Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

UNUDA BİLMƏDİYİM NƏBİ XƏZRİ-FOTO

 

Ağlım kəsəndən sözə və söz adamına yüksək dəyər vermişəm. Şairə, yazıçıya əlçatmaz insanlar kimi baxmışam. Onları Tanrının ən uca və sevimli bəndələri bilmişəm. Və ürəyimdən çox istəklər, arzular keçib. Orta məktəb illərindən cızma-qaralar eləmişəm. Kimsəyə göstərməmişəm, kimsədən də məsləhət almamışam.

Yenixeber.org: Həmin cızma-qaraları mənsur şeir adıyla isti-isti rayonumuzda çıxan "Ulduz" (indiki "Şəmkir") qəzetinə göndərərdim. Təbii ki, dərc etmirdilər. Buna baxmayaraq bir dəfə özümdə cəsarət tapıb "Azərbaycan gəncləri" qəzetinə bir neçə mənsur şeir (mənə görə) göndərdim.

O vaxtın yazarlarının yaxşı yadında olar, qəzetin çox bacarıqlı, istedadlı və tanınmış əməkdaşları var idi. Onlar hər yazının qəzet səhifələrinə çıxmasına imkan vermirdilər. Elə buna görə də "Azərbaycan gəncləri" yaşından asılı olmayaraq bütün oxucuların sevimli qəzeti idi. Mən də çox iddialıydım. Rayon qəzetində bəyənilib çıxarılmayan yazılarımın respublika qəzetində çıxmasını istəyirdim. Atalar gözəl deyib: "Sən saydığını say, gör fələk nə sayır". Fələyin nə saydığı özünü çox gözlətmədi. Qəzetin növbəti sayında elə fələyin əliylə gözəl şair Sabir Almazov (dünyasını çoxdan dəyişib. Allah ona rəhmət eləsin) redaksiyaya gələn bədii yazılar haqqında yazdığı icmal məqaləsində məni möhkəmcə (indiki dildə desək, yıxıb sürümüşdü) tənqid eləmişdi. Amma buna baxmayaraq mən haqlı tənqiddən incimədim, sözdən küsmədim, bədbinləşmədim, ruhdan düşmədim. Mənsur şeirin qaydan-qanununu öyrənmək üçün G.Hüseynoğlunu, böyük R. Taqoru dönə-dönə oxudum, onlardan öyrəndim.

Artıq 9-cu sinifdə oxuyurdum. Redaksiyalara göndərdiyim mənsur şeirlər bəyənilir və rayon qəzetinin səhifələrində dərc olunurdu. Artıq məndə yavaş-yavaş özümə inam yaranır və mən özümdə cəsarət tapıb mənsur şeirlərimi radionun "Axşamınız xeyir" verilişinə göndərirəm. Bəyənilir və səsləndirilir. Mən bundan qürurlanır, sevinir və yerə- göyə sığışmıram.

  Orta məktəbi bitirib, ali məktəbə yollanıram. Lakin istənilən nəticəni qazana bilmirəm. Amma sözdən ayrı düşmürəm. Yenə yazıram. Müxtəlif qəzet və jurnallarda kiçik həcmili bədii yazılarım çap olunur. 1981-ci ildə "Azərbaycan" jurnalının redaksiyasına Nəbi Xəzriyə bir neçə kəlməlik məktub yazıb bir neçə mənsur şeir göndərirəm. Aradan xeyli vaxt keçir. Məktubumun böyük şairə çatıb, çatmadığından xəbərim yoxdur. Elə bu ərəfədə bir neçə dostum məni təbrik edir. Nəyə görə təbrik etdiklərini sormuram. İlk ağlıma gələn bir neçə gün qabaq "Kommunist" qəzetində Akademik Firudin Köçərlinin adət-ənənəmiz haqqında müzakirəyə verilmiş yazısı ilə bağlı dərc olunmuş ki, kiçik yazım düşdü. Və dostlara bildirdim ki, o yazını oxumuşam. Dedilər yanılırsan, biz onu demirik. "Kommunist"in başqa bir sayında Nəbi Xəzri sənin haqqında gözəl bir yazı yazıb. Eşitdiyimə inanmadım. Bu qədər də yox də. Mən kim idim ki, o boyda şair mənim haqqımda ölkənin bir nömrəli qəzetində yazı yazır. Qəzeti tapdım və 4-cü səhifədə şairdən gözləmədiyim, ağlıma gətirmədiyim bir yazı oxudum. Onun mənə və yazılarıma olan isti, səmimi münasibəti sözün yaxşı mənasında məni heyrətləndirdi. Sözün doğrusu mənim mənsur şeirlər yazmam da onu heyrətləndirmişdi.

  Nəbi Xəzrinin oxucusu olmağıma baxmayaraq onu bir dəfə də olsun (televiziya ekranlarından gördüyümü nəzərə almasam) görməmişdim. Təbii ki, o da məni görməmişdi. İmzamı da bəlkə birinci dəfə görürdü. Amma buna baxmayaraq özüm və mənsur şeirlərim haqqında elə ürəkdən, elə səmimi, elə inamla yazmışdı ki, mənim qürurlanmaqdan, sevinməkdən başqa əlimdən bir şey gəlmirdi. Sözün açığı yazını oxuyanda bir balaca qızarıb pörtmüşdüm də. Bunu heç kim görməmişdi. Doğrusu heç özüm də görməmişdim. Görmək üçün ən azından aynanın qabağına keçməliydim. Amma yanağımın istiləşməyindən hiss etmişdim.

  Poetik təfəkkür sahiblərinə hörmət edib, onları üzə çıxarmağa Nəbi Xəzrini nə və kim məcbur etmişdi ki. yazı-pozusuna, özünə bir elə də bələd olmadan fərqli gənclərə yaşıl işıq yandırmışdı? Təbii ki, heç kim. Bu şairin içindən gələn insanlıq, şairlik duyğusu, hissi idi. Mənim mənsur şeirlərimdəki poetik işartılar onu sevindirmiş və mənim gələcək uğurlarıma onda böyük inam yaratmışdı.

  Üzümü belə görmədən mənim yazılarım haqqında ölkənin bir nömrəli qəzetində - "Kommunist"də "Şair fəhlə" yazısı Nəbi Xəzri kimi bir şairin, yüksək vəzifə adamının mənə uğurlu yol arzusu olur. Bundan sonra mən daha da ruhlandım, məsuliyyət hissim artdı, yıxılmadım, büdrəmədim. Çünki böyük şairin sözləri dayağım, söykənəcəyim idi.

  Bu yazının qəzetdə çıxmasından xeyli vaxt keçmişdi. Mən hələ də Nəbi Xəzriyə öz təşəkkürümü, minnətdarlığımı bildirməmişdim. Vaxtsızlıq, imkansızlıq içində idim. Ona görə ki, həmin ərəfədə atam bərk xəstə idi. O üzdən də vaxt, imkan tapıb şairin görüşünə gedə bilmirdim. Bir gün dar macalda şairin iş yerinə (o vax N. Xəzri Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin sədri işləyirdi ) getdim. Yuxarı qalxıb katibədən Nəbi müəllimin burda olub, olmadığını soruşdum. Katibə xanım burda olduğunu dedi və məndən soruşdu:

 - Siz kimsiniz?

  Utana-utana (hələ də bilmirəm adımı deməkdə nə utancaqlıq vardı?) dedim:

  - Məhərrəm Şəmkirli. Adımı eşidən xanımın üzünə xoş bir təbəssüm qondu:

  - Nəbi müəllim sizi çoxdan gözləyir. Gedim xəbər verim,- dedi və iri meşin qapıyı açıb içəri keçdi. Ürəyim döyünməyə başladı. Heç belə həyəcanlanmamışdım. Öz-özümə: "Gör, yazının üstündən nə qədər vaxt keçib. Mən hələ indi təşəkkürə gəlmişəm. Bəlkə bu diqqətsizliyimə, laqeydliyimə görə heç məni qəbul etmədi. Haqlıdır. Kim olsa mənim hərəkətimi hörmətsizlik kimi qəbul edər". Beləcə gah özümü qınayır, gah da böyük şairə haqq qazandırırdım. Yaxşı ki, katibə xanım tez qayıtdı. Üzü gülürdü. Üzündəki gülüşdən mənə də pay verdi. Gülə-gülə dedi:

  - Nəbi müəllim sizi gözləyir. Buyurun, keçin.

  Ürəkləndim. İri meşin qapını açıb içəri keçdim. İlahi, otaq nə boyda idi. Yaşımdan nə bu boyda otaq görmüşdüm, nə də içərisində olmuşdum. Məni görən Nəbi müəllim oturduğu yerdən durub gülə-gülə mənə doğru gəldi, əl verib görüşdü, xoş gəldin dedi. Oturmaq üçün yer göstərdi. Təşəkkür edib oturdum. Söhbətə mənsur şeirin az-az yazılmasından və mənim mənsur şeirlərimi almasının nadir hadisə olduğundan danışdı. Böyük şair danışdıqca mən qızarır, bozarır, tər tökürdüm. Axı bu başqa cür də ola bilməzdi. Yaşımdan birinci dəfəydi ki, şairlə bir otaqda, özü də necə bir şairlə kəlmə kəsib ədəbiyyatdan, şeirdən danışırdım. Mənim üçün bu İlahi bir sevinc, qürur idi. Şair onu da vurğuladı ki, mən sənin mənsur şeirlərini "Ədəbiyyat və İncəsənət" (o vaxt "Ədəbiyyat qəzeti" bu adla çıxırdı) qəzetində, "Ulduz", "Azərbaycan" jurnallarında verə bilərdim. Amma mən "Kommunist" qəzetini üstün tutdum. Çünki bu qəzeti bir milyon insan oxuyur. Tanrım, bu nə şirin və gözəl görüş idi. Böyük şair mənim özümə və sözümə belə yüksək dəyər verirdi.

  Bir neçə gün olardı ki, Nəbi müəllim Qərbi Almaniyadan qayıtmışdı. Orda rəssamlarımızın rəsm əsərlərinin uğurla nümayiş olunduğundan qürurla danışdı, sevincini bildirdi. Mən ona mənə və mənim yazılarıma verdiyi dəyərə görə böyük təşəkkürümü bildirdim. O, xoş bir təbəssümlə:

  - Böyük Səməd Vurğun bizi belə öyrədib. İstedlara diqqət yetirib, qayğı göstərmək, onlara ədəbi yolda yaşıl işıq yandırmaq bizim borcumuzdur, - dedi.

  Təkrar Nəbi müəllimə təşəkkür edib, o böyük insanın kabnetini tərk edirəm. O, məni qapıya kimi ötürür. Böyük sevinclə pilləkənləri düşüb binanı tərk edirəm.

Məhərrəm Şəmkirli

AYB-nin üzvü


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam