5 şəhərin qatili kimi tanınan Nobel laureatı – 2 dəfə DTK-ya işə düzələ bilməyən baş katibin agent imici
2 mart SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun 88 yaşı tamam olur. Dünya tarixində ziddiyyətli və mürəkkəb siyasətçi imicini yaratmış 88 yaşlı Mixail Qorbaçov haqqında 44 faktı təqdim edirik.
1. Doğum tarixi: 2 mart 1931-ci il
2. Doğulduğu yer: Stavropol
3. Təhsili: Moskva Dövlət Universitetinin hüquq fakültəsi, Stavropol Kənd Təsərrüfatı İnstitutunun aqronom-iqtisadçı fakültəsi
4. İlk əmək fəaliyyətinə 15 yaşında kombaynçı köməkçisi kimi başlayıb.
5. 1949-cu ildə məktəbli olarkən Qorbaçov taxıl yığımındakı uğurlu göstəricilərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.
6. 19 yaşında 10-cu sinifdə oxuyan Mixail Qorbaçov məktəb direktorunun və müəllimlərinin zəmanəti ilə Kommunist partiyası üzvlüyünə namizəd olub.
7. Orta məktəbi gümüş medalla bitirib.
8. Hüquq təhsili aldıqdan sonra təyinatla prokurorluq orqanlarına göndərilsə də, Qorbaçov komsomol təşkilatlarında işləməyə qərar verib.
9. Qorbaçov həyat yoldaşı Raisa Titarenko ilə Moskvada tələbəlik illərində tanış olub. Rəqs meydançasındakı tanışlıqdan sonra gənclər ailə qurmağa qərar veriblər.
10. 1957-ci ildə Qorbaçovlar ailəsində bir qız dünyaya gəlib.
11. Sabiq prezident həyat yoldaşını 1999-cu ildə itirib. Raisa Qorbaçova 67 yaşında leykoz xəstəliyindən vəfat edib.
12. 1966-cı ildə Qorbaçovun Stavropol diyar Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunması müzakirəyə çıxarılıb. SSRİ DTK-nın sədri Semiçastnı bu təyinatın əleyhinə çıxaraq razılıq verməyib.
13. 1969-cu ildə SSRİ DTK-nın sədri Yuri Andropov Qorbaçovu özünə müavin gətirmək istəsə də, bu təyinata Kremldə dəstək verilməyib.
14. 1970-ci ildə Mixail Qorbaçov Stavropol diyar Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilib.
15. Qorbaçov bu təyinata qədər siyasətdən getmək fikrində olub. Xatirələrində yazdığına görə, o, elmi fəaliyyətlə məşğul olmaq qərarına gəlib, dissertasiya müdafiə edib.
16. Qorbaçovun SSRİ-nin baş prokuroru kürsüsünə əyləşmək şansı da olub. Bu məsələdə ona Mərkəzi Komitənin katibi Andrey Kirilenko mane olub.
17. Mixail Qorbaçovun Kremldəki əsas dayaqları Yuri Andropov, Mixail Suslov və Andrey Qromıko sayılıb.
18. 1978-ci ildə Breynevin Bakıya qatarla səfəri zamanı Mineralnıe Vodı şəhərində “4 baş katib”in görüşü Qorbaçovun siyasi karyerasında mühüm rol oynayıb. Breynev, Andropov, Çernenko və Qorbaçovun görüşündə sonuncunun Moskvaya gətirilməsi məsələsi öz həllini tapıb.
19. Qorbaçov 1978-ci ildə Mərkəzi Komitənin katibi seçilib.
20. 1985-ci ildə Kreml daxili qruplaşmalarda Mixail Qorbaçov güclü tərəf kimi baş katib kürsüsünə sahib oub.
21. Qorbaçov qısa müddətdə Siyasi Büronu “qoca”lardan təmizləməyə nail olub.
22. Mixail Qorbaçovun baş katib seçilməsinin ilk təşəbbüskarlarından biri Andrey Qromıko olub. Sonralar Qromıko bütün siyasi fəaliyyətində cəmisi bir dəfə səhv etdiyini, Qorbaçovu dəstəkləməkdə yanlışlığa yol verdiyini etiraf edib.
23. Mixail Qorbaçov 15 mart 1990-cı ildən 25 dekabr 1991-ci ilə qədər SSRİ-nin ilk və sonuncu prezidenti olub.
24. Qorbaçovun hakimiyyəti illərində SSRİ-nin qızıl fondu 10 dəfə azalıb, ölkəyə məxsus olan 11 milyard dollar müəmmalı şəkildə yoxa çıxıb.
25. Qorbaçov SSRİ tarixinə həm də Alma-Ata, Vilnüs, Riqa, Tbilisi, Bakı şəhərlərində törədilmiş qanlı hadisələrin müllifi kimi düşüb.
26. 1989-cu ildə Qorbaçovun sərəncamı ilə Leonid İliç Breynev (ölümündən sonra) “Qələbə” ordenindən məhrum edilib.
27. Mixail Qorbaçov beynəlxalq vəziyyətin əsas hissəsini xarakterizə edən sülh prosesindəki aparıcı roluna görə 1990-cı ildə Nobel mükafatına layiq görülüb.
28. Qorbaçov çox güclü göz yaddaşına malikdir. O, on il əvvəl gördüyü insanı çox asanlıqla xatırlamağı bacarır.
29. Eks prezident gün ərzində 12 qəzet və jurnal oxuyur. Siyahıda “Rosiyyskaya qazeta”, “Kommersant” qəzetləri də yer alıb.
30. Kompüterlə ünsiyyəti çox da “isti” deyil. O yalnız quraşdırılmış xüsusi proqramla bir düyməni basaraq günün xəbərlərini oxuyur.
31. Qorbaçov ən sadə mobil telefondan istifadə edir. Ona dəfələrlə “Vertu” və “Ayfon” kimi cihazlar bağışlasalar da, o, düymələrindəki rəqəmlər iri əks olunan telefonlara üstünlük verir.
32. Mixail Qorbaçov əvvəlki sovet liderlərindən fərqli olaraq geyimində idman üslubuna da xüsusi yer ayırır.
33. Əsas hobbiləri kino, teatr, bədii ədəbiyyat və piyada gəzmək.
34. Ən çox sevdiyi içki süd və qəhvədir.
35. Ən çox sevdiyi yeməklər qarabaşaq (qreçka), tərəvəzlərlə qaynadılmış mal əti, pendirdir.
36. Ən çox sevdiyi mahnı Mark Bernesin ifasında “Qaranlıq gecə”dir.
37. Ən çox sevdiyi gül ağ və qırmızı qızılgüllərdir.
38. Kifayət qədər aktyorluq bacarığı olan Mixail Qorbaçov “Pizza Hut” pizza şirkətinin reklamında çəkilib.
39. Qorbaçov “Belə yaxın, belə uzaq” filmində öz obrazını özü yaradıb.
40. Qorbaçov öz həyatı və siyasi fəaliyyəti ilə bağlı dörd kitabın müəllifidir.
41. Hazırda Qorbaçov Rublyova-Uspensko şossesində yerləşən Kalçuqa kəndində dövlətin ayırdığı bağ evində yaşayır.
42. Dörd mühafizəçi dövlətin vəsaiti hesabına sabiq prezidentin təhlükəsizliyini təmin edir.
43. Mixail Qorbaçov eks-prezident kimi 749720 rubl təqaüd alır. ABŞ dollarına çevirsək, bu məbləğ 11 min dollardan artıq edir.
44. Adını daşıdığı fonddan verilən məlumata görə, Mixail Qorbaçov 88 yaşını doğmaları və dostları arasında keşirəcək. Doğum günü ilə bağlı heç bir böyük təntənə olmayacaq.
P.S. İki dəfə DTK-da işə düzələ bilməyən, kəşfiyyat işi üçün yarasız hesab edilən Qorbaçovun sonradan “SSRİ-ni dağıdan Qərb casusu” imici qazanması da dünyanın ən böyük paradokslarından biri olmalıdır.(müsavat)
İlham Cəmiloğlu