“Biz Nüsrət Məmmədovu müdafiə etmirik”
Xeberinfo.com: Son dövrlər Qırğızıstanda özünü diaspora nümayənəsi kimi təqdim edən Nüsrət Məmmədov məsələsi daha qabarıq şəkildə göstərməyə başlayıb. Bir xeyli müddətdir qarşılıqlı ittihamlarla müşahidə olunan yazılardan da belə aydın olur ki, ortada Bişkekdə Heydər Əliyev Parkının inşa edilməsi mövcuddur. Amma işin bu yerində iki məşhur jurnalistin üz-üzə gəlməsi halı da mövcuddur. Daha dəqiq desək Azər Həsrət “Azadlıq” qəzetində dərc olunan məqalələrdən sonra baş redaktor Qənimət Zahidlə bağlı bir sıra iddialar irəli sürüb. Və Qənimət Zahiddə xeberinfo.com-a bununla bağlı müsahibə verib.
- Qənimət bəy, artıq bir müddətdir Qırğızıstanda yaşayan, diaspor nümayəndəsi kimi özünü təqdim edən Nüsrət Məmmədov məsələsi Azərbaycanda qabarmağa başlayıb. “Azadlıq” qəzeti də bu məsələ ilə bağlı məlumatlar yayıb. Amma bu günlərdə jurnalist Azər Həsrət qəzetiniz və sizi bir sıra məsələrdə günahlandırıb. Nüsrət Məmmədov məsələsi nədir belə?
- Açığı, mən o Nüsrət Məmmədovu tanımıram. Bu məsələ, yəni Nüsrət Məmmədov və Azərbaycanın Qırğızstandakı səfirliyi arasındakı münaqişə mətbuatdan diqqətimizi çəkib və bu münaqişənin kökləri ilə maraqlanmışıq. Bəllidir ki, Azərbaycan diasporu ilə səfirliklər arasında zaman-zaman münaqişələr olur. Məsələn, iki -üç il bundan əvvəl Peterburqda da belə bir söhbət olmuşdu. O zaman Peterburqdakı konsul Qüdsi Osmanovla diasporun güclü nümayəndəsi olan Məmişov familiyalı biri arasında əməlli başl müharibə gedirdi. O zaman da “Azadlıq” bu məsələ ilə bağlı materiallar dərc edirdi.
Nüsrət Məmmədov söhbəti də, təxminən buna bənzər bir şeydir və diqqətimizi çəkdiyinə görə bu konflikt barədə yazılar vermişik. Amma indi belə məlum olur ki, bu söhbət hansısa sirli rituallara bağlı olduğuna görə, sanki bizim bu barədə yazmağa haqqımızın olmaması kimi bir qənaət var bəzilərində.
- Azər Həsrət bu məsələdə onu müdafiə etdiyiniz üçün sizə bir sıra ittihamlar irəli sürüb. Məsələn, o iddia edir ki, “Azadlıq” qəzeti “heydərçi” Nüsrəti müdafiə etməkdə maraq güdüb. Hətta onu Kuban Mambetaliyevlə Türk dünyası məsələsində üz-üzə qoymaq üçün bu addımı atıb.
- Biz Nüsrət Məmmədovu müdafiə etmirik. Problemi işıqlandırırıq. Problemin kökündə isə Bişkekdə açılmalı olan Heydər Parkı dayanır. Nüsrət Məmmədov Bişkekdə 5 hektar ərazi alıb ki, orada Heydər Parkı yaradacaq. Sonra Azərbaycan səfirliyi bu məsələyə müdaxilə edib və istəyib ki, bu parkı Nüsrət Məmmədov yox, səfirlik açmalıdır. Məncə, burada sırf kommersiya, hətta bir qədər də korrupsiya maraqları toqquşur. Nüsrət Məmmədov iddia edir ki, o, bu parkı tikmək üçüm heç kimdən pul istəmir, səfirlik isə iddia edir ki, park üçün büdcədən pul ayrılmalıdır və Nüsrət Məmmədovun bu parkı qurmaq haqqı yoxdur. Bu, olduqca dolaşıq məsələdir ki, Heyədr Parkı qurmaq üçün kimin haqqı var və ya kimin haqqı yoxdur. Nüsrət Məmmədovun haqqı yoxdur deyənlər öz fikirlərini belə əsaslandırırlar ki, o, fırıldaqçıdır. Mən onun Facebook səhifəsinə baxmışam. Orada onun Azərbaycanın dövlət və hökumət başçıları ilə bir sürü şəkilləri var. O cümlədən, İlham Əliyevlə. Nüsrət Məmmədov ,,Tərəqqi,, medalı ilə təltif edilib və bu medalı onun yaxasına İlham Əliyev asıb. Fırıldaqçıdır, ya yox, bunun mənə dəxli yoxdur, onunla şəkil çəkdirənlərin və onun yaxasına medal asanların problemidir. O ki qaldı, Kuban Mambetaliyevə... mən heç onu da tanımırdım. Azər Həsrətin Nüsrət Məmmədovun təqdimatını dələduz kimi möhkəmləndirən yazısında belə bir ad çəkilmişdi və orada Azər Həsrət bildirmişdi ki, bu adam Qırğızstanın Britaniyadakı səfiri olub. Belə bir adamı tapmaq çətin deyil. Mən həmin yazını eynilə və yazının Kuban Mambetaliyevə dəxli olan hissəsinin tərcüməsini də onun özünə yolladım və xahiş etdim ki, buna münasibət bildirsin. Zatən, bizim ona yolladığımız sorğuda bircə sual vardı ki, o, Azər Həsrətin təsvir etdiyi hadisəni necə xatırlayır? Kuban bəy çox ziyalı və əfəndi bir adammış. Çox soyuqqanlı və detallı bir izahat yazdı və həmin izahatı ,,Azadlıq,,da çap elədik, vəssəlam.
- Eyni zamanda sizin qəzeti Kuban Mambetaliyevi yanıltmaqda günahlandırib. Sizin ona səhv suallar verdiyini deyib. Həqiqətənmi belə bir şey olub?
- Məncə, bu suala cavab verdim. Yeri gəlmişkən, məni sevindirən bir fakt da var ki, Kuban Mambetaliyev “Azadlıq” qəzetini tanıdığını, haqqında məlumatlı olduğunu və böyük sayğıyla yanaşdığını da qeyd edib. Əslində, fakt budur ki, hörmətli Azər Həsrət Kuban Mambetaliyevi şahid gətirmək istəyib, amma hörmətli səfir də onu təkzib edib, bildirib ki, Azər Həsrətlə birlikdə onun iddia etdiyi yerdə onun iddia etdiyi söhbətin şahidi olmayıb, vəssəlam.
- Bu məsələnin yenidən gündəmə gəlməsi və sizin adınızın ortaya atılması hansı məqsədi güdür?
- Bilirsiniz. Mənə dəxli yoxdur Heydər Əliyevin heykəlini Bişkekdə kim qoyacaq və ya hansı məqsədlə qoyacaq. Azər Həsrət, əslində, bir tərəfdən düz deyir ki, Heydər işlərinə bizim qarışmaq haqqımız yoxdur. Amma bu heykəl ətrafında beynəlxalq səviyyəli dolaşıqlığı Azərbaycan səfiri (hörmətli Hidayət Orucov) yaradıb və görünür, Bişkekdə Heydər Əliyev parkının yaradılması və heykəlinin qoyulması bir sıra başqalarına da “otkat” tematikası kimi maraqlıdır. Yəni, mübahisə Heydər parkı məsələsi olmaqdan çıxır, heç də təsadüfi olmayaraq, korrupsiya məsələsi fazasına qədəm qoyur. Yeri gəlmişkən, guya, Bişkekdəki diaspor nümayəndələrindən biri olan Əziz adlı bir hüquqşünasın Nüsrət Məmmədov haqqında məktub yazdığı iddiası isə sadəcə olaraq, gülüncdür. Biz sübut etmişik ki, bu məktub həmin bu Əziz tərəfindən yox, başqa birisi tərəfindən bir il əvvəl yazılıb və Azərbaycan medyasında da dərc edilib. Əziz müəllim isə Azərbaycan dilində bilmir, qoca kişidir. Görünür, kiminsə Nüsrət Məmədov haqqında bir il əvvəl hazırladığı bu məktubu ildə bir nəfərin adından mətbuata çıxarırlar və gələn də başqa bir Əziz olmayanın adından həmin məktubu çap eləsələr təəccüb etmərəm. Heydərizm budur və bu məktub məsələsi, də heykəl ətrafındakı digər saxtakar oyunlar da onun mahiyyətini izah edir.