“ABŞ bu hadisələrdə pərdəarxası qızışdırıcı rolunda idi”
Azərbaycan əsilli rusiyalı siyasi analitikdən Qarabağda müharibə xəbərdarlığı: “Türkiyənin vəziyyətindən istifadə edən Ermənistan təxribatlara əl ata bilər”
“Türkiyə və Ərdoğan rejimi fenomenini nə ABŞ, nə də Rusiya başa düşür”.
Xeberinfo.com: Məlumata görə, bu fikri Rusiya İslam Komitəsinin sədri, Azərbaycan əsilli tanınmış siyasi analitik Heydər Camal “Novosti-Azerbaydjan” portalına müsahibəsində Türkiyədəki son hərbi çevriliş cəhdini şərh edərkən deyib. Mövzunun aktuallığını nəzərə alıb müsahibənin tərcümə variantını qısa ixtisarla təqdim edirik.
- Türkiyədəki qiyamı necə qiymətləndirirsiniz, demək olarmı ki, bu, ABŞ-ın əl işidir?
- Türkiyədəki çevriliş cəhdinin mahiyyəti ondan ibarətdir ki, məhz onun sayəsində Türkiyə dövlətinin qeyri-dostları tərəfindən nə Türkiyə dövlətinin, nə də Ərdoğan rejimi və onun partiyasının bir fenomen olaraq başa düşülmədiyini qəti olaraq üzə çıxarıb. Aydındır ki, ABŞ, - sabiq MKİ direktorunun bu yaxınlarda etiraf elədiyi kimi, - Yaxın Şərqdən, müvafiq surətdə də Türkiyədən heç nə baş açmır. Amerikalılar ümumiyyətlə, öz konkret ştatlarının xaricində heç nədən yaxşı baş açmırlar.
Ən qəribəsi isə odur ki, Türkiyəni 500 illik qarşıdurmaya, 15-ə yaxın rus-türk müharibəsinə və çoxsaylı humanitar, kommersiya kontaktlarına rəğmən, Rusiyada da anlamır və ya anlamaq istəmirlər. Rusiyada dövrümüzün siyasi ekspertləri arasında belə təsəvvür dominantıq edir ki, guya Türkiyə ABŞ-a satqın komprador bürokratiyanın idarə etdiyi satellit dövlətdir, guya Türkiyə Qərb qarşısında diz üstə çöküb, guya Türkiyə toplumu ukraynalılar kimi Avropa Birliyinə can atır və s. Praktik olaraq Rusiyanın bütün siyasi sinfini əhatə edən bu kimi sayıqlamalar özü haqda yüksək fikirdən və cahillikdın qaynaqlanır.
Həqiqətən, Türkiyə NATO-ya daxil olsa da, o, yeganə ölkədir ki, II dünya müharibəsində kontinental Avropanın digər bütün dövlətlərindən fərqli olaraq müttəfiqlərə uduzmayıb, məğlubiyyət və suverenliyin itirilməsini dadmayıb. Bunu da xatırlatmaq yersiz olmaz ki, SSRİ məhz belə bir məğlubiyyətə uğrayıb – düzdür, bu “soyuq müharibə” nəticəsində baş verib, ancaq onun nəticələri “isti müharibə”nin nəticələrindən daha ağır olub.
Daha qəribəsi isə qiyamçılar və qiyamın təşkilatçılarının da Türkiyəni başa düşməməsidir. Onlar açıq-aşkar ümid edirdilər ki, bununla bütün Kiçik Asiyaya yayılacaq qığılcım rolu oynaya biləcəklər. Lakin ordu və xalq ölkənin de-islamlaşdırmaq vədi verən qiyamçılara qoşulmadı, qəti şəkildə onların yolunu kəsdi. Başqa sözlə, Türkiyə xalqı islam yolu seçdi – hansı yolla ki, AKP hərəkət edir və qiyamçıların öz ölkəsinə vəd elədiyi sekulyar liberalizmi, eynicinsli nikahları və başqa Avropa “sevincləri”ni rədd edir.
Vaşinqtonun bu avantüradakı roluna gəlincə, həmişə olduğu kimi, Amerika bu dəfə də başqalarını icraçı olmağa vadar edən pərdəarxası qızışdırıcı qismində idi. Üstəlik də elə bir zamanda ki, müasir Türkiyə dövlətinin qeyri-dostları onun sərhədlərinin perimetri boyu yerləşib. Dost ölkələrə gəlincə isə, Azərbaycana xüsusən də Ərdoğanla dostluq hava kimi lazımdır, ən azı o səbəbdən ki, Azərbaycan da islamofob və antitürk subyektlərlə qarşıdurmadadır.
- Ərdoğan qalib gəldi. Bundan sonra regional siyasətdə nə gözlənilir?
- Ərdoğan baş verənlərə görə günahkarın konkret olaraq okeanın o tayında olmasını göstərməyi zəruri bildi – hərçənd, bu işə əli bulaşan instansiyalar əslində daha yaxındır. Ancaq Türkiyə prezidentinin siyasi və diplomatik seçimi belədir. Bu, o deməkdir ki, Ankara Yaxın Şərqdə ABŞ-ın mövcudluğunu azaltmaq yönündə çalışacaq. Proses artıq başlayıb: amerikalıların istifadə elədiyi İncirlik hərbi bazasının fəaliyyəti məhdudlaşdırılıb. Bununla belə, bütün cəbhələrdə hücum mümkün olmadığı üçün Ərdoğan əlindəki informasiyalara rəğmən, qonşularla tərəfdaşlıq əlaqələrində olduğunu nümayiş etdirməli olacaq.
- Bir sıra Türkiyə KİV-i bildirib ki, Rusiya təyyarəsini məhz qiyamçı hərbçilər vurublar. Bu hadisələrdən sonra Moskva- Ankara münasibətləri daha da yaxınlaşa bilərmi?
- Bu qəbildən xəbərləri boş hay-küy kimi rədd eləmək lazımdır. Yada salaq ki, insidentdən dərhal sonra ovaxtkı baş nazir Əhməd Davudoğlu sərhədi pozan “Su 24” təyyarəsinin vurulmasına göstərişi şəxsən özü verdiyini bildirmişdi. İndi heç kim Davudoğlunu ittiham eləmir ki, o Güləncidir. Görünür, belə mənasız şeyləri yazan KİV-lər düşünür ki, auditoriyanın yaddaşı zəifdir.
- Sizcə, Türkiyədəki son olaylar Azərbaycana və Qarabağ nizamlanmasına necə təsir edəcək?
- Təəssüf ki, qiyamın günahkarı qismində ABŞ müəyyən edildiyindən, Ərdoğanın Rusiya, müvafiq olaraq da erməni istiqamətində əl-qolu bağlanmış olacaq. Bu üzdən də yaxın zamanlarda Türkiyə Bakıya sonuncunun vərdiş elədiyi ənənəvi dəstəyi tam verə bilməyəcək. Əlbəttə ki, Türkiyə heç vaxt öz müttəfiqini atmayacaq, hərgah, Azərbaycanın blogger ictimaiyyətinin bir qisminin şərhləri yəqin ki, qardaş ölkənin hissələrinə toxunub. Amma burada başqa bir təhlükə var: məsələ ondadır ki, Ankaranın şimal istiqamətində əl-qolunun bağlı, Azərbaycanın isə nisbi tənhalığına əmin olan Ermənistan təxribatlarına əl ata bilər. Azərbaycan xalqı, onun silahlı qüvvələri buna hazır olmalıdır.