Bu məmur haqqında şikayətə nədən reaksiya verilmir...- Nazirə müraciət
“Dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər. Bu məsələdə heç kimə güzəşt olunmayacaq və bundan hamı nəticə çıxarmalıdır”.
Yenixeber.org: Son günlər redaksiyaya ƏƏSMN və ya onun ayrı – ayrı strukturları ilə bağlı müraciətlər edən vətəndaşların əsas sualı məhz başlığa çıxardığımız cümlədir. Xatırladaq ki, Conflict.az ƏƏSMN, eyni zamanda digər dövlət qurumları ilə bağlı daim qərəzsiz və tərəfsiz mövqe nümayiş etdirir. Onlayn ictimai – siyasi qəzet olaraq redaksiyanın elektron poçtuna daxil olan dövlət və ya qeyri – dövlət orqanlarının press – relzlərini, o cümlədən sadə vətəndaşın müraciəti anonim xarakter daşımırsa tərəfimizdən heç bir məhdudiyyət qoyulmadan dərc edilir.
Redaksiya, poçtuna daxil olan məktubların dərci ilə yanaşı, eyni zamanda əks tərəfin də mövqeyini dərc etməyə hazır olduğunu bəyan edir. ƏƏSMN-nin strukturlarından birinin - Dövlət Sosial Müdafiə Fondunun İmşli rayon şöbəsində baş verən hadisələrlə bağlı artıq bir neçə audio – müsahibələri və səs yazısını oxucuların, eyni zamanda cənab Səlim Müslümovun rəhbərlik etdiyi qurumun diqqətinə çatdırmışıq.
Bundan başqa redaksiyaya edilən oxucu zənglərində vətəndaşlara bu qurum tərəfindən yaradılan problemlərlə bağlı müxtəlif instansiyalara və şəxsən cənab nazirə ünvanladıqları müraciət və teleqramlara cavab verilmədiyindən narahatlıqlar ifadə edilir. Halbuki “Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu”nun 4-cü maddəsində “Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri” bölümündə deyilir:
4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;
Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası
7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.
Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri
9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır.
9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.
9.2-1. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.
Maddə 10. Müraciətə baxılması müddəti
10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
Qanundan göründüyü kimi vətəndaş müraciətlərinə cavab verilmənin şərtləri və xarakterindən aslı olaraq baxılmanın müddəti konkret olaraq qeyd edilir. Lakin yuxarıda qeyd edildiyi kimi DSMF-nin İmişli rayon şöbəsində qanunsuzluqlarla üzləşdiklərini iddia edən vətəndaşların müraciətləri hələ də baxılmamış saxlanılır.
Maddə 12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri
12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.
“Dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər. Bu məsələdə heç kimə güzəşt olunmayacaq və bundan hamı nəticə çıxarmalıdır”. Bu fikirlərin müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir. Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda söylədikləri dövlət məmuru üçün ölkə başçısının ciddi xəbərdarlığı ilə yanaşı, eyni zamanda idarəçilik prinsiplərinin göstəricisidir. Bəs Qanun nə deyir?
Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dərc etməyə hazırıq.