Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır -ŞƏRH

Ekspert: Qəribə heç nə yoxdur, bu, Rusiya dövlətinin mahiyyətidir
Yenixeber.org: Ermənistan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri Armen Qriqoryan və Sergey Şoyqu telefonla regiondakı vəziyyəti müzakirə ediblər. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Qriqoryan Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar barədə Şoyquya məlumat verib, sülhün bərqərar olmasının regiondakı bütün ölkələrin maraqlarına cavab verəcəyinə ümid etdiyini bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi həmçinin regional kommunikasiyaların açılması və bunun nəticəsində yaranacaq iqtisadi imkanlar mövzusuna toxunaraq, onların bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.
Öz növbəsində Şoyqu Qriqoryana Rusiyanın və ABŞ-ın prezidentlərinin Alyaskadakı görüşünün nəticələri barədə məlumat verib.
Tərəflər həmçinin Ermənistan–Rusiya gündəliyinə aid digər məsələləri də müzakirə ediblər.
Maraqlıdır, Vaşinqtonda Əliyev, Paşinyan və Tramp arasında görüş barədə Şoyquya məlumat vermək Qriqoryanın nəyinə lazımdır? Bu hesabat hansı ehtiyacdan doğub və nəyə xidmət edir? Axı Rusiya faktiki olaraq Bakı ilə İrəvan arasında sülh prosesindən kənarlaşdırılıb, Moskvanın orada rolu qalmayıb. Bəlkə, Qriqoryanın bu addımı sadəcə tərəfdaş ölkədən olan həmkarına qarşı müəyyən nəzakət jestidir? Yoxsa, heç də hər şey bu qədər sadə deyil və Kreml hələ də hansısa şəkildə Ermənistan–Azərbaycan dialoquna müdaxilə etməyə çalışır? Amma Bakı və Moskva arasında 2024-cü ilin dekabrından başlayan və yüksələn xətlə davam edən gərginliyi nəzərə alsaq, bu müdaxilə mümkün deyil.
Siyasi şərhçi, hüquqşünas və ictimai xadim Fuad Ağayev yaranmış vəziyyəti pressklub.az-a şərh etməyə razılaşıb.
O, bildirib ki, insanlar sadəcə telefonda danışıblar və bunda qəribə heç nə yoxdur. “Ermənistan tərəfi Armen Qriqoryanın dili ilə ABŞ-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar barədə, həmçinin Zəngəzur dəhlizi də daxil olmaqla əldə edilən razılaşmalar və imzalanan sənədlər, Şoyqu isə ona Rusiya–Ukrayna müharibəsi ilə bağlı ABŞ-la aparılan danışıqlar barədə məlumat verib. Yəni, onlar informasiya mübadiləsi ediblər və buna öz münasibətlərini bildiriblər. Bunda xüsusi bir şey yoxdur”, – hüquqşünas hesab edir.
Rusiyanın Ermənistan–Azərbaycan dialoquna hansısa şəkildə birbaşa təsir göstərmək niyyətinə gəlincə, o, burada cavabın son dərəcə sadə olduğunu düşünür. “Rusiya bu dialoqa təsir etməyə çalışıb, çalışır və çalışacaq. Bu, dövlətin başında kimin durmasından asılı olmayaraq Rusiya imperiyasının mahiyyətidir. Hətta deyərdim ki, söhbət sadəcə çalışmaqdan getmir, Moskva indi də təsir göstərir. Əlbəttə, əvvəlki qədər güclü deyil, amma təsir edir. O, siyasi üsullarla, təbliğat üsullar ilə, iqtisadi-diversiya üsullarıyla təsir göstərir. Burada baş verən hadisələri də nəzərə almaq lazımdır. Məsələn, Avropa İttifaqı ölkələrinə istiqamətlənən Azərbaycan neft kəmərlərinin çirkləndirilməsi. Bundan başqa, Ukraynada Azərbaycanın iqtisadi maraqları ilə bağlı olan infrastruktur obyektlərinə qəsdən endirilən zərbələri nəzərdə tuturam. Bunların hamısı göstərir ki, son vaxtlar Rusiyanın diqqəti daha çox diversiya əməliyyatlarına yönəlib. Bu Rusiya dövlətinin mahiyyətidir”, – Ağayev vurğulayıb.
Rauf Orucov