“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-DE-FAKTO
"McDonalds” şirkətinin Azərbaycana dəstək məqsədli paylaşımının silinməsi cəmiyyətdə müzakirəyə səbəb olub.
Yenixeber.org: Şirkət bir neçə gün öncə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstək sərgiləyərək rəsmi səhifəsində paylaşım etmişdi. Azərbaycan bayrağının bütün doğma torpaqlar üzərində dalğalanmasını arzu edən şirkət sonra nədənsə mövqeyini dəyişərək həmin paylaşımı silib.
Təbii ki, bu Azərbaycan ictimai rəyində birmənalı qarşılanmadı. Etdiklərindən toplumun xəbərdar olduğunu anlayan səhifə idarəçiləri çox keçmədən bu addımı hansı səbəbdən atdıqlarına "aydınlıq” gətiriblər. Amma necə deyərlər, üzrü qəbahətindən daha betər olub.
Belə ki, şirkət paylaşımın silinməsini əsas amaldan geri dönməməklə, yəni insanları qida ilə təmin etmək fikrinə sadiq qalmaqla əlaqələndirib. O zaman sual olunur, əgər "McDonalds” rəsmi səhifəsi həqiqətən də ancaq qida təminatı məsələsinə önəm verib, bununla bağlı paylaşım edirsə, niyə bundan əvvəl müxtəlif bayramlarla bağlı (Qurban bayramı, Ramazan bayramı, Silahlı Qüvvələr Günü və s.) paylaşım edirdi?
Qeyd edək ki, paylaşımın silinməsi ermənilərin "McDonalds” şirkətini boykot etməsi ilə əlaqələndirilir.(sfera)
***
Əməkdar artist Mehriban Xanlarova da “McDonald's”, “Papa John's” və “Burger King” kimi restoranları boykot etməyə səsləyib.
Bu barədə sosial şəbəkə hesabında paylaşım edən aktrisa sözügedən şirkətlərin Azərbaycana dəstək postlarını silməsini sərt şəkildə qınayıb:
“Az öncə aldığım məlumata görə Azərbaycan xalqı “McDonald's”, “Papa John's” və “Burger King” restoranlarını boykot kampaniyasına start verib. Səbəb isə bir müddət öncə Azərbaycana dəstək mesajı paylaşan bu restoranlar nə hikmətdirsə, birdən-birə qərara gəliblər ki, bunların işi “yemək bişirmək”dir. Və o dəstək mesajını siliblər. Azərbaycandan milyonlar qazanan bu şirkətlər nədən qorxub dəstəklərini geri çəkib bilmirəm və bu sualı onlara ünvanlamaq istəyirəm: Sizi qorxudan nədir? Haqlı davamızda və bu ölkədə nədən çəkinirsiniz? Birinci Vitse-Prezident Mehriban Əliyeva xalqa müraciətində dəfələrlə bəyan edib ki, “Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram”.
Sənətçi bu məsələnin şirkətlər üçün amal məsləsi olduğuna inanmadığını qeyd edib:
“Sizin “prinsip”ləriniz günahsız şəhid edilən körpələrin qanından dəyərlidirmi? Düşünürəm ki, məsələ “prinsip və amal” məsələsi olsa idi əvvəlcədən dəstək verməzdiniz! Dəstək olub sonra geri çəkirsinizsə, deməli problem başqadır”.(yenixeber.org)