Bahar Muradovadan Gəncə olayları ilə bağlı ilginc açıqlamalar
Bahar Muradova: “Bu, Azərbaycana mesaj verməkdir ki, sizin ən çox inkişaf etmiş saydığınız regionunuzda belə, problem yarada bilərik”
Yenixeber.org: Milli Məclisin sədr müavini Bahar Muradova “Yeni Müsavat”a geniş müsahibə verib. Gəncə hadisələri, baş verən olayların arxasındakı qüvvələr, Azərbaycana qarşı xain planların tətikçilərinin kimliyi və digər məsələlərdən bəhs edən söhbətimizi təqdim edirik:
- Bahar xanım, əksər ekspertlərin rəyi budur ki, Gəncədə baş verənlər aysberqin görünən tərəfidir. Sizin müşahidə və məlumatlarınız nə deyir, bu hadisələr hansı mərkəzlər tərəfindən planlaşdırılıb, Azərbaycana qarşı planların işə salınmasının səbəbləri nədir? TANAP layihəsinin reallaşmasıdırmı qıcıq doğuran, yoxsa Bakının Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində növbəti addımları?
- Görünən odur ki, Azərbaycanın həqiqətən malik olduğu daxili ictimai-siyasi sabitliyi, dünyanın ziddiyyətlər, burulğanlar içərisində olduğu zamanda sanki bir sabitlik adası kimi mövcudluğu, üstəlik də bu şəraitdən istifadə edərək Azərbaycanın dünyaya mümkün bütün qapılarını açması, əks hərəkət üçün siyasət yeritməsi bəzi dairələri qane etmir. Hətta hadisələr bu şəkildə cərəyan etməsəydi belə, başqa hansısa hadisələrin baş verəcəyini ehtimal etmək olardı. Çünki biz bilirik ki, Azərbaycan tipli ölkələrin öz taleyinin və müstəqil siyasi iradə sahibi olması dünyanı öz istədikləri istiqamətə yönəltmək, ölkələri də öz siyasətlərini məhz buna uyğun qurmağa vadar etmək niyyəti ilə fəaliyyət göstərən dairələri heç zaman qane etmir. Konkret ad çəkmək istəməzdim ki, bu, hansı ölkənin marağında deyil və yaxud da bunun arxasında hansı ölkələr dayanır. Hər halda, baş verən hadisələr müxtəlif dairələrin Azərbaycandakı mövcud vəziyyəti, o cümlədən daxili sabitliyi həzm edə bilmədiklərini ortaya qoyur.
- Siz parlament rəhbərliyində təmsil olunursunuz, rəsmi şəxssiniz. O mənada ad çəkməməyinizi anlayışla qəbul edirik. Amma reallıq budur ki, Azərbaycanın son addımları Qərbin marağındadır. Bakının qərarları iki böyük qonşumuzu qane edə bilməz, üstəlik də Ermənistan faktoru var...
- Əlbəttə ki, birmənalı şəkildə Azərbaycanın bu cür siyasəti, konkret nəticələrə yönəlmiş addımları ilk növbədə Ermənistan və Ermənistan vasitəsilə öz maraqlarını həyata keçirmək istəyən dairələrin narahatlığına səbəb olur. Bir də ki, Azərbaycan özü haqqında, özünün hədəfləri və buna yönəlmiş fəaliyyəti haqqında açıq mövqe sərgiləyə bilər, bu onun hüququdur. Biz hər zaman demişik ki, bizim istər Avropa, istər digər regionlarla siyasətimiz üçüncü bir tərəfə qarşı yönəlməyib. Biz malik olduğumuz imkanları, resursları həm ölkənin, həm regionun, həm də münasibətdə olduğumuz ölkələrin marağı üçün istifadə etməyə çalışırıq. Malik olduğumuz kommersiya və enerji imkanlarımızı başqa ölkələrə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edən ölkələr sırasında deyilik.
- Buna baxmayaraq, Azərbaycandan yenə də nələrsə istənilir. Bizim ölkədən nə istəyirlər, nə tələb edirlər? Məsələn, Azərbaycanı Avrasiya Birliyində, Rusiyanın yanında görməkmi istəyirlər?
- Yenə də siz suallarınızla məsələni konkretləşdirməyə çalışırsınız. Amma mən düşünmürəm ki, sadəcə, bununla bağlıdır. Yenə də deyirəm, Ermənistan və Ermənistanı dəstəkləyən beynəlxalq dairələr ki, var, hər mümkün vasitədən istifadə edərək Azərbaycana təzyiqi davam etdirmək niyyətindədirlər. Çünki erməni lobbisi, erməni diasporu və beynəlxalq aləmdə gedən proseslərin içərisindəki məsələləri erməni maraqlarına xidmətə yönəltməyi özünə peşə seçmiş, bunun da müqabilində yaşamaq imkanlarını sürdürənlər bundan Azərbaycana qarşı istifadə edir. Yəni heç digər dairələr olmasa belə, bir Ermənistanın varlığı, onun Azərbaycana qatı düşmənçiliyi bütün məqamlarda bizi ehtiyatlı olmağa və təhlükəsizlik tədbirlərini görməyə vadar edir.
- Bununla Ermənistanın rolunu şişirtmirikmi?
- Yox, Ermənistan vasitədir və bəlkə də o, sizin bayaq dediyiniz məsələnin görünən tərəfidir. Azərbaycanın istənilən sərbəst hərəkətlərinin, müstəqil siyasətinin narahat etdiyi dairələr ondan da bir kart kimi istifadə edərək öz niyyətlərini reallaşdırmağa çalışırlar, bu, bir faktdır.
- Amma məsələyə tibbi nöqteyi-nəzərdən yanaşsaq, xəstəliklər adətən müqaviməti zəifləmiş insana, yaxud da hansısa problemli orqana daha çox sirayət edir və ağır fəsadlara səbəb olur. Bu mənada baş verənlərin səbəblərinin həm də hansısa bölgədə problemlərin olması, məmur-vətəndaş münasibətlərindəki neqativlərdə axtarılmasına necə baxırsınız? Bəlkə xarici kəşfiyyat orqanları həm də problemli nahiyələri aşkar edəndən sonra orada işləməyə, xain əməllərini reallaşdırmağa qərar veriblər. Bu arqumentlərlə razısınızmı?
- Bilirsiniz, problem olmayan ölkə yoxdur. Bu gün ən inkişaf etmiş ölkələrdə belə, sizin dediyiniz məsələlər üzrə zəif nöqtələr tapmaq və onun vasitəsilə müəyyən fəaliyyətlər planlaşdırmaq olar. Nəzəri cəhətdən bu, mümkündür. Amma mən düşünmürəm ki, konkret indiki hadisələr sizin dediyiniz məsələlərlə sıx bağlıdır. Sadəcə, burada Gəncə hadisələrini ənənəyə çevirmək istəyənlər və Azərbaycanı qarışdırmaq üçün, elə azərbaycanlıların öz şüuruna “bəli, bu bölgədə, bu nöqtədə problem var və hər dəfə də burdan başlanır” deyə, bunu qəbul edilən fakta keçirmək niyyətləri də var. İndi siz baxın, Gəncə Azərbaycanın ən çox inkişaf etmiş regionlarından biridir və Bakıdan sonra böyük şəhər, özü də dünya miqyasına çıxmış bir şəhərdir. Bu şəhərdə son illər xalqın rifahı, regionun inkişafı, imkanların artırılması üçün xeyli işlər görüldüyünü heç kəs inkar edə bilməz. Məhz Gəncənin seçilməsi də təsadüfi deyildi. Amma mən məsələyə başqa yöndən yanaşmaq istərdim. Məsələnin digər bir tərəfi nədənsə qaranlıq qalır.
“Mən burada məsələni məmur-vətəndaş qarşıdurmasına bağlamaq istəyənlərlə razılaşmıram” |
Biz daha çox bizə yönəldilən istiqamətə getmək istəyirik ki, bəli, guya burada problemlər olub və problemlər olduğu üçün də zəif nöqtəmiz buradır. Əksinə, mən Gəncəni ən çox inkişaf etmiş, Azərbaycanın müasir dövr yeritdiyi siyasətə daha çox dəstək verən, öz bölgəsini, öz şəhərini sevdiyi kimi, bütövlükdə Azərbaycanı inkişafda görmək istəyən və bunun üçün çalışan insanların yaşadığı bir region hesab edirəm. O demək deyil ki, digərləri belə deyil. Amma bu regionun inkişaf göstəriciləri belə deməyə əsas verir. Cənab prezidentin regionların inkişafı ilə bağlı qəbul etdiyi proqramlar, orada ayrı-ayrı regionlarda reallaşdırılması nəzərdə tutulan istiqamətlər və onun nəticələri əlbəttə ki, vacibdir. Konkret olaraq bu bölgəyə yönəldilən diqqət, ayrılan vəsait, onun icrası tapşırılan şəxslərin seçimi, bütün bunlar çox ciddi amildir. Amma mən burada məsələni məmur-vətəndaş qarşıdurmasına bağlamaq istəyənlərlə razılaşmıram. Əksinə, bizə verilən mesaj ondan ibarət olub ki, sizin ən çox inkişaf etmiş, iş görülmüş bölgənizdə problemlər yarada bilərik. Yəni Azərbaycan öz hərbi gücü, iqtisadi potensialı, vətəndaşlarının sosial durumu və daxili sabitliyi ilə çox da öyünməsin. Hesab edirəm ki, mesaj bu şəkildə yönəldilib.
- Yəni Azərbaycan milli təhlükəsizliyinə təhdidlərdən söhbət gedir...
- Bəli, təhdiddir. Bu, planlaşdırılmış bir işdir. Xüsusilə Sizin vurğuladığınız son nailiyyətlərimizin fonunda belə cəhdlərin olacağını təxmin etmək olar.
Amma yenə yanıldılar. Gəncə camaatı əsil vətəndaş sayıqlığı və məsuliyyəti sərgilədi. Hüquq mühafizə orqanlarımızın şücaəti, öz borclarına sadiqliyi və qəhrəmanlığı isə ayrıca vurğulanmalıdır. Həyatları bahasına cinayət yolunu tutmuş şəxsləri zərərsizləşdirərərk asayişi qısa müddətdə bərpa etdilər. Azərbaycan xalqına və dövlətinə sədaqətlə xidmətin hər şeydən öndə olduğunu bir daha nümayiş etdirdilər.
- Deputat Qüdrət Həsənquliyev son müsahibələrinin birində deyib ki, “baş verənlər əsas döyüş qabağı düşmənin necə cavab verəcəyini yoxlamaq üçün aparılan kəşfiyyat döyüşünə bənzəyir. Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq”. Siz qanunverici orqanın rəhbərliyində təmsil olunan şəxs kimi durumun daha da kritikləşəcəyi barədə hər hansı bir məlumata maliksinizmi, yaxud gözləntiləriniz var?
- Mənim pis yöndə hansısa gözləntim yoxdur və belə bir proqnoz da vermək istəmirəm. Əminliyim də var ki, Azərbaycan dövləti, müvafiq qurumlar lazımi addımları atmaqdadırlar. O hadisələrin törədilməsində iştirak etmiş, təqsiri olan, maliyyə yardımı göstərmiş, təşkilati mövqedən dəstək vermiş dairələr müəyyənləşdiriləcək və hər kəs Azərbaycan dövlətinin, onun qanunlarının gücünü öz üzərində hiss edəcək. Hansısa bir kataklizmlərin olmasına gəldikdə isə düşünürəm ki, müvafiq qurumlar hətta belə bir cəhdlər niyyətində olanlar varsa da, onların planlarını puç edəcəklər. Buna qəti əminliyim var. Növbəti dəfə bizi ən güclü yerimizdən vuraraq zəifliyimizə inandırmaq istəyənlərin yanıldığını onlara sübut edəcəyik və etməkdəyik, buna birmənalı inanıram.
- Yuxarıda səsləndirdiyiniz arqumentlər kifayət qədər ciddidir. Amma bəzi həmkarlarınız da hesab edirlər ki, növbəti gərginliklərin yaranmaması üçün bölgələrdə prezidentin siyasətini həyata keçirən şəxsləri, xüsusilə də icra başçılarını sərf-nəzər etməyə, onların yerində olub-olmadığına nəzər salmağa zərurət yaranıb. Bu barədə nə deyə bilərsiniz?
- Mən mövzunu konkret bir məsələnin üzərində məmur-vətəndaş narazılığının güclənməsinə, eləcə də region rəhbərliyi ilə ölkə rəhbərliyi arasındakı münasibətləri zəiflətməyə yönəlmiş fikirləri tirajlamağın əleyhinəyəm. İnanıram ki, Azərbaycan dövləti, müvafiq qurumlar belə hadisələrin baş verməsinin səbəbkarlarını, təqsirkarlarını, xaricdən maliyyələşdirilənləri, bunu körükləyənləri aşkarlamaqla bərabər, bu və ya digər söz-söhbətlərin yaranmasına səbəb ola biləcək faktları da sərf-nəzər edirlər və etməkdədirlər. Biz bilirik ki, dövlət funksionerlərinin fəaliyyəti hər zaman həm ictimaiyyətin diqqətindədir, həm də Azərbaycan dövlətinin. Bu və ya digər yanlışlıqlar, nöqsanlar olursa, heç bu hadisələr baş vermədən də onlar dəyərləndirilir, qiymətləndirilir və müvafiq tədbirlər görülür.
Bu, davamlı proses olmalıdır və davamlı bir prosesdir də. Çünki insan təyin olunur, demək, ona etibar olunur. Hansısa bir nöqsanı varsa, bu da qiymətləndirilməlidir. Ona görə məsələləri buna bağlamaqla özündən narazılıq kompleksini gücləndirmək istiqamətindəki mesajları azaltmaq lazımdır. Əksinə, inam və etimadın gücləndirilməsinə çalışmalıyıq, həm Azərbaycan dövlətinə, həm onun qanunlarına, həm də o qanunları icra etmək tapşırılmış insanlara. Bu, hansısa bir hadisələrdən qaynaqlanaraq daha çox körüklənməməli, daha çox məsələlər onun üzərində cəmləşdirilməməlidir. Biz ümumilikdə fəaliyyətimizdə bunu hər zaman nəzarətdə saxlamalıyıq. Bunun üçün mətbuat, QHT-lər, parlament, həm maliyyə, həm digər nəzarəti həyata keçirən qurumlar var. Şəffaflığın, iştirakçılığın artırılması istiqamətində ölkədə çoxlu işlər görülür, mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri müxtəlif dövlət qurumları yanında fəaliyyət göstərirlər. Biz bunların işini daha da genişləndirməliyik. Həmçinin onların fəaliyyətinin nəticələrinin müsbət istiqamətə yönəlməsi üçün çalışmalıyıq. Biz hər gün görməli olduğumuz işimizi görməliyik. Müvafiq qurumlar da baş vermiş hadisəni araşdırmalı, dəyərləndirməli və günahkarları cəzalandırmalıdır.
- Bahar xanım, Mingəçevirdəki müəmmalı qəzanın ardınca Gəncdə baş verənlər, həmçinin Sumqayıtdan gələn bəzi xəbərlərin ardınca Milli Məclisin xüsusi iclasının çağırılıb vəziyyətin müzakirə olunması zərurəti barədə fikirlər səsləndi. Parlament rəhbərliyi bu barədə müzakirələr apardımı?
- Yenə də deyirəm, bu hadisələrin baş verməsi bizi əlbəttə ki, çox narahat edir. Bütün millət vəkilləri bununla bağlı mövqelərini ifadə edirlər, etməkdədirlər. Bu, elə həm də Milli Məclisin mövqeyidir. Amma düşünmürəm ki, müvafiq qurumların öz səlahiyyətlərini yerinə yetirmək imkanları daha təsiredici və daha güclü olduğu təqdirdə biz bu məsələni xüsusi müzakirə etmək üçün Milli Məclisi toplamalıydıq. Elə bunun özü bəlkə də bir çox dairələrin əlinə fürsət vermiş olardı ki, “bəli, biz Azərbaycan hökumətinin dayaqlarını sarsıtmışıq”. Biz düşünmürük ki, müvafiq qurumların işinə bu şəkildə yardım etməliyik. Bir millət vəkilinin, yəni konstitusiya ilə verilmiş imkanları çərçivəsində bu məsələlərə dəstəyimizi bildiririk, öz mövqeyimizi ifadə edirik. Hesab edirəm ki, bu gün üçün bu, kifayətdir. Dövlət qurumları öz işini yerinə yetirir, biz onlara inanırıq, onların da güclü imkanları var. Və heç kəs düşünməsin ki, Azərbaycanla hədə və təhdidlərlə danışmaq onlara fayda gətirəcək. Hər zaman olduğu kimi bu mövqedə onları dərin iflas və ifşa gözləyir. Heç kəsin zərrə qədər şübhəsi olmasın ki, xalqın dəstək verdiyi və hər zaman xalqın mənafeyini üstün tutan Azərbaycan dövləti milli maraqlarımıza yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır.
Elşad PAŞASOY