“Allaha and olsun ki, Ermənistana yatırmağa pulumuz var...”
Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov “Tribune-Review” nəşrinə müsahibə verərək Birləşmiş Ştatları müttəfiqlərini daha güclü şəkildə dəstəkləməyə çağırıb.
"Xeberinfo.com": Məlumata görə, səfir Azərbaycanın “İranla Rusiya arasında sıxışıb qaldığını, Mərkəzi Asiya və Yaxın Şərqəki qeyri-stabillikdən əziyyət çəkdyini” deyərək ABŞ-ın daha güclü dəstəyinə ehtiyacı olduğunu bildirib.
“Biz separatçılıq nəticəsində ərazilərimizin xeyli hissəsini itirmişik və daha çox qeyri-sabitliyin olmasını istəmirik. ABŞ istənilən separatizmi, ekstremizmi güclü şəkildə pisləməli və bu məsələdə dəqiq mövqe nümayiş etdirməli, güc yoluyla sərhədlərin dəyişməsinə yönələn istənilən cəhdləri rədd etməlidir”- deyə səfir bildirib.
E.Süleymanov Azərbaycanın ABŞ-la uzun dostluq münasibətlərinə malik olduğunu, regionda stabilliyin bərpasına yönəlmiş səyləri dəstəklədiyini deyib. Ancaq ABŞ-ın Azərbaycanla münasibətlərini təkcə öz maraqları üzərində qurmalı olmadığını bildirib: “Siz bizə deyə bilməzsiniz ki, nə lazımsa onu edirik və sizdən nə xahiş ediriksə, onu etməlisiniz. Bu iş belə gedə bilməz”.
Səfirin sözlərinə görə, Azərbaycan müsəlman ölkəsi olaraq ABŞ-la dostluğuna, onun Əfqanıstan əməliyyatlarına dəstək verməsinə görə hədəfə çıxıb. Ancaq bunun əvəzində ABŞ-an gözlədiyi dəstəyi ala bilməyib.
Diplomat Azərbaycanla Ermənistan arasında münaqişədən danışaraq deyib ki, ölkəsinin ən böyük problemi olan bu münaqişə Rusiya və İranla münasibətlər üçün zərurətdir.
E.Süleymanov əlavə edib ki, optimistdir, çünki Azərbaycan müstəqilliyə can atan insanların ölkəsidir: “Azərbaycan pullarını ağılla xərcləyir. Biz çiçəklənən ölkəyik. Öz qonşularımıza investisiya yatırırıq, biz Ermənistana da investisiya yatıra və onunla regionda tərəfdaş ola bilərik. Bunu etməkdənsə Ermənistan təcrid olunmağı seçib, bizim insanlarımızın malik olduqları qədər müstəqilliyə malik deyil”.
Azərbaycan diplomatı onu da deyib ki, atəşkəs razılaşması və aşağı səviyyəli danışıqlar işləmir. Ona görə də tərəflər masa arxasına keçib hərtərəfli sülh razılaşması üzərində işə başlamalı, gələcəyi necə gördüklərini, iki ölkənin regionu birgə necə inkişaf etdirə biləcəyini müzakirə etməlidir.
“Əgər bu işləsəydi, yaxşı olardı. İnanın mənə, Allaha and olsun ki, bizim Ermənistana yatırmaq üçün kifayət qədər pulumuz var”- deyə Elin Süleymanov bildirib.
Virtualaz.org