MTRŞ-dan Mir Şahinə cavab: "Qanundan xəbəri yoxdur"
ANS televiziyasında yayımlanan “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin Milli Televiziya və Radio Şurasının qərarı ilə bağlanmasından sonra ANS TV-nin baş direktoru Mir Şahin Ağayev açıqlama verərək məlum qərarın qərəzli olduğunu və bununla bağlı şirkətin MTRŞ-nı məhkəməyə verəcəyini bildirmişdi.
"Xeberinfo.com": Məlumata görə, MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov publika.az-a açıqlamasında mövcud qərarda heç bir qərəz olmadığını və məhkəməyə müraciət etməyin hər kəsin konstitusiya hüququ olduğunu bildirib:
“Məhkəməyə müraciət etmək hər kəsin konstitusiya hüququdur. MTRŞ-ın qərarında heç bir qərəz yox idi. “Sən tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” tipli mənəvi dəyərlərimizə uyğun olmayan verilişlər cəmiyyətin bütün təbəqələri tərəfindən bəyənilmir. Burada proqrama verilən bütün tələblər pozulub. Şit, bayağı, küçə mədəniyyətini efirə gətirdiyi üçün həmin verilişlərin yayımı dayandırılıb. Hətta yayım dayandırılandan sonra Şuraya çoxlu təşəkkür zəngləri də gəlib”, - deyə T. Məmmədov bildirib.
Digər kanallarda bu tip verilişlərin dayandırılmasına gəlincə isə, MTRŞ rəsmisi bildirib ki, əgər bu cür verilişləri kanallar özləri bağlasalar, Şura onlara qarşı heç bir sanksiya tətbiq etməyəcək. Əgər efirdə şit, bayağı, küçə mədəniyyətini təbliğ edən və mənəvi dəyərlərimizə zidd verilişlərə yol veriləcəksə, onlara qarşı MTRŞ tərəfindən müvafiq tədbirlər görüləcək və kanala qarşı sanksiya tətbiq olunacaq.
Qeyd edək ki, ötən gün MTRŞ-nın iclasında ANS televiziyası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata baxılıb və televiziyanın efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarında sosial problemlərin həllinə dəstək adı altında yaradılan saxta şouların mövcudluğunu, ailədaxili münaqişələr, cəmiyyətdə müşahidə olunan digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna və sosial problemlərin şouya çevrildiyini, bir sıra mövzuların süni şəkildə günlərlə davam etdirildiyini, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradıldığını, ailələrin, qohumların üz-üzə qoyulduğunu, insanların heysiyyatı ilə oynanıldığını, süni gərginliyin yaradıldığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə yol verildiyini, efirin şəxsi intriqalara alət edildiyini, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilmədiyini, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, proqrama verilmiş tələblərin, eyni zamanda sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının yayımının 05 oktyabr 2015-ci il tarixdən etibarən 1 (bir) ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.