Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ANS ona “eksperiment dovşanı” kimi lazımdır”

 

“Bir jurnalist 15 sutkalıq həbs olunanda belə çaxnaşan beynəlxalq media bu gün ANS-in ən populyar layihələrinin bağlanması ilə bağlı susur.”

“ANS həmişə 90-cı illərin ovqatını özündə saxlayır…” 

"Xeberinfo.com":   ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin APA-ya müsahibəsi

- 30 sentyabr – 5 oktyabr aralığında ANS telekanalında yayımlanan 3 veriliş Şura tərəfindən qapadıldı və telekanal xeyli miqdarda cərimələndi. Siz isə bildirdiniz ki, verilişləri özünüz qapadacaqdınız. Ümumiyyətlə, verilişlər ANS-ə xəbərdarlıq edilmədən qapadılıb?

– Yox, təbii ki.  “Sən tək deyilsən” və “Xoşqədəmlə Axtarıram səni”  verilişlərinin bağlanmasının rəsmiləşdirildiyi iclasa da mən məchul vəziyyətdə getdim. Ən azı mənə deyilə bilərdi ki, sabah bu iki verilişin bağlanması məsələsi qoyulur.  Bu baş vermədi. Mənə sentyabr ayının 29-u axşam zəng vurdular və  dedilər ki, sabah, yəni ayın 30-da  qurumun iclasında olmalıyıq. Bir neçə dəfə soruşdum, hətta Nuşirəvan Məhərrəmliyə, Qafar Cəbiyevə, Toğrul Məmmədova dəfələrlə zəng vurdum, heç olmasa desinlər ki, sabah nəyi müzakirə edəcəklər, amma  dövlət sirri kimi qoruyub saxladılar. Bəlkə səbəbi desəydilər, biz də deyərdik ki, xanımlar və cənablar, müzakirəsinə hazırlaşdığınız layihələr  başqa kanalda olduğu kimi bizdə də artıq bağlanıblar və  Yaradıcılıq Şurasının qərarı ilə oktyabr ayının 5-dən efirdə olmayacaqlar. Niyə 5-dən, ona görə ki, bu JEK deyil, müfəttişi yaxşı yola salmadığına  görə bağlanmağa məhkum edilmiş iaşə obyekti deyil, bu televiziyadır. Onun öz qayda-qanunu var, proqram siyasəti, verilişin dramaturgiyası, onun bədii silsiləviliyi, tamaşaçı və digər əlaqəli qurumlar qarşısında  götürdüyümüz öhdəliklər var. Və ona görə də biz layihəni efirdən məhz oktyabrın 5-də çıxarmışdıq.  Amma  mən MTRŞ-nın iclasına gələndə artıq Şura öz işini görmüşdü. Mənə sadəcə olaraq rəsmən bildirdilər ki, bu gündən etibarən verilişi bağlamaq qərara alınıb, mən də izah etdim ki, bizim –yaradıcı qrupun müraciəti əsasında bağladığımız verilişi iki gün daha tez bağlamaq barədə qərar çıxarmaq mənasız iş olardı, ona görə də gəlin layihələrin ayın 5-də bağlanması ilə razılaşaq.  Razılaşdılar və mən iclası tərk etdim. Kifayət qədər normal, hətta bəzi məqamlarda ifrat normal fonda keçən toplantıdan sonra məni xoşagəlməz sürpriz gözləyirmiş. Nuşirəvan Məhərrəmli iclasın yekunu barədə çıxardığı qərarı dərc etməklə bütün bu səmimiyyətin, hətta ifrat səmimiyyətin üstündən xətt çəkdi! ANS-in ünvanına elə ittihamlar, elə ağır yarlıqlar yapışdırılmışdı ki…
Ümumiyyətlə, MTRŞ fəaliyyətə başlayandan ANS-lə mübarizə aparıb. Və bəzən mənə elə gəlir ki, MTRŞ elə düşünür ki, o elə ANS-lə mübarizə aparmaq üçün yaradılıb. Onun yanaşmasında qeyri-normal cəhətlər var. Əslində bu qurum bütün kanallara eyni gözlə baxmalı, Azərbaycanın efir məkanında işləyənlər MTRŞ-nı bütün kanallarla eyni cür davranan tərəfsiz dövlət tənzimləyicisi kimi tanımalıdır. Amma çox təəssüf ki, bu belə deyil və  MTRŞ yalnız ANS-i qaralamaqla məşğuldur. Nuşirəvan Məhərrəmlinin MTRŞ sədri kimi  bütün fəaliyyəti boyu çıxardığı qərarlara, verdiyi cəzalara baxın. Elə bil ki ANS ona “eksperiment dovşanı” kimi lazımdır. Bəzən qanuna əsaslanaraq cəzalandırıb, bəzən sadəcə cəzalandırıb və  cəzalandırdığı səbəblərin qanunda olmadığını görüb və bunu qanun halına salıb ki, “Qanunda boşluq var idi…” Qısası, MTRŞ ANS-ə həmişə qərəzli yanaşıb və sanki rəqib kanallardan biri və əlində inzibati rıçaqlar olan biridir. Başqa rəqiblərlə, yəni mövcud kanallarla mübarizə aparmaq asandır, burda nə var ki… Amma məhz MTRŞ kanalı ilə mübarizə aparmaq qeyri-mümkündür. Ona görə ki, o həmişə qurşaqdan aşağı oynayır… Və addımlarını dövlət adından atır.  ANS-in ifrat cərimələnməsi də bu faktordan qaynaqlanır. MTRŞ-nın sədri, ümumiyyətlə, verdiyi qərarlarda obyektiv hüquqi şəraitə və ya qanuna yox, əksər hallarda subyektiv mövqeyə əsaslanır. Məsələn,  N. Məhərrəmli “Cəmiyyət bilməlidir ki, MTRŞ fəaliyyətə başladığı ilk gündən efirdəki bayağılığa, şitliyə, süni qalmaqallara qarşı ciddi mübarizə aparıb”-deyəndə mən bilmirəm fikir verirsinizmi, bu cümlə çox səthi, hər yerindən ən amansız tənqidə layiq yüngül bir ifadədir. Axı bayağılıq, şitlik hüquqi sözlər deyil, Nuşirəvan Məhərrəmlinin xoşuna gələn verilişləri də bir başqası bayağı və şit hesab edə bilər. Məncə, bu qurum qanuna əsaslanmalıdır, özünün zövqünə yox. MTRŞ sədri deyir ki, cəmiyyət ondan bu tip verilişlərə, ümumiyyətlə, özəl telekanallarda yayımlanan bayağı verilişlərə qarşı mübarizə aparmağı tələb edir. Lakin MTRŞ-nın səlahiyyətləri o dərəcədə deyildi ki, həmin verilişləri bağlasın. Bu fikrin də arxasında heç nə dayanmır. Əslində biz iddia edə bilərik ki,  cəmiyyət bizdən məhz MTRŞ-nın bağladığı verilişlər kimi layihələri tələb edir. Ona görə ki, reytinqlər var, ANS-in qapısında bu saatın özündə də növbə gözləyən, öz dərdinin, probleminin əlindən tutub bizə üz tutub gələnlərin böyük bir siyahısı var. Onun cəmiyyət bizdən bunu tələb edir deməsi guya zəhmətkeşlərdən teleqramlar alan sovet məmurlarının öz antixalq qərarlarını əsaslandırmaq üçün əl atdığı bəhanəyə bənzəyir. Akademik Saxarov sağ olsaydı soruşardı: “O teleqramlardan heç olmasa birini bizə göstərə bilərsinizmi?”
Nuşirəvan  Məhərrəmli, onun “peşəkarları” JEK, əmtəəşünas bacarıqları ilə bizə rəsmən bildirirlər ki, guya bağlanan verilişlərdə kimlərinsə işgüzar nüfuzu, ləyaqəti təhqir olunub, adama deməzlər ki, bir nəfər belə bu verilişləri, haqqında bəhs olunan aparıcı Xoşqədəm Hidayətqızını məhkəməyə verməyibsə, onlar nəyin əsasında belə yalan danışa bilirlər?! MTRŞ sədri özünə  belə ifadələri rəva bilməməlidir:  “ANS kanalı Azərbaycan efirində ilk pornoqrafik film yayan, ən aşağı səviyyəli qara yumoristik səhnəcikləri göstərən, efirində ən ədəbsiz ifadələr işlədilən, cinsi azlıqların həyat tərzini adi bir hal kimi təqdim edən bir televiziya kanalıdır və bu onun sifətidir”. Bu əsl məhkəməlik bəyanatdır və Nuşirəvan Məhərrəmli milyonlarla Azərbaycan tamaşaçısını, ilk növbədə burda çalışan bacılarını təhqir etdiyini bilməli və anlamalıdır ki, buna görə cavab vermək lazım gələcək. Bu böyük Heydər Əliyevin həmişə inandığı, son müsahibəsini etibar etdiyi, prezident İlham Əliyevin bel bağladığı, özü də uzaq keçmişdə deyil, elə ötən il bütün kollektivini qəbul edərək nümunə göstərdiyi bir kanalı, dolayısı ilə həmin şəxslərin mövqeyini təhqirdir.

“ANS ona “eksperiment dovşanı” kimi lazımdır”

- Sizcə, ANS telekanalı Qarabağla, Azərbaycan həqiqətləri ilə bağlı gördüyü işləri çox qabartmır?

– Biz heç vaxt bu xidmətlərimizi xüsusi qabartmırıq. Və Sizə də çox təşəkkür edirik ki, ANS-in döyüş keçmişini unutmursunuz. Nuşirəvan Məhərrəmlinin bunu unutması isə təbiidir. Çünki mən bilmirəm ki, biz o zaman həyatımızla, qardaşlarımızın həyatı ilə risk edəndə, şəhid verəndə Nuşirəvan Məhərrəmli harda idi? Mən də eyni müvəffəqiyyətlə Nuşirəvan Məhərrəmlini təhqir edə bilərəm, amma mən ailə, ANS tərbiyəsi görmüşəm. Yaxşıdı ki, biz onunla bir döyüşdə olmamışıq. Yoxsa Allah bilir indi kim harda idi?!!  Bir də ki, Nuşirəvan Məhərrəmli öz aləmində kinayə ilə “Vahid Mustafayev tipli” ifadəsini işlədir. Bununla nə demək istəyir? Yəni Vahid Mustafayev kimi olmaq düz deyil? Yəni belə olmaq istəməsin heç kim? Yəni Qarabağ döyüşlərini lentə almaqla tarixə həkk etmək, yaralanmaq, veteran olmaq, “Xoca”, “Qanlı Yanvar” filmlərini çəkərək millətini və dövlətini dünyada ən yüksək  dəyərlərə layiq şəkildə təqdim etmək,  ANS kimi dəqiq, qərəzsiz və vicdanlı, rüşvətdən uzaq bir qurum yaratmaq pis işdir?!  İndi Nuşirəvan  Məhərrəmli bizi 90-cı illərin ab-havası ilə yaşamaqda ittiham edir. Bəli, ANS həmişə 90-cı illərin ovqatını özündə saxlayır. Ona görə ki bu mübarizə, işğalçı ilə üz-üzə dayanmış insanların həmişə özündə daşıdığı ovqatdır. Biz həmişə hesab edəcəyik ki, həyətdə 90-cı ildir və bizim torpaqlarımız işğal altındadır, müstəqilliyimizə qəsd etməyə amadə dövlətlər var, “döyüş alın yazımızdır!”. O ki qaldı, ANS-ə o dövrdə böyük imkanlar yaradılmasına, Nuşirəvan Məhərrəmlinin bu bəsit düşüncəsini bir az silkələməyə çalışım. O dövr Sovet dövrü idi. Azərbaycan heç özü müstəqil deyildi və heç kim bizə imkan yaratmamışdı, o zaman da biz sovet Nuşirəvanları ilə mübarizə apararaq fəaliyyət göstərirdik. O dövrdə də hər şey belə rahat deyildi, həbs edilirdik, Şüvəlan həbsxanasına atılırdıq, döyülürdük… Şükürlər olsun ki o dövrün şahidləri var. Amma  Sovet İttifaqı rəhbərliyinin qadağa qoyduğu Heydər Əliyevin müsahibəsini  Allah bilir hansı  əziyyət bahasına çəkib efirə verirdik… Yəni hər zamanın Nuşirəvan Məhərrəmlisi olub. Sadəcə, bizim o Nuşirəvanlar şəxsi maraq və  qulluq mövqeyinə yox, Sovet qanunu olsa da hər halda mövcud qanuna əsaslanırdılar. Yəni “Salam, Azərbaycan”ı Nuşirəvan Məhərrəmlinin sadəcə kadrını göstərdiyinə görə 10 gün bağlamaq o zamanın ağıllı məmurlarının ağlına gəlməzdi. Təsəvvür edirsiniz? N. Məhərrəmli bir televiziya layihəsini yalnız ona görə bağlamaq qərarına gəlir ki, burda onu göstəriblər. İndi bu məntiqi inkişaf etdirək. Müxbir polisi tənqid etməməlidir ki, onu sabah polis tutub aparacaq, səhiyyə sistemini tənqid etməməlidir ki, həkim onu müayinə etməkdən imtina edəcək.

- Cərimələrin miqdarı barədə nə deyə bilərsiniz?

– Cərimələr adekvat deyil. Biz də öz monitorinqlərimizi aparırıq və bu yaxınlarda məhkəməyə təqdim edəcəyik. Azərbaycanda bu sahədə ən az qanun pozuntusu elə ANS-dədir. Vaxtı çatanda bu sahədəki vəziyyəti əks etdirən məlumatları ictimailəşdirəcəyik. Amma onu da deməliyəm ki  hətta kanallarda belə şeylər olubsa, bu Nuşirəvan Məhərrəmlinin icazəsi olmadan baş verməyib.  Dəfələrlə Nuşirəvan  Məhərrəmli toplantılarda deyib ki, mən Sizə mövcud qanunları pozub əlavə reklam verməyə icazə verirəm. Biz  yaxşı anlayırdıq ki bu qeyri-rəsmi “icazə”nin altında hansı məqsədlər var. MTRŞ son zamanlar tez-tez Prezidentin ona verdiyi səlahiyyətlərə istinad edir və hədələyir: “Bağlayacağıq, asacağıq, kəsəcəyik!” Bu ona oxşayır ki, uzun müddət silah gəzdirsə də atəş açmağa icazəsi olmayan birisinə qəflətən aydın olur ki,  qanuna görə silahdan istifadə edə bilər və bundan sonra yeri gəldi-gəlmədi atəş açmağa başlayır. N. Məhərrəmli MTRŞ sədri olsa da, hələ də TV-ni bilmir və  başa düşmək istəmir ki, şou televiziyanın əslində mahiyyətidir. “Şou” Azərbaycan dilinə ingiliscədən elə “göstərmək” kimi tərcümə olunur. N. Məhərrəmli isə bizə “şou”nu, yəni göstərməyi qadağan edir. Hər şey bu qədər bəsit. Dünya televiziyası artıq format etibarilə dəyişir, indi rəsmi xronika televiziyası zamanı deyil, belə verilişlərə tamaşaçı baxmır. N. Məhərrəmlinin bizə tez-tez misal çəkdiyi Rusiya TV-lərində də Malaxovsayağı layihələr aparıcı yer tutur. Qordon öz siyasi layihəsini buraxdı, artıq qadın-kişi, ailə-məişət mövzusunda tok-şoular aparır.  Biz göstərməsək də, camaat buna baxacaq. Sadəcə, peyk vasitəsilə və başqa ölkələrin kanallarında. MTRŞ  özünün dar çərçivəsindən çıxmalı bu proseslərə daha geniş baxmalıdır. O, bizim sosial layihələrə baxıb əsəbiləşməməli, onları bağlamamalı, əksinə o layihələrin daha maraqlı və keyfiyyətli olması üçün treninqlər və təlimlərin keçirilməsi təklifi ilə çıxış etməlidir. Hələ ki Nuşirəvan Məhərrəmli ancaq gücünü göstərir. Gördük. İndi də ağlını göstərsin bu qurum.
Və nəhayət, biz heç kimi arxamızca aparmalı deyilik. Yoxdu belə bir televiziya hədəfi. Bu sovet zamanında idi. Televiziya təbliğat vasitəsi idi. İndi tv şou və informasiya vasitəsidir. O cümlədən sosial şou və informasiya vasitəsi. Siyasi şoulardan daha çox sosial şoular baxılır. Bu tendensiyanın qarşısını heç kim ala bilməz. Ən azı ona görə ki, prezident İlham Əliyevin təbirincə desək, internet var, youtube var. Camaat özü çəkib hara lazımdırsa, orda yerləşdirəcək. Bu yaxınlarda xüsusilə N. Məhərrəmlinin oxuması üçün bir məqalə yazacağam. Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir.

- Siz MTRŞ-nın o toplantılarında iştirak etmisiniz. Bu fikirlərinizi, arqumentlərinizi orda səsləndirmədiniz ki?

– Mən həm “Sən tək deyilsən” və “Xoşqədəmlə Axtarıram Səni” layihələrinin bağlandığı, həm də “Salam, Azərbaycan!” verilişinin bağlanması ilə nəticələnən toplantıda soyuqqanlı idim. Hər iki toplantıda sakit idim. Birinci iclasdakı davranışımdan sonra guya mənim içəridə mum, bayırda isə  aslan olmağım barədə Allaha təvəkkül yazılanlar sadəcə gülüncdür. Mən ilk iclasdan belə yanaşma gözləmirdim. Amma ikinci toplantıda qarşımda dost yanaşması görmədim və mən də ”səni sevəcəyəm sən sevməsən də” deyə oxumadım! Bu ən azı anlaşılan olmazdı. Mənə MTRŞ nifrətlə baxırdı. Əsəbdən çənələri əsirdi…  Mən anlamıram, axı “verilişlər saxta ssenarilər əsasında hazırlanır” nə deməkdir? Verilişlərin ssenariləri jurnalistin təxəyyülünə əsaslanmalıdır. Və bu heç də həmişə gerçəyə söykənmir. BBC dinozavrlardan sənədli film çəkib, Nuşirəvan Məhərrəmli bunu bilmir? Yoxsa elə bilir ki həmin filmi  o günlərin şahidlərinin ssenarisi əsasında çəkiblər?

- Bu mübahisənin mahiyyətində Nuşirəvan Məhərrəmli ilə Xoşqədəm Hidayətqızı arasında şəxsi qalmaqalın dayandığını demisiniz? Özünüz bu dediyinizə inanırsınız?

– Çox təəssüf ki, bu, belədir. Hər şey onun Xoşqədəm xanımla şəxsi münasibətləri ilə başladı. O məndən tələb etdi ki, onu efirdən uzaqlaşdırım. Mən ona etiraz edəndən sonra məsələ artıq Sizin müşahidə etdiyiniz şəkli aldı. Çox təəssüf edirəm ki, şəxsi məsələ bu həddə çatdı. Düşünürəm ki, MTRŞ-nin  ya məsələlərlə yanaşma tərzi dəyişməlidir, ya da N. Məhərrəmli başda olmaqla bu qurumun üzvləri.

-  Nuşirəvan Məhərrəmli deyir ki, o, Sizə Xoşqədəm xanımın verilişində quraşdırılmış səhnələrin olması barədə faktları göstərib… 

– Bir dəfə Nuşirəvan Məhərrəmli Xoşqədəm Hidayətqızını və məni yanına dəvət etdi. Mən getdim və bu zaman Xoşqədəm xanımla bağlı hazırlanmış bir verilişi mənə göstərdi. Və sonda bildirdi ki, belə verilişdən sonra belə adamların gərək ayağı efirə dəyməməlidir. Əslində televiziya şərtilikləri sevir və bu baxımdan burada da elə bir qəbahət yox idi. Xoşqədəm xanım verilişi maraqlı etmək üçün adətən xüsusi musiqiyə müraciət edir, verilişin ssenarisinə publisistik müdaxilələri olur, bəzən hətta quraşdırılmış səhnələrə yol verir ki, televiziya üçün bu normal haldır. N. Məhərrəmli isə görünür bunu bilmədiyindən və ya buna hələ öyrəşə bilmədiyindən əsəbiləşmişdi. Mən sakit tərzdə baxdım və  görəndə ki, Nuşirəvan Məhərrəmli çox əsəbiləşib, sadəcə soruşdum ki, maraqlıdır belə bir verilişi Xoşqədəm xanımın köhnə kanalı efirə necə buraxırmış… Vəssalam.  Çünki orda tədbir görüləsi bir şey yox idi.

- Siz, doğrudanmı, MTRŞ-dan milli-mənəvi dəyərlərin tərifini istəmisiniz?

–  Bəli,  biz Nuşirəvan Məhərrəmlidən mili-mənəvi dəyərlərin siyahısını və tərifini istəmişik. İndi də istəyirik. Çünki bu qurumun işi şəxsi rəy və fərdi zövqün bu və ya digər telekanala müncər edilməsi olmamalıdır. Nuşirəvan və Mir Şahin fərqli zövqlərə malik insanlardır və bu təbiidir. Məsələn, mən Slavomir Mrojeki sevə bilərəm, Nuşirəvan Mirzə İbrahimovu.  Mən “Sveca qorela”-ya qulaq asa bilərəm, Nuşirəvan “Tarla qızları”na. Amma əlimizdə qanun olanda biz bu sənədə istinad edirik və istinad etdiyimiz sənəd bizim zövqümüzü arxa plana atır.  İndiki halda Nuşirəvan Məhərrəmli məndən Pasternakı Mirzə İbrahimova dəyişməyi tələb edir. Bu doğru deyil.  Mən verilişi yalnız ona görə bağlamalı deyiləm ki, bu N. Məhərrəmlinin xoşuna gəlmir. Ona qalmış olsa, onun xoşu da, ümumiyyətlə, mənim xoşuma gəlmir.  Amma görürsünüz ki, səhv də verilsə, böyük yanlış da olsa biz MTRŞ-nın “Salam, Azərbaycan!”ın 10 günlük dayandırılması  barədə  qərarını icra edirik. Məhkəməyə isə mütləq verməliydik və verdik. “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni! layihələrini isə biz özümüz bağlamışıq. Və qərarın da ləğv edilməsi üçün məhkəməyə müraciət etmişik. Bizim bağladığımız verilişi niyə MTRŞ öz qərarıyla cəza tədbiri kimi cəmiyyətə təqdim edir? Bu layihələri biz bağladıq və səbəbini də biz bilirik.

“Seçki kampaniyasında iştirak etməyəcəyik”

- Bundan sonra necə edəcəksiniz?

Biz çalışırıq ki, Prezidentimizin, Baş Komandanımızın qarşımıza qoyduğu məsələləri həll edək. Doğrudan da İlham Əliyevin fədakar siyasəti nəticəsində bu gün Azərbaycan nüfuzlu, qüdrətli bir dövlətə çevrilib. Biz də imkanlarımız çərçivəsində bu inkişafda iştirak etməyə çalışırıq, Azərbaycanın müsbət imicini təsdiqləmək  və bu imicin təbliğat manerası yox, artıq dövlətin gerçək sifəti olduğunu izah etmək üçün çalışırıq. Amma belə məmurlar öz düşünülməmiş hərəkətləri ilə ANS-in vuruşduğu qüvvələrin əlinə kart-blanş verir, bizim mübarizə imkanlarımızı məhdudlaşdırır. Özü də  bunun məhz Azərbaycanda parlament  seçkiləri ərəfəsində edilməsi də bizi çox məyus edir. Bir sıra xarici mətbuat orqanları ANS-ə dövlət tərəfindən təzyiqlər haqda danışmağa başlayıb. Doğrudur, biz 72 ölkəni özündə birləşdirən ENEX və nüfuzlu EBU kimi nəhəng telebirliklərin üzvü kimi belə xəbərlərin yayılmasının qarşısını alırıq. Yəqin müşahidə edirsiniz ki, bir jurnalist 15 sutkalıq həbs olunanda belə çaxnaşan beynəlxalq media bu gün ANS-in ən populyar layihələrinin bağlanması ilə bağlı susur. Bu bizim xidmətimizdir. Çünki bilirik ki, N. Məhərrəmlinin şəxsi qərəzliyi nəticəsində yaranmış xoşagəlməz vəziyyətdən dövlətimiz əziyyət çəkməməlidir.  Sadəcə MTRŞ ANS üçün  bir sıra məqamlara görə əlverişsiz şərait yaradıb. Məsələn, tariximizdə diqqət yetirsəniz görərsiniz ki,  ANS  seçki kampaniyasında iştirak etməməyi barədə xüsusi bəyanatla çıxış edirdi. Kiçik bir şəxsi məsələyə görə MTRŞ-nın bu boyda hay-küy qaldırmasından sonra  isə bizim belə bir bəyanat verməyimiz  görün necə təsir bağışlayacaq. Xarici mətbuat bunu ANS-ə edilən ciddi təzyiqin nəticəsi tək qiymətləndirə bilməzmi? Amma belə ehtimali  əngəllərə baxmayaraq, fürsətdən istifadə edərək, Sizin vasitənizlə elan edirəm ki, seçki kampaniyasında iştirak etməyəcəyik.
Biz dünyadakı diaspora və səfirliklərimizlə böyük işlər görürük. Nüfuzlu ENEX assosiyası və  EBU Birliyinin üzvü olaraq Azərbaycanın unikal inkişaf yolu  barədə  bu qurumlara, onların vasitəsilə aparıcı Avropa televiziyalarına materiallar göndəririk.  Azərbaycanın düşmənləri ilə  mübarizə aparırıq. MTRŞ-nın münasibətindən, atdığı addımlardan sonra  bizi, arqumentlərimizi necə qəbul edəcəklər?! Amma yenə də Allah hamıya kömək olsun. O cümlədən Nuşirəvan Məhərrəmliyə də. Bunu deməyə bizim haqqımız var. Çünki biz Azərbaycanın müstəqilliyi uğrunda vuruşanda, yararlananda, şəhid verəndə, həbsxanalara atılanda bunu hər bir azərbaycanlı kimi Nuşirəvan Məhərrəmli uğrunda da etmişik. Ona görə etmişik ki, bizim müstəqil dövlətimiz olsun. Amma bu dövləti qorumaq  prosesi yalnız cəbhədə  baş vermir. Dövləti hər kəs öz yerində qorumalıdır. Və gərək MTRŞ da ona  arxalananlara  arxadan atəş açmasın!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam