“Azərbaycanı bölmək istəyən şəxslər üçün Yunis qəhrəman ola bilər, bizim, şəxsən mənim üçün o, qəhrəman yox, cinayətkardır”

Yenixeber.org: Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı silahlı hücum edən Yunis Səfərov haqqında günlərdir müzakirələr davam edir.

Azərbaycan Türkiyə Evinin icraçı direktoru, diaspora.az və interpress.az saytlarının baş redaktoru Toğrul Allahverdili bu məsələ ilə bağlı maraqlı açıqlamalar verib.

Toğrul Allahverdili

Toğrul Allahverdili ilk olaraq Yunisin anasının erməni olması ilə bağlı iddialarla bağlı danışıb: “Yunisin anasının erməni olması ilə bağlı “facebook”da təsdiq edilməyən sənədlər yayıldı, bəziləri çıxış edib, bunu mətbuata çıxardılar. Amma elə şey yoxdur. Onların bütün kökləri Gəncəylə bağlıdır. Yunisin anası Rusiyada Azərbaycan dilini tədris edən müəllimədir, müqəddəs işlə məşğuldur. Onu erməni adlandırmaq düzgün deyil axı.

Yunisin anası hazırda çox narahatdır və stress keçirir. Oğlunun cinayət əməlinə görə çox məyusdur. Cinayət törətmiş bir insanın anası necə ola bilərsə, Yunisin anası da elədir. Yunis əvvəllər Rusiyada ermənilərlə davalarda ən öndə gedən biri olub. Onun Rusiyada ölkəsini sevən biri kimi tanıyırlar”.

O, daha sonra Yunis Səfərovu qəhrəman elan edənlərlə bağlı fikirlərini bildirib: “Bəzi vətən xainləri Yunisi qəhrəman elan edir, şeirlər yazırlar, camaatı etiraza səsləyirlər. Bunlar xaricdən idarə edilir. Azərbaycanı bölmək istəyən şəxslər üçün Yunis qəhrəman ola bilər, bizim, şəxsən mənim üçün o, qəhrəman yox, cinayətkardır. Yunis təhsil almış biridir. O, özü belə özünə qəhrəman adının verilməsini istəməz. Bizim saxta qəhrəmanlara ehtiyacımız yoxdur. Elmar Vəliyev mələk deyil, Gəncə camaatı ondan yetərincə narazıdır. Amma bu o demək deyil ki, əsəbiləşən adam silahı alsın əlinə, getsin istədiyi adamı vursun. Biz hüquqi ölkədə yaşayırıq. Məhkəmə var, orqanlar var. Şikayətinizi edin”.(minval)