Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

“13” bədii-sənədli filmi 13 kişinin taleyinin ekran həllidir -FOTOLAR

 

Xocalı faciəsi heç zaman statistikaya, formal xatırlayacağımız tarixə çevrilməməlidir. Xocalı faciəsini yaddaşımızda həmişə diri, canlı saxlamağın əsas yollarından biri, bu hadisələri, onun şahidlərini və qurbanlarını ədəbiyyatda, sənət əsərlərində peşəkarlıqla və yüksək sənətkarlıqla ifadəsidir.

Yenixeber.org: Milli kinomuz çox təəəssüf ki, bu sözün geniş mənasında Xocalı faciəsi qarşısında mənəvi borcunu yerinə yetirməyib. Bu faciə tammetrajlı bədii film kimi hələ də kinoda işlənməyib. Çünki bütün hallarda tammetrajlı bədii filmin dünyanın istənilən yerində yaşayan tamaşaçının hisslərinə təsir imkanları daha dərindir. Söhbət, əlbəttə ki, bədii cəhətdən keyfiyyətli məhsuldan gedir…

Lakin mövzu üzrə indiyə qədər qısametrajlı bədii, sənədli filmlər çəkilib, həmin audiovizual əsərlər xaricdə müxtəlif platformalarda nümayiş olunub. Onların arasında bədii-estetik, mövzuya yanaşma baxımından zəif olanı da, təsirlisi də var.

Fevralın 24-də Nizami Kino Mərkəzində premyerası keçirilən “13” bədii-sənədli filmi düşünürəm ki, bu mövzuda çəkilən keyfiyyətli işlərdən biridir. QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə çəkilən  “13” filmi Dəhraz kəndi istiqamətində mühasirəyə düşmüş, girov götürülmüş bir qrup dinc əhalinin arasından seçilərək aparılan 13 kişinin taleyinin ekran həllidir. Filmdə, haqqında danışılan 13 nəfərlə bağlı indiyə qədər heç bir məlumat olmadığından, onlar itkin sayılır.

 
“13” film layihəsinin rəhbəri və ssenari müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, telejurnalist Mübariz Əsgərovdur. Ssenarinin məzmunu, mövzuya yanaşma, ekranda əksini tapan vacib sənədli materiallar, müəlliflərin Xocalı soyqırımının bu epizodu haqda detallı bilgilərə malik olduğunu, hadisəni hərtərəfli araşdırdığını göstərir. Bu təsadüfi deyil. Çünki Mübariz Əsgərov uzun illərin təcrübəli jurnalistidir, Qarabağ hadisələrini işıqlandıran “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli, “Coğrafiya müəllimi” qısametrajlı bədii film layihələrinin müəllifidir.

Rejissor Elçin Elxanlı filmdə mümkün qədər maraqlı forma, intonasiya tapmağa çalışır, monoton, teleestetikaya xas üslub və formadan imtina edir, bədii təsvirlərlə sənədli faktların əlaqəsini dramaturji cəhətdən səliqəli qurur, real şahidlərlə – onları və 13 nəfəri canlandıran bədii obrazlar arasında emosional bağ yaradır, dinamik və ekspressiv montaj vasitəsilə hadisənin ağır, gərgin ritmini ötürür. Hekayənin əsas xətti uğurlu seçilib və bu, həm də epizoddan-epizoda keçiddə fənd kimi istifadə olunur. Erməni hərbçiləri girov götürdükləri Xocalı sakinlərindən zinət əşyalarını və pasportlarını tələb edirlər. Boş vedrəyə atılan pasportların yaxın planda göstərilməsi hadisələrin gedişatında əsaslandırılır. Girovlar arasından seçilən kişilər erməni hərbçiləri tərəfindən aparıldıqca, filmboyu hər birinin pasportunda real fotosu və onları canlandıran  aktyorların şəkli göstərilir. Beləliklə, 13 nəfərin hər birinin pasport şəkillərinə kamera vurğuları, həmçinin, onların ailələrindən ayrılmaq kadrları, pauzalar vahid süjet xəttini təşkil edərək, təhkiyənin tempinin davamlılığını qoruyur.

 
“13” filminin vacib cəhəti odur ki, tarixi faktlar emosional dərinliklə yüklənir. Sənətin əsas missiyası da burada özünü göstərir: tarixi faktlara uyğun bədii forma, biçim verərək onları hissə, sarsıntıya çevirmək.  İtkin düşən həmvətənlərimizin kimliyi önəmli bioqrafik detallarla həm bədii səhnələrdə, həm də yaxınlarının, onları tanıyanların dilində anladılır. Şahidlər gördüklərini bədiiləşdirilmiş təsvir fonunda və qış geyimlərində danışırlar. Bu isə tamaşaçıya əhvalatın təsirindən ayrılmağa, qopmağa imkan vermir və onu emosional təzyiq altında saxlayır. Biz yalnız sonda, ekranda işğaldan azad edilmiş Xocalını görəndə  nəfəsimizi dəririk.

Soyuq işıq və rəng həlli, məkan seçimi, xırda detallar – qar üzərindəki gəlincik, kiçik pəncərədən çovğun kadrları faciənin atmosferini hiss etdirir. Güllə səsləri eşidilsə də, seçilən adamların qətlə yetirilib-yetirilməməsi bəlli deyil. Filmdə danışan əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bildirir ki, əhalinin verdiyi məlumata görə, onları aparan heyətin rəhbəri Çanaqçı kəndindən Samvel adlı zabit olub: “Sonradan aparılan danışıqlar zamanı Xankəndidə Daxili işlər idarəsinin rəhbəri işləmiş Armen İsaqulov tərəfindən Ermənistana göndərilmişdi. Onların sonrakı taleyi məlum deyil”.

 

Elçin Elxanlı ümumən aktyorlarla yaxşı işləyib. Hərçənd, ilk epizodda onların uçuq-sökük, qapalı yerə  doluşması səhnəsində belə təsəvvür yaranır ki, aktyorların əsas qayğısı rejissorun mizan tapşırığını unutmamaqdır və buna fokuslanmaları səbəbindən həmin epizodda qeyri-təbiilik hiss edilir. Yaxud bəzi planlarda (xüsusən yaxın) aktyor oyunu və sözləri bir qədər mübaliğəli təsir bağışlayır. Bununla belə, xırda -para qüsurlar ümumilikdə filmin keyfiyyətinə təsir göstərmir.

Qələbəlik, çoxpersonajlı səhnələrdə, çətin məsələlərdən biri, hər obrazın düşdüyü eyni vəziyyətə fərdi münasibətinin, reaksiyasının tapılmasıdır. Bu baxımdan bir neçə aktyor oyunu xüsusən yadımda qaldı. Onlardan biri gənc aktrisa Esmiralda Abdullayevanın ifası idi. Esmiralda Abdullayeva, filmdə 13 itkindən biri, Ələddin Paşayevin bacısı Kamilənin obrazını yaradır. Qardaşını aparandan sonra, Kamilənin dili tutulub, o, nitq qabiliyyətini itirib. Kamilə xanımın bu günə qədər nitqi bərpa olunmayıb. Esmiralda Abdullayeva vəziyyətin dərinliyinə enir, o zaman keçirdiyi qorxuya və çarəsizliyinə inandırır.

Digər itkin, Vüqar Hüseynovun bacısı Zərəfşan psixi gərginlikdən ağlını itirib və müalicə aldığı xəstəxanada bu yaxınlarda vəfat edib. Zərəfşanı oynayan Səbinə Məmmədova mürəkkəb psixoloji vəziyyəti isterikaya yol vermədən, ağrı ilə oynayır. Həmçinin, Rövşən Həsənovun bacısı Xuramanı oynayan Aysel Usubovanın, iki qardaşı meşədə güllələnən Tofiq Zeynalovu ifa edən Kamil Nazimin də oyunlarını vurğulamalıyam.   

Ən ağır səhələrdən biri, fotoqraf Reza Deqatinin hadisə ilə bağlı söylədikləri oldu. Xocalı faciəsindən sonra Ağdama yollanan Deqatinin diqqətini yaşlı bir kişi cəlb edir. Adı Pirqulu olan qoca, dörd gün bir daşın üstündə oturaraq, əlində foto, gəlib-gedəndən oğlu Azadı soruşurmuş. Günlərlə ağlayan ahılın göz yaşı belə quruyur. Deqati, qocanın fotosunu çəkərək dünyanın müxtəlif sərgilərində göstərir. Fotoqrafın sözlərinə görə, həmin foto dünyanın heç bir yerində tamaşaçını laqeyd qoymur. Doğrudan, Pirqulu Cabbarovun əks olunduğu foto sadəcə insan rəsmi yox, KƏDƏRİN rəsmidir. Azad Cabbarovun oğlu Fuadın qəhərlənərək filmdə səsləndirdiyi ifadələr adamı sarsıdır:  “Mən atamı fotoşəkillərdən, insanların danışığından təsəvvür edirəm. Çox istərdim ki, 30 ildən sonra bir saatlıq, bir anlıq da olsa atamı görüm”.

 

Ağdam sakini Pirqulu (fotonun müəllifi Reza Deqati)


Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsilini yarımçıq qoyub Qarabağa qayıdan Ülfət Əliyev anasının yeganə övladı olub. Övladını itirən ana dərin depressiyaya düşür, 17 il özünə qapanır, heç kəslə kəlmə kəsmir və dünyasını dəyişir. Ülfət yalnız bir dəfə anasının yuxusuna girərək “ana, yorulmuşam” deyir.

Şahin Məmişov Xocalını son tərk edənlərdən biri olub, hadisələr zamanı həyat yoldaşı da şəhid olub. 13 itkindən digəri Səyavuş Usubov idi. Onun qardaşı Rizvan bu hadisədən sonra özünə gələ bilmir və azad olunandan sonra intihar edir. Zakir, Elşad və Elyar Usubov qardaşları da 13 itkinin arasındadırlar.

Usubəli Qarayevin özündən sonra iki övladı qalıb. Elşən Bağırov da 13 itkinin arasındadır.

Eldar Səmədov premyerada bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur: “Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 200-ü keçib. İşğaldan azad olunmuş ərazilərdə fevralın 23-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq”.

 

Qeyd edim ki, filmin prodüseri Xəyyam Abdulla, operatoru Əhməd Barasovdur. Sonda mütləq bu məqamı da vurğulayım ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə çəkilən ekran işləri arasında kinematoqrafik cəhətdən zəif məhsullar da ortaya çıxıb və onlar haqda bir neçə tənqidi məqalə yazmışam. Amma son illərdə QHT sektorunda aparılan islahatlar, yaxşı mənada, nəzarətin güclənməsi  “13” kimi keyfiyyətli filmlərin istehsalına səbəb olub. (kinoyazar)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam