktiv xəstə sayının olduğu durumda, bu radikal qərarı dəstəkləmək lazımdır”.

Peyvəndin Azərbaycana nə vaxt gətiriləcəyinə gəldikdə, həmsöhbətimiz qeyd etdi ki, bunun üçün öncə peyvəndin Dünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənməsi lazımdır.

Həkim-farmakoloq Müşfiq Hüseynov isə bildirdi ki, pandemiyanın ikinci dalğasının noyabr ayında başlayacağı bir proqnoz idisə, ikinci dalğanın birincidən daha təhlükəli olacağı ikinci proqnoz idi:

“Bir başqa proqnoz da yayda dörd ay davam edən qapanma ilə əlaqədar idi. Sentyabra qədər SMS-çıxışa məcbur qaldıq. İnsanları yayda dənizsiz, havasız, günəşsiz və meyvəsiz qoymaq qəti düzgün deyildi və biz bunun acı nəticələrini qışda mütləq görəcəkdik! Elə də oldu. Birinci gündən deyilir ki, SMS düzgün qərar deyil. Ya tam iki həftəlik qapanmaya gedib, ümumiyyətlə, küçəyə çıxma yasağı gətirilməli idi, ya da maska məcbiriyyəti olmalı idi. Amma olmadı. İnsanlar bütün yayı dörd divar arasında keçirdilər. Zatən zədələnmiş immun sistemi bərpa olunmağa vaxt tapmadı. Nəticəsini bu gün görürük”.

M.Hüseynov Operativ Qərargahın son qərarını çarəsizlik kimi qiymətləndirir:

“Xəstəxanalarda yer yox, test sayı az, amma xəstə və ölü sayı çox, apteklərdə dərman qıtlığı var, müharibədən ağır sosial-iqtisadi durumda çıxan xalqı yenidən evə qapatmaq düzgün qərar deyil. Qış gəlib, hava saat 17:00-da qaralır, onsuz da küçələrdə insan azalıb. Şənbə-bazar günləri qapanmaq yetərli idi. Vəziyyət iki həftəyə stabilləşəcəkdi. Amma yenə SMS, yenə evdən çıxma yasağı gəldi… Nəsə dəyişəcəkmi? Məncə, yox. Səbəbləri isə qeyd etdim. Virus küçədə deyil ki, onu qapatmaqla həll edəsən. Bu qərar pandemiyanın ilk aylarında uğurlu sayıla bilərdi. Artıq virus evlərdə və ailələrdədir. Evə qapanma qərarına ehtiyac yox idi. Həftənin iki günü qapanma yetərli idi. Maska məcburiyyəti, şəhid dəfnlərinin bitməsi, insanların küçələrdən yığışması gələn həftədən başlayaraq mütləq saya təsirini göstərəcəkdi. Niyə belə qərar verildi, anlamaq mümkün deyil. Qapanma çarə deyil. Hələ indiki durumda və qışda ümumiyyətlə, deyil. Pandemik vəziyyətin bitməsi üçün hər kəsin də olmasa, əhalinin 60 faizinin peyvəndlənməsi lazımdır”.

Ölkəmizə peyvəndin gətirilməsi isə bağlı məsələyə toxunan M. Hüseynov peyvənd işinin bu gün geostrateji hal aldığını vurğuladı:

“Bütün dünyanın diqqəti buna yönəlib. Rusiyada peyvəndləmə başlayıb. Çində dekabrın 10-da peyvənd istehsalına başlanır. ABŞ-da “Pfizer” peyvənd istehsalı üçün icazə aldı və yaxın günlərdə istehsala başlayacaq. Almaniya da yeni ilə kimi azı 1 milyon insanın peyvəndlənəcəyini açıqladı. Bəs, biz? Peyvənd alınma işi dövlət inhisarındadır və çox güman ki, artıq sifarişlər verilib. Hardan və hansı sayda, bu haqda məlumatım yoxdur. Amma ilk peyvəndlər bizə nə vaxt gələcək? Öndə gedən dövlətlər artıq sifarişlərini veriblər. Bütün dövlətlərdə ilk olaraq xüsusi risk qrupları peyvəndlənir. Bu kateqoriyaya 60 yaş üstü şəxslər, müəllimlər, həkimlər, polis və sərhəd xidməti daxildir. İkinci etapda yəqin ki uşaqlar, dövlət məmurları, xidmət sektoru, sonda isə digər vətəndaşlar peyvəndlənəcək”.

Həkim mart ayında 3-cü dalğanın olacağını da proqnozlaşdırır:

“Görünən odur ki, 2021-ci ilin yayına, bəlkə də payızına kimi bu vəziyyətdə yaşayacağıq. İndi nə edək, insanlara yaya kimi evdə oturun deyək? Bir daha bildirirəm ki, bu qərar çıxış yolu deyil. Günü xilas etmək və sistemin çatışmazlığını insanları evə qapatmaqla pərdələməkdir”.(pressklub)

Ülviyyə Şahin


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam