“Azəristiliktəchizat” siyasi partiyanı maliyyələşdirir? -Tender qalmaqlı
Dövlət satınalmaları ilə bağlı keçirilən tenderlərdə baş verən maxinsiyalar, qeyri-şəffaflıq halları tez-tez ölkə mediasının və eləcə də ictimaiyyətin müzakirə mövzusuna çevrilib.
Yenixeber.org: Bu sahədə baş verən qanunsuzluqlar barədə bir sıra millət vəkilləri, Maliyyə Nazirliyinin saləhiyyətli nümayəndələri artıq dözülməz vəziyyətin yarandığını vurğulayırlar. Ekspertlər bildirirlər ki, dövlət satınalmalarının böyük hissəsi sifarişçi tərəfin qohum-əqrabalarına, tanışlarına verilir.
Təsadüfi deyil ki, dünən millət vəkili Vahid Əhmədov mövzu ilə bağlı mətbuata açıqlama verərkən illərlə ekspertlərin səsləndirdikləri fikirlərin heç də əsassız olmadığını, tender sahəsində ciddi maxinasiya hallarının baş verdiyini bildirdi.
Saytımız dövlət satınalmalarında baş verən maxinasiyalar, tərəflərin "sövdələşmələr"i barədə silsilə araşdırmalar apararaq çoxlu sayda yazı dərc edib.
Saytımızın növbəti araşdırması "Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlər üzərindədir.
Qeyd edək ki, "Azəristiliktəchizat” ASC-nin 2019-cu ilin iyul ayının 23-də sifarişçisi olduğu II lot üzrə - "müxtəlif təyinatlı material, avadanlıq və ehtiyyat hissələrinin satınalınması" və "istilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satınalınması" üzrə keçirilən tenderin ümumi məbləği 312.863 (üç yüz on iki min səkkiz yüz altmış üç) manat olub.
"Azəristiliktəchizat” ASC-nin "müxtəlif təyinatlı material, avadanlıq və ehtiyyat hissələrinin satınalınması" üzrə sifarişçisi olduğu tenderin qalibi "Alonya" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC), "istilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satınalınması" üzrə keçirilən tenderin qalibi isə "Antalya" MMC olub.
Araşdırmamız nəticəsində məlum oldu ki, nizamnamə kapitalı 10 manat olan "Alonya" MMC 2008-ci ilin sentyabr ayında qeydiyyata alınıb. Hüquqi ünvanı Xocavənd rayonunun Tuğ qəsəbəsi olan şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğludur.
"Azəristiliktəchizat” ASC-nin "istilik təsərrüfatlarında elektrik avadanlıqları və materialların satınalınması" üzrə keçirdiyi tenderin qalibi olan "Antalya" MMC-nin də hüquqi ünvanı Xocavəd rayonunun Xocavənd qəsəbəsidir. Nizamnamə kapitalı 10 manat olan, 2005-ci ilin yanvar ayında dövlət qeydiyyatından keçən "Antalya" MMC-nin reyestr məlumatlarına 2008-ci ildə dəyişiklik edilib.
Hər iki MMC-nin - "Antalya" və "Alonya" şirkətlərinin fəaliyyət profili barədə məlumat yoxdur. Bu şirkətlərin nə əlaəq telefonu, nə nə veb ünvanı var.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Ancaq hər iki şirkətin peşəkarlığı, maddi texniki bazası, idarəetmə səriştəsi barədə də məlumatlar verilmir.
Şirkət sahibi siyasi partiyanın "qara kassa"sıdır?
Əldə etdiyimiz məlumata görə "Antalya" və "Alonya" şirkətlərinin "Azəristiliktəchizat” ASC-nin ümumi məbləği 312.863 manat olan tenderlərinin qalib olmasının əsl səbəbləri barədə ilginc məlumat əldə edib.
Saytımızın əldə etdiyi məlumata görə, "Alonya" MMC-nin (onun həm də bir neçə MMC-lərə qeyri-rəsmi rəhbərlik etdiyi deyilir) sahibi Əhədli Çingiz Yusif oğlu Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinə yaxın şəxsdir. Belə ki, Çingiz Əhədli 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində, 2014-cü ildə Bələdiyyə seçkilərində, 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olub.
Hər dörd seçki üzrə Çingiz Əhədlinin Milli Dirçəliş Hərəkatı Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olması barədə Mərkəzi Seçki Komissiyasının müvafiq qərarları var.
"Azəristiliktəchizat” ASC ilə Milli Dirçəliş Hərəkatı Partiyasını nə birləşdirir?
Öncə qeyd edək ki, "Azəristiliktəchizat” ASC Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı ilə yaradılıb.
"Azəristiliktəchizat” ASC-nin yaradılmasında əsas məqsəd Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
"Azəristiliktəchizat” ASC-nin sədri "Əməkdar Mühəndis” Yaşar Həsənovdur. Yaşar Həsənov Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə həmyerlidir. Belə ki, Yaşar Həsənov və Fərəc Quliyev Ordubad rayonunundandırlar.
"Azəristiliktəchizat” ASC-nin sifarişçisi olduğu tenderlərin Milli Dirçəliş Hərəkatı Partiyasının bütün seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin sahibi olduğu MMC-lərin qalib olmasına səbəb hər iki təşkilatın rəhbərlərinin həmyerli və şəxsi münasibətlərinin olması göstərilir.(qaynarinfo)