“PUTİN VARSA, RUSİYA VAR”MI? –Yaxud Rusiyanı “başı kəsilmiş toyuq” adlandıran məşhur yazıçı niyə haqlıdır?

Faşist Almaniyasının məşhur bir şüarı olub: “Bir xalq, bir dövlət, bir fürer”. Putin Rusiyasında hakim siyasi qüvvənin qulluğunda duran qatı şovinist-millətçi LDPR başçısı Leonid Slutskinin Putinlə bağlı şüarında da təxminən eyni şey deyilir: “Bir ölkə, bir prezident, bir qələbə...”
Yenixeber.org: Kimsə bu cür paralelləri doğru saymaya bilər. Amma Putinin Taker Karlsona müsahibəsində açıq şəkildə Hitlerin Polşanı işğalına haqq qazandırmasını xatırlamaq kifayətdir: “Dansiq koridorunu vermədiklərinə görə polyaklar Hitleri məcbur etdilər ki, Polşada İkinci Dünya müharibəsinə başlasın”. Putin Ukraynaya qarşı işğalçılıq müharibəsi barədə danışarkən də eyni şeyi deyir. Deyir ki, onu bu savaşa başlamağa məcbur etdilər. Yəni, digər ölkənin, xalqın suverenliyinə, dövlətçiliyinə baxış və işğalçılığa haqq qazandırmaq üslubu, prinsipi və bəhanəsi Hitlerinkindən qətiyyən fərqlənmir...

Bu, ukraynalılar qədər rusların və bütünlükdə slavyan xalqlarının faciəsidir. Bu faciənin adı nə NATO, nə Avropa İttifaqı, nə də bütünlükdə Qərbdir. Bu faciənin adı Putin və onun Rusiyanın mənəvi zibilliyindən tapıb çıxardığı, eləcə də Piterin tin-bucağından yığıb başına topladığı talançı dəstədir. Məhz Putin və ətrafı rus xalqının içindəki olan-qalan mərhəmətini, sülh istəyini, elmə, yaradıcılığa, mədəniyyətə, ədəbiyyata həvəsini, istedadını və digər işıqlı məqamları bir kənara ataraq, onun içindəki iblisi - şovinizmi, imperiyaçılığı, qatı millətçiliyi, irqçiliyi, saxta böyüklük ədasını, ətrafdakılara yuxarıdan aşağı baxmaq mərəzini, diktatura, təcavüz, savaş həvəsini körüklədi və alovlandırdı...

Hələ 2007-ci il Münhen nitqi Putinin və ətrafının seçim anı və nöqtəsi idi. Amma Qərbdəki merkellər, buşlar, obamalar, sarkozilər və s. bunu anlayacaq və bunun qarşısını vaxtında alacaq çapda və ağılda deyildilər. Məhz onların yarıtmaz və yaramaz siyasətinin altını hazırda Ukrayna, Avropa və bütün dünya çəkməkdədir. Məhz bunun nəticəsidir ki, Putin və onun ətrafındakı medvedevlər, solovyovlar, mardanlar kimi məsuliyyətsiz, küçə əxlaqlı, mədəniyyətli, təfəkkürlü əyyaşlar o qədər “şişdilər” ki, hazırda dünyanı nüvə kollapsı ilə təhdid edirlər. Hələ 2014-cü ildə Duma sədri Vyaçeslav Volodin “Putin yoxdursa, Rusiya da yoxdur, Putin var, Rusiya da var” deyəndə və rus cəmiyyəti bu şüarı həzm edəndə, Rusiyanı qarşıda nələrin gözlədiyini anlamaq çətin deyildi. Tolstoyun, Çexovun, Mendeleyevin, yaxud Pyotrun, Qroznının, Stalinin və s. ağlına belə gələrdimi ki, bir gün onların əsəri olan Rusiyanın mövcudluğu incidilmiş uşaq travmaları ilə yaşayan, fiziki və mənəvi göstəriciləri, bilikləri böyük şübhə doğuran, özünü olduğundan daha yüksəklərdə görən və göstərən, eyni zamanda, ətrafını Rusiyanı talayan, oğru, yırtıcı, saxtakar dostları ilə dolduran, boyu metr yarımdan bir qədər artıq hansısa təsadüfi, sıradan bir boz KQB əməkdaşının var olub olmamasından asılı olacaq? Rusiya öz zəngin tarixi, dahi yazıçıları, alimləri, rəssamları, musiqiçiləri, tarixi şəxsiyyətləri və s. ilə əsrlər boyu bunun üçünmü çalışıb?

Finlandiya Prezidenti Aleksandr Stubb Putini “strateji axmaq” adlandırıb. Doğrudan da, Rusiya öz imperiya tarixi ərzində bu gün Çinin qucağında oturduğu, ondan asılı olduğu qədər heç vaxt başqa dövlətdən, özü də onun torpaqlarına, sərvətlərinə göz dikən dövlətdən asılı olmayıb. Yaxud, NATO heç vaxt Finlandiya və İsveçin timsalında indiki qədər Rusiya sərhədlərinə yaxın, hətta onun “burnunun dibində” olmaylıb. Baxmayaraq ki, Putinin müharibəyə başlama bəhanələrindən biri, bəlkə də birincisi elə NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması idi. Əslində isə Putinin Ukraynaya qarşı işğala başlamaqda əsas məqsədi 2014-cü il Krım ilhaqına bənzər bir qısa əməliyyat keçirib, uzun illərdir “qaza gətirilən” rus cəmiyyətinin gözündə öz hakimiyyətinin reytinqini qaldırmaq, ömrünü uzatmaq, özünü daha qüdrətli və rahat hiss etmək idi. Məqsəd həm də Ukrayna ram ediləndən, onun şərqi tamamilə Rusiyanın sərhədlərinə daxil ediləndən və qalan hissəsi də Belarus kimi İttifaq Dövlətinə birləşdiriləndən sonra bütün digər keçmiş SSRİ respublikalarını da bu ittifaqa cəlb etmək, yeni SSRİ yaratmaq və tarixə düşmək idi. Ancaq alınmadı və alına da bilməzdi. Stubb həm də buna görə Putini strateji axmaq adlandırır...
Bu gün az-çox başını və ağlını itirməyən az sayda da olsa rusiyalı anlayır ki, Volodinin şüarının əksinə olaraq, nə qədər ki, Putin var, normal Rusiya yoxdur və olmayacaq. Əvəzində, gələcəyi əlindən alınmış, talan edilmiş, bugünü, hətta keçmişi də lənətlənən, “izqoy” halına salınmış Rusiya var. Nə qədər ki, Putin var, hakimiyyətdədir və nə qədər ki, rus cəmiyyətinin məhz belə liderlərə tələbatı olacaq, sivil dünyanın görmək istədiyi və əksər rusiyalının özünün yaşamaq istədiyi normal, inkişaf etmiş, sülh və əminamanlıq dolu Rusiya olmayacaq.
Tanınmış rusiyalı yazıçı, hazırda mühacirətdə yaşayan Boris Akuninin dediyi kimi, Rusiyanın ən böyük bəlası və faciəsi əsrlər boyu imperiya olması və hazırda da imperiya olmaq istəməsidir. Akunin hazırkı Rusiyanı başı kəsilmiş və həyətdə qaçaraq ətrafa qanını sıçradan toyuğa bənzədir. Onun da dediyi kimi, bu toyuq artıq ölümə məhkumdur və ondan qartal düzəltmək cəhdlərinin heç bir mənası yoxdur, hər nə qədər Putin kimilər bunun üçün çalışsalar belə...(Azpolitika)
Cəlal Məmmədli








AZ
RU