Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turu başa çatdı
İyunun 21-də Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin ikinci turunun dinləmələri təşkil edilib.
Yenixeber.org: Dinləmələr ikinci tura vəsiqə qazanmış 10 iştirakçı arasında aparılıb. İnstrumental ifaçılıq kateqoriyası üzrə 5 iştirakçı - Vaqif Təhməzov, Cahandar Mikayılov, Anar Vəlizadə (Azərbaycan), Shoxijohan Yoriev, Toshtemur Shukurullayev (Özbəkistan), eyni zamanda, xanəndəlik kateqoriyası üzrə 5 ifaçı - Mirəli Sarızadə, Daşqın Kürçaylı (Azərbaycan), Mohiçehra Şahmurotova, Dostmurod Negmurodov (Özbəkistan) və İsa Shokri Charandabi (İran) öz ifalarını təqdim ediblər.
İyunun 22-də müsabiqənin ikinci turuna keçən ifaçılar arasından seçilən qaliblərin ümumi nəticələri elan olunacaq.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Saymon Brotun (Simon Broughton), İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma) (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.
Xatırladaq ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. Müsabiqəyə Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı, o cümlədən ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı qatılmışdı. Ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edib.
Müsabiqədə instrumental ifaçılıq kateqoriyası üzrə ikinci tura vəsiqə qazanmış iştirakçı Vaqif Təhməzov AZƏRTAC-a müsahibəsində müsabiqə barədə öz təəssüratlarını bölüşüb: “Uzun zamandır ki, bu müsabiqəyə hazırlaşırdıq. Üzərimdə əziyyəti olan müəllimlərimə öz təşəkkürümü bildirirəm. Əziyyətli günlərimiz çox olub və düşünürəm ki, buna dəyər, inanıram ki, bunun bəhrəsini görəcəyik. Bu gün burada tarda ifa etdiyim kompozisiya müxtəlif bəstəkarların əsərlərindən və ən əsas da muğamlarımızdan ibarət idi".
Milli Muğam Müsabiqəsinin instrumental ifaçılıq kateqoriyası üzrə qalibi olmuş Vaqif Təhməzov deyib: “Azərbaycan Milli Konservatoriyasında magistr pilləsi üzrə birinci kursda oxuyuram. İxtisas müəllimim Ramiz Əzizov, muğam müəllimim isə Xalq artisti Elçin Həşimovdur. Müsabiqəyə qatılmağımda Elçin müəllimin böyük zəhməti olub. Onun çəkdiyi əmək hədər getmədi, mən var qüvvəmlə müəllimimin ümidini doğrultmağa çalışdım və düşünürəm ki, buna da nail oldum. Biz birlikdə bu müsabiqəyə böyük zaman ayırdıq, xüsusi hazırlaşdıq. Müsabiqə çox böyük rəqabətlə keçdi”.
Qeyd edək ki, festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq.
Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.