Dünyanı dəyişdirmək istəyənlər
Yenixeber.org: Hazırda dünyanın əksər hissəsi həm sosial, həm də siyasi xaos yaşayır. Lakin bu vəziyyəti dəyişdirmək istəyənlər də var. Onlar müxtəlif ölkələrdəki hər bir problemi öz problemləri hesab edərək bacardıqları qədər həll etməyə çalışırlar. Afrikada hökm sürən aclığa, yoxsulluğa, daxili münaqişələrə, gəlir bərabərsizliyinə və silahlanmaya həll yolu tapmaq üçün fədakarlıq etməyə səmimi qəlbdən hazırdırlar. Həmin insanların məqsədi daha ədalətli bir dünyada yaşamaqdır. Onların cəhdləri digər insanlarda da bu yöndə təşviqedici təsir yaradır. Lakin onlar geniş kütlələrə bunu kifayət qədər aşılaya bilmirlər. Buna görə də tez alovlanır, tez də sönür, hətta bəzən yoxa çıxırlar. Ancaq məsələ budur ki, onların bir çoxu problemlərin düzgün həll yolunu tapa bilmirlər. Məsələn, irqi ayrı-seçkiliklə mübarizə aparan bəzi qrupların niyyətləri doğru olsa da, problemi heç bir yolla həll edə bilmədikləri üçün bəzən şiddətə əl atırlar. Halbuki şiddət haqlını haqsız vəziyyətə salan çox yanlış üsuldur. İnsanlara ədalət və sevgini zorakılıqla öyrətmək olmaz. Dünyanı dəyişdirməyi qarşısına məqsəd qoyan insanlar başqalarını da bu yola doğru üsullarla təşviq etməlidirlər. İnsanların küçələrdə görməyə öyrəşdiyi müvəqqəti etirazlar əvəzinə doğru ideoloji mübarizə apararaq uğurlu nəticələr əldə etməli və insanları məmnun edən işlər görməlidirlər. Din birləşdirici faktordur, ədaləti və sevgini öyrədir. Dinin təməlində bütün insanlara, inanclara və fikirlərə hörmət var. Belə ki, dinə əsaslanan mühit hamının rahat olduğu və ədalətin təmin edildiyi mühitdir. Bu mühit dindar olub-olmamasından asılı olmayaraq bütün insanların motivasiya mənbəyidir.
Dindar insanlar Allaha səmimi bağlı olduqları üçün fədakarlığı, səmimiyyəti, dürüstlüyü, səbri və xeyirxahlığı ən mükəmməl şəkildə yaşayırlar. Səmimi bir dindar dünyadakı fitnələrə son qoymaq üçün bütün gücü ilə səy göstərər. Çətinlik çəkənlər üçün əlindən gələnin ən çoxunu edər. Allahın razılığını qazanmaq üçün zamanını, maddi imkanlarını və fiziki gücünü bu məqsəd üçün istifadə edər. Məhz bu səbəbdə dindarlar üçün “yaxşıların ittifaqı” həyati əhəmiyyət daşıyır. İnanclı xristian, musəvi və müsəlmanlar birlikdə ittifaq yaradaraq çox böyük işlər həyata keçirə bilərlər.
Şübhəsiz, burada bəhs etdiyimiz əsil dindarlardır. Xurafata uyanlar, dini fərqli şəkildə şərh edənlər, nifrət istəyən radikallar və ifratçılardan bəhs etmirik. Xurafatlarla dini fərqli formada şərh etmək, onsuz da, dinə və dindarlara qarşı iftira atmaqdır. Buna görə də nəzərdə tutduğumuz ittifaq dinin təməlinin sevgi olduğunu bilən əsil dindarlar vasitəsilə həyata keçirilməlidir. Dünyanı dəyişdirmək istəyən sağlam düşüncəyə sahib olan insanlar sevgi və dinclik üçün hər cür fədakarlığı
etməyə hazır olan dindarlarla birləşərək məscidləri, kilsələri, sinaqoqları fəaliyyətə keçirə bilərlər.
Təbii ki, dindar olmayan insanlar arasında da bu xüsusiyyətlərə sahib olanlar var. Lakin axirət inancı və Allah sevgisinin insanları doğru yola yönəldən gücü daha böyük, daha möhkəmdir. Məhz bu səbəbdən dindar olmasalar da, gözəl hədəflər üçün səy göstərən insanların dindarlarla ittifaqı çox əhəmiyyətlidir.
Unutmayın, fitnələr dünyada özbaşına yaranmır və nəzarətsiz şəkildə inkişaf etmir. Bütün bunlardan mənfəət güdən bir çox insan var. Bu gün Afrikadakı aclıqdan, Filippindəki yoxsulluqdan, Latın Amerikasındakı narkomaniyadan bəhs ediriksə, hər kəs bilir ki, tarixin müəyyən dövründə bu bölgələr müstəmləkəçilik uğrunda əzilmiş və xüsusi olaraq yoxsul hala salınmışdır. Afrika yoxsullaşdıqca imtiyazlı bir qrup zənginləşmişdir. Meksikadakı kartel döyüşlərində can verənlərin əsil qatilləri narkobiznesi idarə edən və bundan pul qazananlardır. Filippində zibillərin arasında yaşayanların yaxınlığında israfçılıq etməklə yaşayanlar var.
Pislik dünya miqyasında geniş yayılan mütəşəkkil bir əməldir. Bunu edənlər dünyadakı yaxşıların arasını vurmağa can atırlar. “Yaxşıların ittifaqı”nın qarşısında dura bilməyəcəklərini çox yaxşı başa düşdüklərinə görə ilk hədəfləri dindar insanlardır. Xalqlar, dövlətlər və kiçik ittifaqlar təkbaşına ayaqda qala bilmirlər. Buna görə də yaxşıların ittifaqı genişmiqyaslı və mütəşəkkil olmalıdır. Pislərin hiylələrinin qarşısı ancaq bu şəkildə alına bilər. Bunlar yerinə yetirilsə, dünya yaxın gələcəkdə daha yaxşı yerə çevrilə bilər.
Adnan Oktar