Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.
Yenixeber.org: Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub. Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib. Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Burda diqqət çəkən məqamlardan biri məlum şəbəkənin üzvü olduğu iddia edilən şəxsin Sosial Tədqiqatlar Mərkəzində yer almasıdır. Bu qurumun rəhbəri Zahid Orucdur.
Yeri gəlmişkən, 2019-cu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim etmək məqsədi ilə Sosial Tədqiqatlar Mərkəzi (STM) yaradıldı və millət vəkili Zahid Oruc mərkəzin İdarə Heyətinin sədri seçildi. Bununla bağlı cumhuriyyet.az olaraq bildirək ki, əslində ilk anlaşılmazlıq STM yaradılanda baş verdi. Bununla bağlı cumhuriyyet.az olaraq xatırladaq ki, 2019-cu il fevralın 8-də verilən fərmana 2 gün sonra – fevralın 11-də düzəliş edilmişdi. Sən demə, fərmanda STM-in idarəçiliyi ilə bağlı bənd yox imiş. Zahid Orucun namizədliyi müzakirə olunub və onun STM-ə rəhbər gətirilməsi ilə bağlı razılıq əldə edilib. Sərəncam imzalananda bəlli olub ki, fərmanda quruma rəhbərlik nəzərdə tutulmayıb. Zahid Orucun da sərəncamı bu düzəlişdən sonra verilmişdi.
Elə buradaca onu da xatırladaq ki, həmin illərdə Zahid Orucun “dərin poilitoloji” təhlil yazılarında da açıq açığına Rusiya təəssübkeşliyi özünü göstərib. Məsələn, tam 5 il öncə, 2020-ci ilin avqust ayında Türkiyə-Azərbaycan hərbi təlimlərinin Azərbaycan əhalisində coşqu və inam yaratdığı bir dövrdə Azərbaycanda Sosial Tədqiqatlar Mərkəzinə rəhbərlik edən Zahid Oruc görüntüdə Əbülfəz Elçibəyi nüfuzdan salmağa xidmət edən “Türkiyə, Azərbaycan, Rusiya vahid səngərdə:…” adlı yazısı ilə bir tərəfdən Azərbaycanın neft strategiyasının yanlış olduğunu, bunun vasitəsi ilə həm Əbülfəz Elçibəyin, həm Heydər Əliyevin və həm də İlham Əliyevin yanlış siyasət yürütdüyü fikrini formalaşdırmağa, Azərbaycan dövlətinin neft strategiyasını həyata keçirməkdə mühüm həlqə olan BP-ni qaralayaraq narazı salmağa və bu strategiyanın doğruluğuna və davamlılığına şübhə yaratmağa xidmət edirsə, digər tərəfdən Rusiyanın Azərbaycana son 30 ildə etdiklərinin üstündən keçərək və Qafqazın işğalını, eyni zamanda Azərbaycanın şimalının işğalını həyata keçirməklə Azərbaycanın bölünməsinə səbəb olan İvan Paskeviçi xatırladaraq qorxu yaratmaqla Rusiya xilaskarlığını təbliği nəyə xidmət edir? Zahid Orucun Azərbaycan dövlətçiliyinə zərər verən bu yazısından bir-iki gün sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Prezidenti V. Putinə etirazları da Zahid Orucun ya siyasəti bilmədiyini, ya siyasi möhtəkirlik etdiyini, ya da açıq şəkildə 5-ci kolona xidmət etdiyini ortaya qoyur.
Əsasnaməsinə görə, Sosial Tədqiqatlar Mərkəzinin işinin biri də Azərbaycanda sosial araşdırmalar aparmaqla, siyasi qruplaşmaların dövlətçiliyimiz üçün nə kimi rol oynadığı haqda xalqı və dövlətini aidiyyəti qurumlarını bilgiləndirməkdir. Eyni zamanda, qurumun işi Prezident İlham Əliyevin tez-tez işlətdiyi “5-ci kolon”un nələrlə məşğul olduğunu və hansı qüvvələrdən təşkil edildiyini araşdırıb, Azərbaycan xalqını məlumatlandırmaqdır. Halbu ki, əlində olan minimum imkanlarla Azərbaycan mediası Sosial Tədqiqatlar Mərkəzindən daha çox işlər görüb bu sahədə. Zatən rəhbərliyində təmsil olunan şəxsi zamanında tədqiq edə bilməyən qurumdan başqa nəysə də gözləmək olmazdı… Mərkəzin hesabatlarını oxuduqda Azərbaycanda “quzunun qurdla birgə otladığı” təəssüratı yaranır. Sonra isə hər hansı sosial narazılıq və ya İmişlidəki “Georgi lenti” təsadüf kimi təqdim edilir. Bunun özü – yəni vəzifə xidmətinin düzgün yerinə yetirilməməsi, 5-ci kalona xidmət anlamına gəlmirmi?
Bəs yaradıldıqdan sonra bu mərkəz gözləntiləri həyata keçirdimi?
Ən əsası da hər sadə azərbaycanlını maraqlandıran bir sual var. Aşağıların həqiqətlərini yuxarılara olduğu kimi çatdırdı, yoxsa, yuyub, ütüləyib süzgəcdən keçirəndən sonra? Elə o vaxt çoxları bu qənaətdə idi ki, bu qurum daha çox Sosial Tərif Mərkəzi rolunu oynayacaq. Bu qənaətə gəlməkdə Zahid Orucun 25 ildən artıq deputatlıq fəaliyyətinin də rolu danılmazdır və sonrakı fəaliyyət bu ehtimalı təsdiqlədi. Zahid Oruc bu vəzifəyə təyin olunanda demişdi: “Sosial Tədqiqatlar Mərkəzinin yaradılması dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gəlib. Məqsəd hakimiyyət institutlarına ictimaiyyətin münasibətini həm də bu yolla öyrənməklə dövlət quruculuğu prosesinə aktiv yön vermək, xalq qarşısında hesabatlı, şəffaf və ədalətli idarəçilik sistemini bərqərar etməkdir”. Belə bir söz deyən adam saxtakarlıq edərmi? Baxmayaraq ki, onun deputat mandatı almasında saxtakarlıqların olduğu deyilirdi.(cumhuriyyet.az)