“Bilməliyik ki, iki daş arasında qalmışıq”
Xeberinfo.com: Azərbaycanın eks-prezidenti Musavat.com vasitəsilə iqtidar və müxalifətə müraciət etdi, Qarabağla bağlı gözləntilərini bölüşdü: “Yeni səhifə açmalıyıq, onda bütün dünya bizə inanacaq”
Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Musvat.com-a geniş müsahibə verib. Qarabağ ətrafında cərəyan edən proseslərdən, rəsmi Bakının Rusiya və Qərb seçimi qarşısında qalmasından, habelə qarşıdakı referendum gözləntilərindən bəhs edən müsahibəni dəyərli oxucularımıza təqdim edirik:
- Ayaz müəllim, məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi vəzifəsini bundan sonra Ermənistanın müdafiə naziri Seyran Ohanyan tutacaq. Bu, Azərbaycana qarşı təhlükə riskini artırırmı?
- Yox, nigarançılığa əsas yoxdur. Ermənistan nümayəndəsi özbaşına deyil. Böyük dövlətlərin rəyi olmasa, o adam kimdir ki? Əksinə, son zamanlar Azərbaycanın yürütdüyü xarici siyasət onu deməyə əsas verir ki, müəyyən dəyişikliklərin şahidi ola bilərik.
- Azərbaycanın müdafiə naziri bu günlərdə bəyan etdi ki, torpaqları qısa müddətdə azad etməliyik. Bunu yeni hərbi əməliyyatların anonsu saymaq olarmı? Ümumiyyətlə, siz də bu fikirdəsinizmi ki, işğaldakı əraziləri azad etməyin yeganə yolu hərbi əməliyyatlardır?
- Baxmayaraq ki, Azərbaycan xalqının etirazı haqlıdır, ölkə rəhbərliyinin son 30 illik məntiqi düzgündür, amma yenə də biz bunu isbat edə bilmirik. Çalışmalıyıq ki, xaricdə aktiv olaq. Çox aktiv olmalıyıq. Hələ ki, məsələləri xaric həll edir. Daha doğrusu Qərb.
- Yəni Sizə görə hələlik hərbi əməliyyatların zamanı deyil?
- Xeyr.
- Amma Sərkisyanın “canımı verərəm, Qarabağı vermərəm” bəyanatından sonra danışıq aparmağın mənası qalırmı?
- Bu adam illərdir ki, belə fikirlər işlədir, ancaq onun dediklərinə əhəmiyyət verən yoxdur. Üstəlik, Ermənistan iqtisadi cəhətdən o durumda deyil ki, onun rəhbərinin dedikləri ciddi qarşılansın. Onlar öz işləri ilə məşğul olsunlar. Bu gün Ermənistanda iqtisadi cəhətdən vəziyyət çox gərgindir. Daxili siyasət haqqında da eyni sözləri demək olar. Obyektiv yanaşsaq, orada vəziyyət qeyri-stabildir. İndi bu, onların öz işidir. Ancaq onların bu cür sözlərinin davamı olmalıdır. Odur ki, deyilənləri sözgəlişi kimi qəbul etmək olar.
- Bu yaxınlarda Qarabağdakı separatçı qurumun 25 illiyini qeyd etdilər. Üstəlik, separatçı Abxaziya rejimi də Xankəndində nümayəndəlik açıb. Bu kimi addımlar davamlı xarakter ala, adiləşə bilərmi?
“Rusiya Qarabağ məsələsini həll etməlidir və edəcək” |
- Bilirsiniz, biz gərək öz işlərimizlə ciddi məşğul olaq, öz problemlərimizi həll edək. Müharibə aparmaq çox ciddi və ağır məsələdir. İqtisadiyyatımızda da problemlər az deyil. Hələlik müharibə olmaz. Amma qorxuya əsas yoxdur.
- Azərbaycan torpaqları o zaman işğal olundu ki, daxildə hakimiyyət-müxalifət qarşıdurması yaşandı, stabillik təmin olunmadı və düşmən bundan istifadə etdi. Bu gün Ermənistanda təqribən bənzər proseslər baş verirkən fürsətdən yararlanmaq olarmı?
- Mən düşünürəm ki, bu məsələnin həllində tələskənliyə yol vermək olmaz. Proseslər öz-özünə gedir. Allahın hökmü ilə qələbə bizim tərəfimizdədir.
- Moskvanın Azərbaycanı öz orbitində görmək istədiyi məlumdur. Rəsmi Bakı mövcud situasiyada necə davranmalıdır ki, ciddi təhlükələrlə üzləşməsin?
- Azərbaycanın MDB-nin nəzdində olan qurumlarda iştirakı Rusiya üçün çox vacibdir. Biz iki variant arasında qalmışıq: Qərb və Rusiya. Son 20 ilin ərzində, rəhmətlik Heydər Əliyevin zamanından etibarən indiyədək balanslaşmış siyasət aparılır və biz bunun bəhrəsini görə bilmişik, indi də görürük. Ancaq indi biz zamanın tələbinə uyğun olaraq bu istiqamətə düzəlişlər etməliyik. Bilməliyik ki, iki daş arasında qalmışıq. Elə çıxış yolu tapmalıyıq ki, nə o tərəf küsüb-incisin, nə bu tərəf. Bu da çox müşkül məsələdir.
- Sizcə, Azərbaycan daha çox hansı tərəfə meyl etməlidir?
“Əgər şimal tərəfdən yollar bağlansa, cənubdan da bir əngəl törədən olsa, onda biz boğula bilərik” |
- Açığı, bu saat Azərbaycanda Rusiyanın mövqeyi daha güclüdür, nəinki bir neçə il bundan qabaq. Buna ayıq gözlə yanaşmaq lazımdır. Yoxsul əhalidə belə fikir çoxdan yaranıb ki, Rusiya bazarı bizə lazımdır. Bizim Rusiya ilə 600 km ümumi sərhədimiz var. Əgər şimal tərəfdən yollar bağlansa, cənubdan da bir əngəl törədən olsa, onda biz boğula bilərik. İqtisadi nöqteyi-nəzərdən biz Rusiya ticarət məkanını əldən buraxmamalıyıq. Bunun əsasında da müvafiq siyasətimizi yürütməliyik. ABŞ-ın özü indi Rusiya ilə çox gözəl əməkdaşlıq edir. İngiltərə, başqa dövlətlərin nəhəng bazarlarda marağı var, biz niyə bazarımızı itirməliyik?
- Ancaq əks mövqedə olanlar Rusiyanın zaman-zaman Azərbaycana fəlakətlər gətirdiyi barədə arqumentlər irəli sürürlər. Bu barədə nə deyərdiniz?
- Hələ Qorbaçov zamanından bizim doğrudan da Rusiyadan, Moskvadan inciməyə əsasımız olub. Çünki ozamankı Moskvanın hərəkətlərini siyasət də adlandıra bilmərəm. Qorbaçovun hərəkətləri siyasətəbənzər bir şey deyildi, avaraçılıq idi. Deməli, emosiya bir tərəfdə, real, praqmatik məsələlər digər tərəfdə idi. Reallıqda sovet Moskvası ilə də hesablaşmalı idik, postsovet Moskvası ilə də hesablaşmalıyıq. Bundan heç cür qaçmaq mümkün deyil. Rusiya nəsə deyə bilər. Amma deməliyik ki, mənim milli maraqlarım var, mən bunları realizə edəcəyəm. Mənim addımlarım harada sənə təhlükə yaratsa, oturaq, danışaq. Demək ki, “Moskva bizim düşmənimizdir”, “Ayaz Mütəllibov Moskvaya bağlanıb”, bu cür söhbətlər Azərbaycanla bağlı lazım olmayan təəssüratlar yaradırdı. Bu məsələlər həmişə Rusiyanın özünün diqqət mərkəzindədir, səfirlikdə vəziyyəti izləyirlər, müəyyən sənədlər hazırlayıb Moskvaya göndərirlər.
Ona görə də burada ehtiyatlı olmaq lazımdır. Mənə sual verirlər ki, Ayaz müəllim, sizcə, Moskva Azərbaycandan nə istəyir? Deyirəm, Moskvanın Azərbaycandan bir istəyi var. Moskva istəyir ki, Azərbaycandan ona bir xəta gəlməsin. Rusiya bundan başqa Azərbaycandan heç nə istəmir. Əksinə, Azərbaycan Rusiyadan istəməlidir.
- Ayaz müəllim, Rusiyanın Qarabağı azad edəcəyi barədə məlumatlara şübhə ilə yanaşanların sayı kifayət qədər çoxdur. Siz təcrübədən çıxış edib bu barədə nə deyə bilərsiniz?
“Yaranmış vəziyyətə uyğun olaraq, geosiyası vəziyyəti nəzərdən keçirərək biz daxildə hakimiyyəti möhkəmləndirməliyik” |
-Rusiya Qarabağın qaytarılmasını o zaman istəyəcək ki... Bilirsiniz, bu illər ərzində vəziyyət gərginləşib. Gördünüz ki, Ermənistanda etiraz oyunu oynadılar. Bu, ruslara təzyiq idi ki, azərbaycanlılara çox da yaxınlaşmayın. Ancaq Azərbaycanın strateji vəziyyəti elədir ki, bu əhəmiyyətli əməkdaşlıqdan vaz keçə bilməz. Çünki indiki şəraitdə Xəzərin şərq tərəfindən Çinə qədər yollarımız açıqdır. Amerikanlar özləri də Əfqanıstanla bağlı Azərbaycanla əməkdaşlıq edir.
- Rusiyanın Qarabağ siyasəti ilə bağlı fikrinizi demədiniz...
- Rusiya Qarabağ məsələsini həll etməlidir və edəcək. O zaman ki, danışıqlar əsasında müzakirə olunan təkliflər razılaşdırılsın. Yəni həm Rusiyanı, həm də Azərbaycanı qane etsin.
- Amma Putin Bakıda dedi ki, hər iki tərəfin qalib olmasına çalışır...
- O elə deməliydi. Bu, o deməkdir ki, hələ məsələ bişməyib. Amma o an yetişə bilər.
- Yəni Rusiya hətta Şuşa daxil olmaqla, bütün ərazilər geri qaytarılmasına qərar verə bilər?
- Bəli, bəli. 1992-ci ilin 2 martında bizi BMT-yə qəbul etdilər. O, Azərbaycan üçün mühüm, tarixi bir hadisə idi. Niyə? Çünki biz SSRİ zamanında olan hüdudların əsasında BMT-yə qəbul olunmuşuq. Azərbaycan Qarabağ torpaqları daxil olmaqla quruma üzv olub. Bu, hüquqi məsələdir və Azərbaycan hər zaman bunu qaldırır və qaldırmaqda da haqlıdır.
-Ayaz müəllim, sizinlə söhbətimiz referendum ərəfəsinə təsadüf edir. Ümumxalq səsverməsinə çıxarılacaq müddəalar, prezidentlik zamanının artırılmasına, vitse-prezidentlik institutunun yaradılmasına münasibətiniz necədir?
- Mən müsbət baxıram. Yaranmış vəziyyətə uyğun olaraq, geosiyası vəziyyəti nəzərdən keçirərək biz daxildə hakimiyyəti möhkəmləndirməliyik. Bu, çox önəmli məsələdir. Çünki biz bəzi böyük dövlətlərdən asılılığımızı azaltmaq üçün gərək daxili vəziyyətimizi möhkəmləndirək. Sözün doğrusu, burada da hakimiyyət uğrunda mübarizə aparan həvəskarlar az deyil. Əlbəttə ki, kimsə bu məsələdən narazı qalacaq. Amma hökumətin bu işə ixtiyarı çatır. Hər şey ola bilər. Ona görə də biz referenduma gedirik və cəmiyyətdə yekdilliyi bərqərar etməliyik.
- Referendumdan sonra hansı addımların atılmasını istərdiniz?
- Ciddi iqtisadi-siyasi islahatların aparılması zəruridir. Həmçinin hökumətdə dəyişikliklər olmalıdır. Çünki bu, olmasa, islahatlar yarımçıq olar. Təki olsun. Vaxt gələr ki, biz də demokratik ölkədə yaşadığımızı dünyaya nümayiş etdirərik. İndinin özündə çox diqqətli olmalıyıq.
“Moskvanın Azərbaycandan bir istəyi var: Moskva istəyir ki, Azərbaycandan ona bir xəta gəlməsin. Rusiya bundan başqa Azərbaycandan heç nə istəmir” |
- Sabiq prezidentlərdən həyatda olan yeganə şəxssiniz. İqtidar və müxalifətə sözünüz, çağırışınız varmı?
- Daxildəki dedi-qoduya qoşulmamalıyıq, birliyi təmin etməliyik. Səmimi deyirəm, kim hardandır, regionçuluq, tanış-tunuş məsələləri aradan götürülməlidir. Azərbaycanda yeni səhifə açmalıyıq. Onda bütün dünya bizə inanacaq. Azərbaycanda həmrəylik, barış yeganə çıxış yoludur. Başqa cür olmaz. Allah eləməsin! Müxalifət meydana çıxacaq, o halda hakimiyyət də öz növbəsində tədbirlər görəcək və qalmaqal yaranacaq. Bu da bizə lazım deyil. Bu qarışıqların olmasında kiminsə həvəsi var, elə Qərbin özündə də. Amma elə etməliyik ki, bizə qarşı heç nədən istifadə olunmasın.