TRAMP UKRAYNAYA YAŞIL İŞIQ YANDIRIR – Kiyevə qoyulan bu qadağa ləğv olunur

Rusiyanın dərinlikləri ABŞ raketləri ilə vurula bilər
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə Rusiya ərazisinə ABŞ silahları ilə zərbələr endirilməsinə qoyulan qadağanı ləğv etməyə hazır olduğunu deyib.
Yenixeber.org: Bu barədə “Wall Street Journal”(WSJ) yüksək rütbəli ABŞ rəsmisinə istinadla məlumat yayıb.
Qeyd olunur ki, Tramp bunu Zelenskiyə çərşənbə axşamı BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə deyib.
Nəşr yazır ki, Zelenski Trampdan Ukraynanı daha çox uzaqmənzilli raketlərlə təmin etməsini və bu silahlardan Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq üçün istifadə etməyə icazə verməsini istəyib.
Tramp cavab verib ki, o, bu ideyanın əleyhinə deyil, lakin mənbənin sözlərinə görə, Ağ Ev rəhbəri bu sözlərlə məhdudlaşıb və bu cür zərbələrə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı heç bir öhdəlik götürməyib.Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyəti yaxın vaxtlarda Pentaqon başçısı Pit Heqsetlə danışıqlar aparmaq üçün ABŞ-yə gedəcək. Danışıqalrın əsas mövzusu sözügedən raketlərin verilməsi və onlarla Rusiya dərinliyinə zərbələr endirilməsinə qadağanın götürülməsi olacaq.
“The Telegraph” bir neçə mənbəyə istinadla xəbər verib ki, Donald Trampla şəxsi görüşü zamanı Ukrayna Prezidenti ondan “Tomaqavk” qanadlı raketlərini istəyib. Nəşrin yazdığına görə, BMT-dəki Zelenski-Tramp görüşü uğurlu keçib, lakin Kiyevin bu raketləri əldə etmək cəhdlərinin uğurlu olub-olmayacağı hələ bəlli deyil.

“The Washington Post” qəzetinin yazdığına görə isə ABŞ-nin Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Ukraynaya verə biləcəyi 18 uzaqmənzilli ATACMS raketi var. İlk mərhələdə məhz bu raketlərin veriləcəyi istisna olunmur. “Tomaqavk”-la bağlı isə hələlik qərar qəbul olunmayıb.

Xatırladaq ki, “Axios”-a son müsahibəsində Zelenski Trampdan müharibənin sonunu tezləşdirə biləcəyinə inandığı silah istədiyini demişdi. Onun dediyinə görə, Tramp ona bu təklifin “üzərində işləyəcəyinə” vəd verib. Lakin Zelenski bu silah sisteminin adını efirdə deməkdən imtina etmişdi. İndi isə Qərb mətbuatının yazdığından belə məlum olur ki, söhbət uzaq mənzilli “Tomaqavk” raketlərindən gedir.

Zelenski həmin müsahibəsində həmçinin bildirib ki, Ukrayna ABŞ-dən uzaqmənzilli silahlar alarsa, Kiyev onlardan istifadə edəcək. Moskvaya zərbələrin endirilib-endirilməyəcəyi ilə bağlı suala cavab olaraq isə o deyib ki, ukraynalılar “terrorçu deyil”. Lakin əlavə edib ki, Kremldə oturanlar “ən yaxın bomba sığınacağının harada olduğunu bilməlidir, çünki bu, onlara lazım olacaq”…(Azpolitika)
C.Məmmədli