Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

“Dini mövzulardan ehtiyat edirəm”

 

Gündüz Ağayev: “Mənə ən çox bığlı, yekəqarın polislər ilham verir” 

 

Fransada baş verən məlum karikatura qalmaqalından sonra dünyada bu peşə sahiblərinə diqqət artıb. Azərbaycanda “Molla Nəsrəddin” jurnalından üzü bu yana karikatura sənəti mövcud olsa da, son illər bu sahə öz populyarlığını itirib. Azərbaycanda karikaturaçı adına bir əlin barmaqlarının sayı qədər də adam yoxdur. 
"Xeberinfo.com":  Son illər fərqli karikaturaları ilə diqqət çəkən istedadlı karikaturaçı Gündüz Ağayevlə virtual söhbətimizdə də elə bu mövzulara toxunduq. Azərbaycanda sözügedən sahənin çətinliyindən, işin incə nöqtələrindən... danışdıq. 
-Gündüz bəy, sizcə, Azərbaycan kimi bir ölkədə karikaturaçıların sayı niyə bu qədər azdır?
- Azərbaycanda karikaturaçıların sayı heç də az deyil. Bir xeyli var. “Azərbaycan Karikaturaçı Rəssamlar” ictimai birliyi var. Rəssamlar İttifaqında da karikatura bölməsi fəaliyyət göstərir. Və  mən hesab edirəm ki, sizin belə qənaətə gəlməyiniz təbiidir. Çünki onlar ölkənin ictimai-siyasi həyatında aktiv deyillər. Bunun səbəbləri də bəllidir.

“Hər ağır karikaturadan sonra yaxınlarının qınaqlarına tuş gəlirsən, onların çoxu işlərini itirməkdən qorxurlar”

- Sizi bu sahəyə gətirən nə oldu? Necə başladız? 
- Mən təxminən 3 ildir ki, bu işlə məşğulam. Çalışdığım qədər ölkədə olan problemlərə toxunmuşam. Çəkinmədən açıq sözümü deyirəm. Bu işə həm də vətəndaş mövqeyi kimi baxıram. Çünki öz sahəm olan rəngkarlıqda bu problemləri karikatura qədər asan və birbaşa çatdırmaq olmur. Fikirləşdim ki, bunu bacarıramsa niyə də karikatura olmasın? Meydan boşdur, kimisi işini itirməkdən qorxur, kimisi həbsdən qorxur. Kimisi də qorxur ki, layihələrdən kənarda qalar, ad-san verməzlər.
- Azərbaycanda karikaturaçı olmaq asan olar yəqin ki... Mövzu sarıdan zəngin ölkəmiz var. 
- Əlbəttə mövzu boldur. O baxımdan heç bir əziyyət çəkmirəm. Amma bunları işləmək o qədər də asan iş deyil. Hər ağır karikaturadan sonra yaxınlarının qınaqlarına tuş gəlirsən, onların çoxu işlərini itirməkdən qorxurlar. Və buna təbii baxıram. Sonra hədələyici zənglər gələ bilər. Hər an gərginlikdə olursan. Bu baxımdan bu iş elə də asan deyil.
- Sizə daha çox kim, kimlər və ya nə ilham verir? 
- Mənə ən çox bığlı, yekəqarın polislər ilham verir. Onları küçədə görəndə istəyirəm elə o an onlara baxıb rəsm çəkim. Məncə Azərbaycanda dünyanın analoqsuz yeni stilli polis nəsli yetişib. Bu sevindirici haldır.
- Hansı mövzulara, personalara daxili senzura qoymusuz? Belə deyək ki, onları çəkmirsiz, dediklərini “eşitmirsiz” və sair...
- Dini mövzulardan ehtiyat edirəm. Dini tənqid edəndə tək İslamı nəzərdə tutmuram, çalışıram ki, mövzuya başqa dünyəvi dinləri də qoşum. Amma onunla belə yenə də söyülür, hədələrlə dolu mesajlar alıram.

 “Sinəsinə döyən karikaturaçılar ortada olmadığı üçün məşhurlaşmışam”

- Sizin karikaturalarınızı istənilən media orqanı dərc edə bilirmi? 
- Bəli. Dəfələrlə belə hallar olub. Məncə bu yaxşı haldır. əsas məqsədim elə karikaturalarımın nə qədər imkan varsa geniş auditoriyaya çıxmasıdır. Mesajlarım daha çox adama çatsa işimin bəhrəsi olar. Bu sarıdan xəsis deyiləm.
- Amma karikaturaçı gəliri ilə bu ölkədə dolanmaq, yaşamaq olmaz, doğrudur? O halda yaşamınızı necə təmin edirsiz? 
- Karikatura mənim xobbimdir. Öz işim var. Sifarişlərim də olur.
- Paris olayları hələ də dünyanın diqqət mərkəzindədir. Siz Fransadakı həmkarlarınızla bağlı nə düşünürsüz? Onlar hansısa mərhələdə dayanmalı, nələrisə nəzərə almalıydılarmı? Yoxsa karikaturaçı üçün qırmızı işıq olmamalıdır? 
- İfadə azadlığı uğrunda mübarizədə avropalılar daha çox peşəkardılar. Bu artıq ənənə şəklini alıb. Bu mübarizədə onlar öz həyatlarını qurban verməyə belə hazırdılar. Onlar üçün qırmızı xətt deyilən şey yoxdur. Tarixə nəzər salsaq görərik ki, azad söz uğrunda tonqalda yandırılanlardan tutmuş, İkinci Dünya müharibəsində intihar edənlər, vətənindən didərgin düşənlərə qədər yüz minlərlə alimlər, yazıçılar, rəssamlar olub. İşini itirmək, həbs olmaq təhlükəsi, ölüm qorxusu onlar üçün deyil. İfadə azadlığı avropalı üçün müqəddəsdir. Onun uğrunda bu qədər insanlar asılıb, yandırılıb, inqilablar olub, qanlar tökülüb. Bu onlara asan başa gəlməyib. Mənim fikrimcə daxildəki senzuranı insan özü müəyyən etməlidir. Kimsə qorxmursa, mübarizdirsə onu bu yoldan heç kim döndərə bilməz.
- Karikaturalarınıza görə nə zaman başınız ağrıyıb, təhdid edilmisiz? 
- Bir neçə dəfə olub. Hər karikaturadan sonra fasilə etmişəm. Gündəmdən düşəndən sonra, ara sakitləşən kimi yenə işləmişəm. Çalışırdım özümü bu vasitə ilə qoruyum.

 “Hər karikaturadan sonra fasilə etmişəm, gündəmdən düşəndən sonra yenə işləmişəm”

- Kartikaturanı sifarişlə çəkmək olarmı? Olarsa kimin sifarişi ilə? Sifariş daha çox kimdən və ya kimlərdən, hansı kəsimdən gəlir? 
- Sifarişlər gəlir. Amma onlar həm mövqeyimlə üst-üstə düşməli, həm də mövzu kimi maraqlı olmalıdır. Kəsimlər müxtəlif adamlardı. Elə olur ki, dostlarla məclislərdə mövzu yaranır.
- Azərbaycanda özünüzə örnək saydığınız karikatura ustaları kimlərdir?
-Ümumiyyətlə bu işin peşəkarı deyiləm. Məşhur olmağıma səbəb yenə də deyirəm meydanın boş qalmasıdır. Sinəsinə döyən karikaturaçılar ortada deyil deyə mənim karikaturalarım daha çox şöhrət qazanıb. Azərbaycanda özümə örnək saydığım karikaturaçı isə yoxdur. 
Müsavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam