Kremldən Paşinyana şillə kimi qərar - Patruşev gedən kimi...
Rusiya erməni kriminal oliqarxı İrəvana təhvil verməkdən imtina etdi; erməni mediası ölkənin artıq hər tərəfdən zərbə yeyə biləcəyi məkana çevrildiyini yazır; yerli KİV: “Bakı bölgədə Qərb üçün prioritet tərəfdaşa çevrilir...”
Yenixeber.org: İşğalçı Ermənistanda 8 may “məxməri inqilab”ından dolayı məyusluq getdikcə artmaqdadır. Söhbət həm də Qərbin, özəlliklə ABŞ-ın “demokratik Ermənistan”a hələ də layiqli siyasi və maddi dəstək verməməsindən gedir. Erməni mediasında və ekspert dairələrində son vaxtlar bu yöndə güclənən giley-güzar qənaətimizi daha da gücləndirir.
İşğalçı ölkənin siyasi-hərbi rəhbərliyində, bütövlükdə inqilabçı toplumda hələ də belə bir illüziya yaşanır ki, dinc və “demokratik” hakimiyyət dəyişikliyi nəticəsində ölkənin beynəlxalq dayaqları xeyli möhkəmlənəcək, Ermənistanın bir əlindən Rusiya, o birindən isə, nəhayət, Qərb (ABŞ) tutacaq. Həmçinin Qarabağ məsələsində İrəvan öz işğalçı siyasətinə xüsusən də Qərbdən tutarlı dəstək alacaq.
*****
Lakin gözləntilərin heç biri reallaşmadı. ABŞ N.Paşinyan hökumətinə əl uzatmadı, çünki sonuncudan minimum gözlədiyini ala bilmədi. Bu da ən əvvəl Dağlıq Qarabağ məsələsində real irəliləyiş hesabına Ermənistanın Rusiyanın orbitindən uzaqlaşması ilə bağlı idi. Nikol Paşinyan nəinki Moskvanın cızdığı dairədən çıxmağa cürət etmədi, üstəgəl, Kremlə daha da yaxınlaşmaq kursunu tərcih etdi.
Maraqlıdır ki, heç Rusiya da indi Sərkisyan dönəmindəki kimi Ermənistanın əlindən möhkəm tutmayıb. Ona görə ki, Kreml “xalq baş naziri” Paşinyana və onun əsasən qərbçilərdən formalaşan komandasına ürək qızdırmır. Bu kimi sərt reallıqlar isə Ermənistan rəhbərinin xarici siyasət sahəsində manevr imkanlarını ciddi şəkildə daraldır. Hansı reallıqlar ki, sentyabrda ABŞ-a səfərə hazırlaşan Paşinyanın hansısa uğurlu nəticə ilə geri dönəcəyini istisna edir.
Ermənistanın ziyanına işləyən daha bir mühüm detal: Paşinyanın Amerika səfəri Azərbaycanın Qərb (ABŞ) üçün artan önəmi fonunda baş tutacaq. Erməni siyasi isteblişmentini və analitik çevrələrini narahat edən həm də budur.
*****
“Biz hələ də 2016-cı il aprel ”avantürası"na görə (dırnaqlar bizimdir - “YM”) Azərbaycanın mühakimə olunduğunu görməmişik. Biz Ermənistanda və “arsax”dakı demokratiyaya Qərbin yetərli dəstəyi də görməmişik. Əksinə, biz görürük ki, məhz Bakı Qərb üçün bölgədə prioritet tərəfdaşa çevrilir, bu fonda izə bizim ölkəmizə münasibət pis istiqamətə dəyişir. Məsələn, hələ də Donald Trampla Nikol Paşinyan arasında normal bir görüş olmayıb".
Bu barədə Armenianreport.com-dakı məqalədə deyilir.
Müəllif ardınca son illər Ermənistana Amerika yardımlarının azalması, Azərbaycana isə artırlmasına diqqət yönəldib:“Bu fonda ABŞ tərəfindən Azərbaycana hərbi köməyin həcmi də artır. Özü də bizim düşmənimizə təkcə Amerika kömək eləmir. Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) bu yaxınlarda Britaniya istehsalı olan snayper tüfənglərini silahlanmaya qəbul edib. Belə bir xəbəri az öncə Bakı KİV-ləri yayıb. Ehtimal var ki, britaniyalıların Bakıya dəstəyi bununla bitməyəcək. Bundan əlavə, xəbər yayıldı ki, Azərbaycan DSX-si İsrail istehsalı olan ”Skylark" pilotsuz uçan aparatlar əldə edib. İsrail dövləti də Azərbaycanı silahlandırmağa davam edir. Beləcə, ortada bizə qarşı sərt və çox təhlükəli siyasətin olduğunu görürük. Ermənistan zərbə üçün olduqca həssas ölkəyə çevrilib. Bizə faktiki, hər tərəfdən zərbə gələ bilər".
*****
Belə “zərbələr”dən biri də dünən İrəvanın əsas müttəfiqi Rusiyadan gəlib. Belə ki, erməni qaynaqlarına istinadən verdiyimiz xəbərə görə, Rusiya Baş Prokurorluğu Ermənistan Baş Prokurorluğunun kriminal oliqarxiyanın nümayəndələrindən olan və Rusiyaya qaçıb sığınan Miqran Poqosyanın İrəvana təhvil verilməsi barədə vəsatətini rədd edib. Bu haqda Ermənistan Baş Prokurorluğunun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryan bildirib.
Miqran Poqosyan “Panama ofşorları” qalmaqalından sonra diqqət mərkəzinə gəlmişdi. O zaman Poqosyan Ədliyyə Nazirliyinin Məhkəmə aktlarının məcburi icrası xidmətinə başçılıq edirdi. Bu da maraqlıdır ki, Rusiya Baş Prokurorluğunun imtina qərarı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvan səfəri başa çatandan dərhal sonra açıqlanıb.
“Görəsən, Patruşev İrəvanda nəyi müzakirə edib”, - deyə 1 in.am portalının aparıcı yazarı Sərkis Arsruni bu xüsusda sual edib və Rusiya Baş Prokurorluğunun qərarını İrəvana vurulan şillə adlandırıb.
“Moskva bu imtina ilə İrəvana qarşı nümunəvi siyasi demarş elədi. Belə bir demarşın anlamı odur ki, Putin postsovet məkanında avtoritar, korrupsiyalaşmış rejimlərin əsas himayəçisi olaraq qalır. Başqa tərəfdən, bu, Moskvanın Ermənistanın indiki hakimiyyətinə, erməni inqilabına münasibətinin göstəricisidir. Kreml anladır ki, bizim ölkəyə, onun hökumətinə heç də dost münasibətdə deyil. Nəhayət, bu, R.Köçəryanın həbsinə Moskvanın açıq cavabıdır. O da diqqətçəkəndir ki, Kreml bu addımı Vladimir Putinin İrəvan səfərinə cəmi iki ay qalmış atıb”, - deyə müəllif vurğulayıb.
Ancaq Moskvanın əsas sürprizləri yəqin ki, qabaqdadır. Belə görünür ki, “Cücələr payızda sayılacaq...” (Yeni Müsavat)