RUSİYA ÇABALAYIR, ÇİN MƏMNUNDUR... - Bəs Türkiyə kiminlə eyni sırada yer almalıdır?

Rusiya ordusunun Ukraynaya təcavüzünün ilk günlərində bir çox rusiyalı bu addımı Vladimir Putinin qlobal miqyaslı strateji planının tərkib hissəsi hesab edirdi və düşünürdü ki, müharibə çox tezliklə onların qələbəsi ilə yekunlaşacaq, daha sonra isə SSRİ-nin yeni formatda bərpasına start veriləcək. Ancaq cəmi bir aydan sonra bəlli oldu ki, Rusiya ordusunun döyüş qabiliyyəti hədsiz şişirdilib.
Yenixeber.org: Rusiyanın “möhtəşəm ordusu” barəsində uydurulmuş nağıllar Kremlə ictimaiyyəti aldatmaq üçün lazımıymış. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun üzərində “SSRİ” yazılmış köynəklə Alyaskaya getməsi onların bu xülya ilə yaşadıqlarını əyani nümayiş etdirdi...
Maraqlıdır, görəsən, onlar bunu hansı resurslarla həyata keçirmək istəyirlər? Yoxsa, üzdə Qərblə görünən qarşıdurma sadəcə şoudur və pərdə arxasında hansısa razılaşmalar var?
Əlbəttə, qlobal müstəvidə ciddi oyunlar gedir və Rusiyanın piyada kimi bu oyuna cəlb edilməsi ssenarisi istisna deyil. Ruslar yeni dünya nizamının təxminən İkinci Dünya Müharibəsindən sonrakı ssenariyə oxşar olacağına inanırlar və belə hesab edirlər ki, Rusiya ən azından keçmiş SSRİ-nin ərazisinə və hətta şərqi Avropaya tam nəzarət edə biləcək statusa yiyələnəcək. Bu düşüncə Ukraynaya hücumdan öncə daha aktual idi, lakin zaman keçdikcə Kreml bu fikirlərində müəyyən düzəlişlər etməyə başladı.
Dünyanın siyasi-iqtisadi və maliyyə baxımdan yeni bir formaya salınması ilə əlaqədar ABŞ, Britaniya və Avropa Birliyi arasında intensiv danışıqlar getsə də, hələlik yekun və yekdil bir qərara gəlinməyib, ziddiyyətli və mürəkkəb məqamlar gözləniləndən daha çoxdur. Rusiyanın gələcəyi ilə bağlı tərəflər arasında fikir ayrılıqları var. Əlavə olaraq, Çin və Yaxın Şərqlə bağlı məsələlərdə Qərb dünyasının üst-üstə düşməyən maraqları mövcuddur. Deməli, yeni dünya nizamının qurulmasında Avrasiyadakı tarixi problemlər mütləq öz həllini tapmalıdır. Onu da xüsusilə qeyd etmək lazımdır ki, qlobal güclər arasında Böyük Britaniya xüsusi mövqeyə malikdir və o, təkcə Avropa qitəsinin ucqarındakı adi bir ada dövlət deyil. B.Britaniya müstəmləkəçilikdən imtina etdikdən sonra özünün kəşfiyyat imkanları, transmilli bankları və ofşorlar sayəsində qlobal oyunçu olmaqda davam edir.
Ancaq Kreml SSRİ-nin statusuna bənzər mövqeyə heç zaman yiyələnməyəcək, çünki əvvəla, onun belə bir potensialı yoxdur, ikinci isə zaman və şərtlər çox dəyişib, arenaya Çin, Hindistan və Türkiyə kimi yeni oyunçular daxil olublar. Ona görə də Rusiya geri itələnəcək...
Ümumiyyətlə, beləgörünür ki, Rusiyanın gələcək taleyi həll olunub, sadəcə qalır texniki məsələlərin həlli. Ukraynada gedən müharibə Rusiyanın çabalamasının əyani göstəricisidir. Rusiya qlobal oyunçulardan Çinin vassalı olmağa məmnuniyyətlə razıdırsa, onda onun strateji mövqeyinin heç bir mənası qalmır.
Rusiya elitasında Vladimir Putinin absurd siyasi kursuna etiraz kütləvi hal almasa da, müharibənin xoşagəlməz sonluqla bitəcəyini hiss edənlər az deyil, sadəcə onlar hələ gözləmə mövqeyindədirlər. Paytaxt Moskva intensiv dron və raket atəşinə qərq olandan sonra elitada narzılıqlar baş qaldıra bilər. Artıq Rusiyanın tutduğu starteji mövqe daxildə tənqidlərə məruz qalır. Məsələn, Moskva meri Sergey Sobyanın “Moskva İqtisadi Forumu”nda çıxıış zamanı Rusiyanın üzünü Qərbdən Şərqə çevirməsinin problemlər yaratdığını bildirib: “Biz başa düşməliyik ki, Şərq bazarları daha da sərtdir. Artıq orada bizə qarşı ciddi müharibə gedir, iqtisadi müharibə”. Sobyanin Şərq deyəndə heç şübhəsiz Çini nəzərdə tutur. Çinin Rusiya-Ukrayna müharibəsində tutduğu başlıca mövqe müharibənin uzanması və Rusiyanın tədricən tənginəfəs olmasından ibarətdir. Müharibə başlayandan Çin Ukrayna ilə ticarətini daha da genişləndirib və dronlar üçün komponentlərin ixracını artırıb. Təkcə 2025-ci ilin birinci rübündə Ukrayna Çindən 1 milyard dollar məbləğində döyüş dronları üçün hissələr idxal edib. Bununla yanaşı, Pekin Rusiyanın tezliklə məğlub olmasında maraqlı deyil. Çinlilər istəyirlər ki, Rusiya onların nəzarətindən çıxmamaq şərtilə müharibə aparsınlar və son nəhayətdə məğlub olsalar da Çinin ixtiyarına keçsinlər.
Bildiyimiz kimi, MHP lideri Dövlət Baxçalı bu yaxınlarda özünün “X” sosial platformasnda Türkiyənin Rusiya və Çinlə strateji alyans yaratmasını təklif edib. Qlobal yenilənmə prosesi ərəfəsində Türkiyənin güclü ittifaqlarda iştirak etməsi zəruridir, lakin emosiyalara qapılıb Rusiya kimi başıpozuq və etibarsız birisiylə strateji müttəfiq olmaq böyük riskdir. Türkiyə Ukrayna ilə müharibə etməklə strateji xətaya yol vermiş səfehin yanında qətiyyən yer almamlıdır. Çinin keçirdiyi hərbi paradın təsiri altına düşmək isə sadəlövhlükdür. Sözsüz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gözəl manevr ustasıdır və Baxçalının söylədikləri də yəqin ki, mahiyyəti etibarı ilə tamamilə ayrı məna daşıyır. Türkiyə hərbi-texnoloji baxımdan inkişafdadır və onun getdikcə sönən və acizləşən Rusiyaya ehtiyacı yoxdur, əksinə, bundan sonra Moskva Ankaraya möhtac qalacaq və elə bu səbəbdən irəlidə Türkiyənın Rusiyanı öz siyasi təsir sferasına salması tamamilə mümkündür.(Azpolitika)
Vaqif Nəsibov