Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Koronavirus Kəmaləddin Heydərovu bitirə bilər -“Fövqəlnazir”in boynuna qoyulan fövqəlvəzifə

 

 Ölkə başçısı İlham Əliyevin 2 gün əvvəl bir illik maaşını Koronavirusla Mübarizə Fonduna bağışlamasından sonra səxavət yarışı başladı. Ölkənin bütün tanınmış iş adamları ölkə başçısının başlatdığı bu xeyirxah təşəbbüsə qoşuldular. Bu gün I vitse-prezident Mehriban Əliyeva da koronavirusa qarşı mübarizə məqsədilə 1 illik maaşından keçdi.

Yenixeber.org: Ölkənin I və II şəxsləri tərəfindən atılan bu addımın iri məmurlarımız tərəfindən təkrarlanmaması insanlarımızın beynində bəzi sualların ortaya çıxmasına səbəb oldu. Sosial şəbəkələrdə bir sıra oliqarx məmurların bu “etinasızlıqları” eninə-boyuna müzakirə edildi. Bəziləri hətta bu vurdum-duymazlığı klanlararası rəqabətin nəticəsi kimi qələmə verdi və bu suala cavab axtardılar: Niyə bu ölkənin qaymağını yeyə-yeyə şişən Ziya Məmmədovlar, Fazil Məmmədovlar, Kəmaləddin Heydərovlar və s. kimi oliqarxlar məlum təşəbbüsə qoşulmurlar?

Doğrusu, Ziya və Fazil Məmmədovu və sairələri deyə bilmərik, amma insafən, Kəmaləddin Heydərov əlini daşın altına qoyan oliqarx məmurlardandır. Özü də təkcə əlini yox, həm də bütün vücudunu. Niyə bu iddiadayıq? Çünki…

 

Ovqat.com-un məlumatına görə, koronavirusla mübarizənin əsas xərcini “fövqəlnazir”in boynuna qoyublar. Onun digər məmurlardan fərqli olaraq, nəinki bir illik maaşı və ya qazancı, hətta bütün varidatı koronavirusun ümidinə qalıb. Azərbaycanda bu epidemiya nə qədər geniş şəkildə yayılsa, “fövqəlnazir” bir o qədər zəifləyəcək. Qarşısı tez alınsa, Kəmaləddin Heydərov da xeyli qabağa düşəcək. 

Fövqəlnazir”in köhnə dostlarından əldə etdiyimiz bu məlumatı təsdiqləyən rəsmi açıqlamalar da var. Bu rəsmi açıqlamalardan biri Kəmaləddin müəllimin əsas biznes sahəsi kimi tanınan “Gilan Holding” tərəfindən verilib. Holdinqin 3 gün öncə “Report”-a verdiyi açıqlamaya görə, şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növünü dəyişərək koronavirusla mübarizəyə cəlb edilib: “Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadə” olunur.

Məsələ bununla da bitmir. Ən böyük problem ondan qaynaqlanır ki, həmin otellərdə sərf olunacaq vəsait də Kəmaləddin Heydərovun cibindən çıxacaq. Holdinqin rəsmi açıqlamasında da bu xüsus açıq şəkildə etiraf edilir: “Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir”.

 

“Gilan Holding” bu xeyirxah təşəbbüsün vətənpərvərlik hissindən və Azərbaycan iqtisadiyyatına töhfə vermək niyyətindən fışqırdığına eyham vuraraq bildirir: “Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyasının qarşısını almaq məqsədilə ticarət, turizm və digər sahələrdə xüsusi iş rejimlərinin tətbiq olunmasının ölkədə işgüzar fəallığın zəifləməsi və iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərməsinə baxmayaraq, “Gilan Holding” əhalinin məşğulluq məsələlərinə həssas yanaşır və şirkətlər qrupuna daxil biznes vahidlərində mənfi təsirin azaldılması üçün biznesin davamlılığına dəstək verərək, yaranmış bu vəziyyətdə həm məşğulluğun təmin edilməsinə, həm əhaliyə, həm də ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir”

                                         Töhfə, ha!..

Holdingin bu qəliz cümlərlərini oxuyanda sanki Azərbaycanda monopoliyaları ilk yaradanlardan birinin elə həmin Kəmaləddin Heydərov olmadığı  qənaətinə varırsan. Təbii ki, Azərbaycan reallığından xəbərin yoxdursa. Reallıqlardan az-çox xəbəri olanların isə beynində dərhal bu fikirlər meydana gəlir: Əgər “Gilan Holding”in sahibi ölkə iqtisadiyyatı belə düşünən idisə, çox da uzaq olmayan tarixdə niyə inhisarlar yaradıb azad rəqabət mühitini sıradan çıxarır, onminlərlə iş yerini batırır, yüzminlərlə insanı çörəyə möhtac buraxırdıAxı sir deyil ki, Azərbaycan iqtisadiyyatının bu gün neftdən asılı vəziyyətdə qalmasının ən böyük günahkarı elə həmin monopoliyalardır. Hansı ki, kiçik və orta biznesi sıradan çıxararaq Azərbaycan bazarını özlərindən asılı vəziyyətə salmış, idxala belə qadağalar qoyaraq özü üçün tamamilə rəqibsiz mühit yaratmışdı. Rəqabətsizlik mühitinin gətirdiyi arxayınçılıq sayəsində isə özünü inkişaf etdirə bilməyib tənəzzülün tam astanasında dayanmışdı.

 

İndi həmin şirkətlər qrupunun vətənpərvərlikdən dəm vurması, ölkə iqtisadiyyatına vermək istədiyi töhfədən danışması tamamilə absurd görünür. Monopolist düşüncəyə sahib şirkətlərin elə bir duyğusu olmur və onlar yalnız boyunlarına qoyulanda humanizmə, fədakarlığa, milliliyə və qeyri ülvi duyğulara meyllənirlər. Məhz bu məntiqə söykənərək biz də “Gilan Holding”in bu “fədakarlığını” boynuna qoyulmuş məsuliyyət kimi qiymətləndiririk.

Bəs, Kəmaləddin Heydərovun boynuna qoyulan fədakarlığın miqdarı nə qədər ola bilər?

Yuxarıda bu suala qismən cavab verdik: Hər şey koronavirusun Azərbaycan xalqına nə qədər acıyıb-acımayacağına bağlıdır. Əgər bu virusun qarşısı qısa zaman ərzində alınmasa, gedişat “fövqəl”-fəlakətlə də nəticələnə bilər. Məsələ burasındadır ki, “Gilan Holding”-in koronavirusun insafına buraxdığı otellərin sayı heç də az deyil. “Fövqəlnazir”in koronavirusla mübarizədə nə qədər “tərləyəcəyi”nin miqyasını anlamaq üçün bu otellərinin siyahısına ötəri nəzər salmaq kifayətdir.

 

QƏBƏLƏLƏND İSTİRAHƏT VƏ ƏYLƏNCƏ PARKI,

GİLAN TURİZM,

QƏBƏLƏ OTELİ,

GİLAN OTEL,

YENGİCƏ İSTİSU SAĞLAMLIQ MƏRKƏZİ,

PULLMAN BAKU,

QAFQAZ BAKU CİTYHOTEL & RESİDENCES,

QAFQAZ PARK HOTEL,

QAFQAZ RESORT HOTEL,

QAFQAZ POİNT HOTEL,

QAFQAZ RİVERSİDE HOTEL,

QAFQAZ SPORT HOTEL,

QAFQAZ SAHİL HOTEL,

CRESCENT HOTEL.

Turizm sahəsində çalışan yoldaşlardan aldığımız məlumata görə, təkcə Qafqaz hotelləri bir gündə ən azı 10 min adamı ağırlaya bilir. Bunlar isə “Gilan”-ın ən böyük hotelləri də deyil. “Gilan”ın iri hotellərindən biri “PULLMAN BAKU-nun günlük qonaq potensialı 2 minə yaxındır. Bir sözlə, bütün “fövqəl”-otellərin qonaq tutumunu üst-üstə gəlsək, “Gilan” Şirkətlər Qrupu gündə 15-20 min insanı qəbul edə biləcək gücdədir. Hər koronavirus şübhəlisi isə “Gilan Holding”in  ən azı 14 gün qonağı olacaq. Üstəlik, bu qonaqlar ənənəvi müştərilər kimi təkbaşına da qalmayacaqlar. Onlara baxan həkimlər, tibb bacıları, müalicə üçün istifadə olunan dərmanlar, tibbi ləvazimatlar, geyim-keçimlər və s. də var.

  

Ən əsası isə koronavirus bəlasının nə zaman bitəcəyi də bəlli deyil. Böyük Britaniya Səhiyyə Nazirliyindən “The Guardian”-a sızdırılan məxfi hesabata inansaq, bu virusun 2021-ci ilin yazına qədər at oynatmaq ehtimalı var. Bu ehtimal, sözsüz ki, bizim üçün də keçərlidir. Zira ingilislər Allahın lənətlədiyi, biz isə bacısı oğlu deyilik ki, Böyük Britaniyaya ayrı, Azərbaycana ayrı gözlə baxa.

Allah hər kəsə eyni gözlə baxdığından Azərbaycan da koronavirusla bu uzun və məşəqqətli mübarizə prosesində ən xırda səhlənkarlığa yol verə bilməz. Əks halda virus qaldığı yerdən fəaliyyətinə davam edər və ölkəni dəhşətli epidemiya bürüyər.

İri məmurların parazit kimi yeyə-yeyə zəif saldıqları Azərbaycanın isə bir dövlət kimi bu yükü təkbaşına çiyinlərinə götürmək şansı yoxdur. Zira epidemiya tuğyan etdikcə, tək gəlir qaynağımız olan neftin qiyməti də qalxmayacaq və ölkəmiz neft gəlirləriylə ayaqda durmağa bel bağlaya bilməyəcək. Görünür, bunun nəticəsidir ki, indiyədək hər şeyə hamıdan daha çox pul ayaran və ayırdığının böyük qismini iri məmurların cibinə getməsinə göz yuman Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizəyə çox dar büdcəylə başladı – hardasa, 590 min ABŞ dolları ilə. Halbuki digər dövlətlərin bu sahəyə ayırdığı pullar 100 milyardlarla ölçülür. Sözsüz ki, Azərbaycanın maliyyə resursları üçün 100 milyardlardan danışmaq absurd və kərəmət gücə bağlıdır, amma biz də heş olmasa bu məbləği milyard dolların üzərinə çıxara bilərdik. Amma çıxarmadıq, deməli, səxavətli davranmaq missiyasının Kəmaləddin Heydərov kimi bütün közləri öz qabağına çəkmiş iri məmurların öhdəsinə qoyulması planlaşdırılıb və qoyulub. Onlar bu vəzifə borclarından yayınsalar özləri də koronavirusun qurbanı ola bilərlər. Odur ki, bu virus Azərbaycan sərhədlərini tərk edənə qədər iri məmurlar da “tərləməlidirlər”.

 

Koronavirus isə “Gilan Holding”in zavallı fəhləsi deyil ki, başını ya az maaşla, ya da şirin vədlərlə aldadasan. Bu virus belə “fövqəl”zarafatlardan xoşlanmayacaq qədər “gönü qalın”dır və düşmənlərindən xeyli vəsait tələb edir.

                                 Bəs hər xəstə üçün nə qədər?

Amerikanın dünyaca məşhur “The Wall Street Journal” qəzeti iki gün öncə dərc etdiyi Koronavirusun testi və müalicəsi mənə neçəyə başa gəldi” sərlövhəli məqaləsində bu suala cavab verərək yazır: “Kaiser Ailə Fondu ağır koronavirus xəstələrinin ümumi xərcinin orta hesabla 20.000 dollardan çox olduğunu təxmin edir. Heç bir fəsad və narahatlıq olmasa da, orta xərc 9,763 dollardır”.

Belə çıxır ki, “Gilan Holding” ən yaxşı halda bir xəstə üçün 10 min ABŞ dollarından keçməli olacaq. Nəzərə alsaq ki, sözügedən şirkətlər qrupu hər 14 gün ərzində 15 min koronavirus xəstəsini yola verəcək, bu, hardasa 150 milyon dollar deməkdir. Ay hesabı götürsək, 300 milyon dollar. Kəmaləddin Heydərov nə qədər iri məmur olsa belə, bir aya 300 milyon dollarını itirmək onun üçün də ağır yükdür. Nədən ki, “fövqəlnazir”in ən iri şirkətlərindən biri “Gilan Tekstil” belə, təxminən bu məbləğin yarı qiymətinə başa gəlib. Bu hesabla koronavirus hər ay K.Heydərovun 2 böyük müəssisəni həzmi-rabedən keçirəcək. Üstəlik, həmin hotellərin işini dayandırdığı üçün “fövqəl” büdcəsinə vurduğu zərəri hesaba qatsaq, rəqəm daha da böyüyər. Bir də Allah eləməsin, Böyük Britaniyanın Səhiyyə Nazirliyinin məxfi hesabatında qeyd olunduğu kimi, koronavirus  daha “gönüqalın” çıxsa, vay Kəmaləddin müəllimin halına, onun batmaması əsrin ən böyük möcüzəsi sayılacaq.

 

Vəziyyəti tündləşdirən əsas məsələlərdən biri isə “fövqəlnazirin” tənəzzül prosesinin çoxdan başlamasıdır. Təkcə ötən ilin ortalarında Vergilər Nazirliyinin apardığı audit yoxlaması nəticəsində “Gilan” holdinqin 3 müəssisəsinin qapısına qıfıl vuruldu. Bu müəssisələr “Gilan Pasicifik İnşaat Materialları” MMC, “Gilan Motors” MMC və “Gilan Sement” MMC-lər idi. Jurnalist araşdırmaları nəticəsinsə hər üç şirkətin qanuni təmsilçisi Cəmil Tahir oğlu Muradovla K.Heydərovun xala oğlu və ən çox etibar etdiyi adamı olduğu ortaya çıxmışdı.

 

Bundan bir neçə ay sonra isə fövqəlnazirin oğlu Taleh Heydərovun da iflas xəbərləri yayıldı. Dövrü mətbuatın yazdığına görə, vaxtilə İngitərədə "GİLAN Holdinq"in biznes maraqlarını təmin edən bu şirkətin hazırda rəsmi veb-səhifəsi  - "ueiholding.com" fəaliyyətini dayandırıb: “Tale və Nicat Heydərov qardaşlarının rəhbərlik etdiyi "United Enterprises International" şirkətinə bağlı olan digər şirkətlərin də fəaliyyəti barədə məlumat yoxdur. Vaxtilə Avropada "GİLAN Holdinq"ə daxil olan "Qəbələ" Konserv Zavodunun istehsal etdiyi "Jalə" şirələrinin tanıtımını və satışını həyata keçirən "jalajuice.com"  adlı sayt da artıq fəaliyyət göstərmir. Həmçinin şirkətə bağlı olan və nəşriyyat işi ilə məşğul olan "Turquoise Media Company"nin də fəaliyyətini dayandırıb”.

 

Elə həmin dövrlərdə Taleh Heydərova aid olan  "TEAS Nəşriyyat evi", "Libraff" kitab mağazaları şəbəkəsi və illik təhsil haqqının 12-15,5 min manat olduğu  "Avropa Azərbaycan Məktəbi" də ağır günlər keçirərək iflasın astanasına yaxınlaşmışdı. Daha sonra ölkəni tərk edən oğul Heydərovun bu cəlai-vətən olmasının səbəbi iflası ilə əlaqələndirilirdi.

Kəmaləddin Heydərovun qol-budağı üzərində budama əməliyyatlarının bu il də davam etdirildiyinə dair məlumatlar var. Bir müddət əvvəl Neftçalada aparılan korrupsiyaya qarşı mübarizə əməliyyatında zərərsizləşdirilən  İsmayıl Vəliyevin Kəmaləddin Heydərovun ilk şəriklərindən olduğu məlumdur. Bunlar hələ rəsmən elan olunanlardır. Bir zamanlar “fövqəlnazirin” qanadı altına sığınan Vergilər Nazirliyində, Gömrük Komitəsində bir çox məmurların işdən çıxarılması və həbs edilməsi də ölkənin ən iri məmurunu zərərsizləşdirmək əməliyyatı kimi qiymətləndirilir. Dolayısıyla onun artıq “fövqəlnazir” deyil, sadəcə Fövqəladə Hallar Nazirliyinin adi yanğınları söndürə bilməyəcək qədər aciz rəhbəri olduğuna dair söyləntilər və bu söyləntiləri təsdiqləyən dəlillər var.

 

Uzun sözün kəsəsi, fövqəlnazir boynuna qoyulmuş koronavirusla mübarizə tədbirlərində öz köhnə komandasının yardımını ala bilməyəcək. Məcburən, öz yağında qovrulacaq. Bu isə lap Şimali Koreyanın cəza metoduna bənzəyir - cəzalandırılacaq şəxsin əlini-qolunu bağlayıb pirat balıqlarının qaynaşdığı hovuza atılmaq cəzasına. Kəmaləddin Heydərov da deyəsən eyni qaydada koronavirus hovuzuna atılıb. Allah axırını xeyrə calasın.

Heydər Oğuz


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam