DEYİMLƏR
Yük
Bu dünyaya yük çəkməyə gəlmişik.Kimimiz ağır,kimimiz yüngül.Ağır yük çəkənimiz də,yüngül çəkənimiz də deyirik, “Mənim çəkdiyim yükü dəvə də çəkməz”.Birimiz doğru deyirik,birimiz yalan.
Mənə qalsa həyatda ən ağır yükü analar çəkir,analar.Doqquz ay bətnində,bir neçə il qucağında və bir ömür ürəyində.Söylən,söylən,insanlar,ana çəkən yükü sevinclə,qürurla,fərəhlə kim çəkər,kim.Heç kim,heç kim!
Haqq
Tanrı bizə haqq verib.Yaşamaq,ölmək haqqı.Yaşamağa can atarıq,ölümdən qaçarıq.Sonda bu haqqdan da qaça bilmərik,yola gəlib bu haqqa da qovuşarıq.Gecə-gündüz əlimiz Tanrının dərgahında olar.Ondan kimsəyə möhtac olmaq haqqını heç istəmərik.Tanrım,nə olar ucalığın,aliliyin xatirinə bu haqqı vermə,vermə bizə.Bu gün,sabah,lap bu an öldür bizi amma bizi kimsəyə möhtac eləmə.
Qorxaq idi
Vətən dara düşüb,vuruş meydanı olanda o,da enli kürəkli,polad biləkli cavan bir oğlan idi.Amma dovşan kimi qorxaq,tülkü kimi aradan çıxan idi.Onun üçün var-dövlət toplamaq Vətən,yer-yurd sevgisindən üstün idi.Həmyaşıdları kimi dağların,daçların arxasını səngər edib düşmənin qanını töküb,canını almalıydı.Amma dağın,daşın arxasından qaçıb xaricə getdi.Məmur övladıydı.Bu gün nəşini gətiriblər yurduna.Dəfin edib,qəbrinin üstünə sinədaşı, başdaşı qoyacaqlar.Amma heç vaxt o başdaşı dik durmayacaq.
Dünyanı mərd bildim
Dedilər kürəyini mərdə söykə.Dünyanı mərd bilib haqq yolunda gürəyimi ona söykədim.Dünya haqqdan qaçıb,namərd çıxıb arxamdan qaçdı.Haqq yolunda arxasız,köməksiz qalmadım,əyilmədim,sınmadım,özüm-özümə arxa oldum,dayaq oldum.İki yüz illik düşmənimdən qisasımı aldım.qoymadım qiyamətə qalsın.Ürəyimin təpəri,qolumun gücü dünyanı yaman heyrətləndirdi,yaman çaşdırdı.
Yol
Üc nəfər yola çıxdı.Biri sərvət,biri bir qarın çörək,biri də həqiqət axtardı.Sərvət axtaran sərvət tapıb var-dövlət sahibi oldu,bir tikə çörək axtaran çörək tapıb qarnını doyurdu.Amma həqiqət axtaran hələ yollardadır.
Olmazdı
Tanrım,eşidirsənmi məni? Sən bizim yaradanımız,biz sənin sadiq dəndələrin.Bəs niyə bizləri müxtəlif dinli,ayrı-ayrı məkanlı elədin? Sənin olan yerdə,göydə bu nə ayrı seçkilikdir? Sənin olan göyü də,yeri də bəndələrin bu gün bölüm-bölüm eləyiblər.Birinin yerinin ucu-bucağı yox,birinin bir ovuc torpağı yox,öləndə gözünə töksün.Torpaq uğurunda qanlar tökülür,canlar alınır.Tanrım bəlkə də bizi bir dinli,bir vətənli eləsəydin, bu qədər bir-birimizin yerinə-yurduna göz dikib qan töküb,can almazdıq.
Tələsmən
Bu günün sevincini,şirinliyini dadmamış,duymamış sabaha,birisi günə tələsirsən.Nə bilirsən sabah,birisi gün sənə sevinc,şadlıq gətirəcək,gətirməyəcək.Amma yaman tələsirsən.Tələsimə insan övladı,tələsimə! Sabaha,birisi günə belə tələsə-tələsə bir də gördün sənə verilən gün də,ay da,il də tükəndi.Onda yana-yana,qovrula-qovrula deyəcəksən: “İlahi,ömür nə tez bitdi”.
Məhərrəm Şəmkirli
AYB-nin və AJB-nin üzvü.