Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Vaşinqtona “tabutu gedən” Azərbaycan jurnalistikası:kim bizi bu günə qoydu...

Azərbaycan mediası müğənni Rəqsanənin həbsi ətrafında xəbərlərə aludə olanda Vaşinqton zirvəsində yaşanan qanqaraldıcı detalın səbəbi üzərindən sükutla keçməyə üstünlük verildi.

Yenixeber.org: Ölkədə Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası, mətbuat sahəsinin mütəxəssisləri, bu sektora nəzarəti həyata keçirən iqtidar məmurları cavab axtarmaq istəmədilər ki, azərbaycanlı jurnalist ABŞ lideri Trampın qarşısında niyə belə pərt vəziyyətə düşdü və bizi də utandırdı. Azərbaycanın müstəqil jurnalistikanın inkişaf etdiyini hər platformada deyənlər etiraf etmək istəmədilər ki, 100 ilin başında ABŞ prezidentinə bir azərbaycanlı müxbir sual vermək fürsəti qazanır, onu da doğru-dürüst çatdırmır və Prezident İlham Əliyevin amerikalı həmkarına izah etmək zərurəti yaranır. Halbuki bununla Azərbaycanın və onun dövlət başçının 8 avqust diplomatik ZƏFƏRİNƏ kölgə salındı. Üç ölkə nəhəng bir prosesi həll etdi, amma bir jurnalist kölgə saldı.
Axı nə üçün prezident jurnalistin normal danışa və sual verə bilməməsinə görə Trampa tərcümə etməyə məcbur olmalıdır? Bəlkə bunun günahı azad jurnalistikanın məhv edilməsindədir? Bəlkə elə Medianın İnkişaf Agentliyinin səmərəsiz fəaliyyətindən, hakimiyyətin medianın azadlıqlarını çulğalamasından irəli gəlir? 
Bu üç sualın heç birinə cavab verilməyəcək. Vaşinqtonda heç nə olmamış kimi davam edəcəklər. Əgər mətbuatın inkişafına şərait yaradılsaydı, azad mühit olsaydı, bu sahədən peşəkarlar ordusu çıxardı. Bu gün isə 90-ların yetişdirdiyi mətbuat nəhənglərinin çiyinlərində tabutu gedən jurnalistika artıq yeni parlaq fiqurlar yetişdirə bilmir. Çünki ilbəil azadlıqlar buxovlanır. Müstəqillik olmayan yerdə isə tərəqqi və peşəkarlıq olmur. Ona görə də Vaşinqtona gedən əslində, bir azərbaycanlı jurnalist yox, çoxdan dəfn edilmiş Azərbaycanın müstəqil mətbuatının “meyiti” idi. 
...Dünya dəyişir, tik-tok kimi sosial media platformaları fikirlərdə inqilab edir, çatgpt meydana çıxıb, informasiya əsrində xəbərin sürəti az qala işıq sürəti kimidir və biz iməkləyirik. Hələ də primitiv qadağalar, senzuralar, hələ də kustar yanaşmalar, hələ də əttökən, idbar və banal tərif dolu yazılar, məddahlığın dibinə qədər çökən məqalələr...Budur, Azərbaycan mətbuatının gəlib çıxdığı nöqtə - Vaşinqtonda bizi tam ifadə elədi. Lakin heç bir media eksperti, jurnalizmin inkişafını nədə görənlər ağzını açıb demədi ki, niyə Birləşmiş Ştatlarda dünya ictimaiyyətinin gözü qarşısında gülməli vəziyyətə düşdük? 
O sualı verən müxbirdə təqsir axtarmağa gərək yoxdur, məsələ Azərbaycanda azad mətbuatın dişlərinin sındırılmasından gedir. Və bu mırıq ağzı ilə danışan ölkə mediasının pəltək olması da, dili topuq vurması da qətiyyən təəccüb doğurmamalıdır. Çünki normal, azad media mühiti olsaydı, nə peşəkarlar yetişərdi, bir biləsiniz. İndi isə hər yerindən duran bir xəbər portalı açıb, baş redaktoru bir informasiyanı qaydalara uyğun yazmağı belə bacarmır, amma hansısa məmurun himayəsindədir, Medianın İnkişaf Agentliyi saytı qalib elan edərək hər ay üç min manat maliyyə ayırır. Bəs medianın əsl inkişafı? O necə olacaq? Ritorik sualdır...
Ümumiyyətlə, məmur himayəsində olan bir mətbuat irəliləyə bilməz. O, diktə altındadır. Yəni icazəli azadlıqları var. Bu da istər medianın inkişafına, istər peşəkarlıq səviyyəsinin artmasına əngəl olur. Görünür, hakimiyyətdəki strateqlər də bu haqda düşünməlidirlər. Söhbət təkcə sualın Trampa düzgün çatdırılmamasından getmir, bu sadəcə, bir nümunədir, onlarla səbəb göstərmək olar ki, mətbuat niyə inkişaf etmir. Alyaskada keçirilən brifinqdə Putinin təbirincə desək, “ilkin səbəblər aradan qaldırılmalıdır”.
Yəni azad mətbuatın tabutuna vurulan mismarlar çıxarılmalı, ona heç olmasa nəfəsliklər verilməlidir. Bu nəfəsliklər isə “Tramp marşrutu” qədər əhəmiyyətli və perspektivlidir – tənqid, tənqid və tənqid. Jurnalistikanın işi qaranı göstərməkdir, ağ onsuz da görünür. Medianın müstəqilliyini boğmaq, problemləri işıqlandırmağa məhdudiyyətlər qoymaq, tənqidə dözümsüz yanaşmaq, məmurlara güldən artıq söz deməyə imkan verməmək bizi Vaşinqtona bu vəziyyətdə aparıb çıxarmalıydı. Tənqidi jurnalistika inkişaf etmirsə, heç bir yüksək səviyyəli nəticələrdən danışmaq mümkün deyil. Ona görə də Ramiz Rövşənin çox sevdiyim şeirlərindən biri ilə bu sətirləri başa vurmaq istəyirəm: 

Kim qoydu bu büstü bizə
Kim bizi bu günə qoydu
Heç kim yanımıza gəlməz
Hamı gələr üstümüzə...
Azər TALIBOV, (anxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam