Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Moskva Ukraynada "xərcləmək" üçün canlı qüvvə axtarır -TƏFSİLAT

news content

Rusiya prezidenti Vladimir Putin genişmiqyaslı işğal müharibəsinə başladıqdan yeddi ay sonra - 2022-ci ilin sentyabrında Ukraynada aparılan müharibəni davam etdirmək üçün çağırış yaşında olan kişilərin 'qismən səfərbərliyi' ilə bağlı qərar verib. Bu qərarın təsiri Rusiya küçələrində və ölkənin sərhədlərində açıq şəkildə hiss olunub.

Yenixeber.org: Hərbi komissarlıq əməkdaşları çağırış yaşında olanları tapmaq üçün ofislərdə reydlər keçirir, yaşayış binalarının qarşısında pusqu qurur və metro qatarlarında gəzirdilər. Yüz minlərlə rusiyalı isə Ukraynaya göndərilməmək üçün ölkəni tərk edərək fevralda işğaldan sonra başlayan kütləvi köçə qoşulub.

Putin bu qədər qeyri-populyar bir addımı təkrar etməmək üçün əlindən gələni etdiyi bir vaxtda, Rusiya ordusu müharibəyə canlı qüvvə axınını davam etdirmək məqsədilə müxtəlif üsullara əl atıb. Qanunsuz olduğuna baxmayaraq, həbsxanalardan, evsizlər üçün sığınacaqlardan canlı qüvvə cəlb edilib.

AzadlıqRadiosunun Ukrayna və Rusiyadakı araşdırma qrupları "Sxema" və "Sistema"nın 2023-cü ilin dekabrındakı araşdırması nəticəsində məlum olub ki, Ukraynaya minlərlə döyüşçü göndərən formal olaraq özəl muzdlu hərbi şirkət kimi təqdim olunan "Redut" əslində dövlət tərəfindən idarə olunan bir qurumdur. Bu, Rusiyanın əsas hərbi kəşfiyyat orqanı olan QRU-nun idarə etdiyi bir səfərbərlik şəbəkəsidir.

"Sistema"nın yeni araşdırması müəyyən edib ki, ordu səfərbərlik şəbəkəsini daha da genişləndirib. Belə ki, "Redut"un və ya Müdafiə Nazirliyinin müqavilələri çərçivəsində təklif olunan xidmətin şərt və tələblərindən çəkinən şəxsləri cəlb etmək üçün "Dobrokor" - "Könüllü Korpus" adlanan yeni və alternativ bir sistemdən istifadə edilir.

"Redut" və ya "Dobrokor" vasitəsilə orduya qoşulmaq Müdafiə Nazirliyi ilə ənənəvi xidmət müqaviləsi imzalamaqdan xüsusilə bir nüansa görə fərqlənir. Nazirlik ilə müqavilələr avtomatik olaraq Rusiyanın "xüsusi hərbi əməliyyat" adlandırdığı müddətin sonuna qədər uzadılır, yəni bu əsgərlər Rusiyanın Ukraynadakı müharibəsi rəsmən başa çatana qədər ordudan ayrıla bilməz. Muzdlu müqavilələr isə müqavilə müddətinin sonuna qədər (çox vaxt altı, səkkiz və ya 12 ay) xidmət göstərməyi nəzərdə tutur və avtomatik olaraq yenilənmir.

Lakin bunun da çatışmayan bir tərəfi var. Mövcud dəlillər göstərir ki, hər iki könüllü şəbəkə vasitəsilə cəlb olunan əsgərlər Rusiya hərbi rəhbərliyi tərəfindən xüsusilə "qurban verilməyə hazır" və ya "yemlik" kimi istifadə olunmağa daha uyğun namizədlər kimi görülə bilər. Rusiya ordusunun tədricən irəliləyişi isə böyük insan itkisi bahasına başa gəlir. Bu yay ölən və ya yaralanan Rusiya hərbçilərinin sayının 1 milyona çatdığı ehtimal olunur.

                           "İkinci dərəcəli piyadalar"

Keçən ilin sonlarında sızdırılmış bir səs yazısında zabitlərlə söhbət zamanı "Donbas Könüllüləri Birliyi" adlı qrupun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Aleksandr Boroday bildirib ki, hərbi rəhbərlik könüllü əsgərlərə "ikinci dərəcəli piyada qüvvəsi" kimi baxır və onların əsas vəzifəsi mütəşəkkil ordu bölmələrinin hücuma keçməsindən əvvəl mümkün qədər düşmənin canlı qüvvəsini tükətməkdir. Həmin səs yazısında o, könüllüləri "məxaric canlı qüvvə" adlandırıb.

"Dobrokor" və "Redut"u QRU idarə edir və, demək olar ki, hər ikisi eyni hərbi birliklərə müxtəlif maraqlara xidmət edənləri yönləndirir. Belə ki, bu şəxslərin bəziləri millətçi və ya pravoslav xristian yönümlüdür, bəziləri kazaklar və ya radikal futbol azarkeşləridir. "Dobrokor"un rəsmi saytında ümumilikdə 27 hərbi birliyin adı çəkilir.

Həm "Dobrokor", həm də "Redut" vasitəsilə 18-55 yaş arası kişilər və 18-45 yaşlı qadınlar hərbi xidmətə qoşula bilərlər. Qadınlar tibb məntəqələrində xidmət edirlər. Ödəniş ayda 205 min rubldan (2600 dollar) başlayır və muzdlu əsgərin rolundan asılı olaraq daha yüksək ola bilər.

Lakin bu iki struktur arasında ciddi fərqlər var. "Redut" yarımqanuni, qeyri-müəyyən hüquqi zonada fəaliyyət göstərir. Bu isə bu yolla qoşulan rusiyalılar üçün həm müəyyən üstünlüklər, həm də risklər yaradır.

2023-cü ildə "Redut"un səfərbərlik əməkdaşları AzadlıqRadiosuna bildirib ki, bu sistemin üstünlüklərinə müqavilə müddəti bitmədən cəzasız şəkildə xidmətdən ayrılmaq imkanı və ödənişin nağd şəkildə verilməsi daxildir. Bu da həmin pulların kreditorlardan, məhkəmələrdən, dövlətdən və ya keçmiş həyat yoldaşından gizlətməyə imkan verir. Həmin dövrdə "Sistema"ya danışan bir səfərbərlik əməkdaşı deyib ki, ""Redut" insanların vergi və ya məhkəmə xərclərindən yayınması üçün yaradılıb".

"Redut" vasitəsilə orduya qoşulmaq digər kanallardan daha asandır. Burada sağlamlıq və fiziki hazırlığa dair tələblər daha zəifdir, Müdafiə Nazirliyindən və ya "Dobrokor"dan fərqli olaraq cinayət keçmişi xidmət üçün maneə deyil.

Lakin "Redut"un dezavantajları da var. Bu kanal vasitəsilə orduya cəlb olunanlar könüllülük müqaviləsinə görə regional bonusa layiq görülmür. (bu bonus kifayət qədər yüksək ola bilər) Həmçinin müharibədə əlil olsa, ölsə və digər hallarda veteranlar və sağ qalanlar üçün dövlətdən maddi ödəmələr almaq çətin ola bilər.

                                    "Sən mövcud deyilsən"

"Nevski" birliyinin "Okulist" təxəllüsü ilə tanınan səfərbərlik əməkdaşı "Sistema"ya bildirib ki, "Dobrokor" vasitəsilə cəlb olunanlar xidmət üzvü statusuna malikdir. Bütün sosial təminatlar və ödənişlər onlara şamil olunur. Ancaq "Redut" barəsində o deyib ki, hüquqi baxımdan "sən mövcud deyilsən. Xidmət yoxdur, heç nə yoxdur: nə xəstəxanalar, nə reabilitasiya, heç nə".

Bu məqalə üçün "Sistema"nın jurnalistləri açıq elan olunmuş nömrələrə zəng vuraraq səfərbərlik əməkdaşları ilə əlaqə saxlayıb, yalnız tələb olunduqda özlərini təqdim ediblər.

"Dobrokor" vasitəsilə orduya yazılmaq daha çox təhlükəsizlik və bonuslar, sosial təminatlar əldə etmək imkanı verir. Ancaq "Redut"dan fərqli olaraq, "Dobrokor"un cəlb etdiyi şəxs müqaviləsi bitməmiş xidmətdən ayrılmaq istəsə, bunun nəticələri, o cümlədən fərariliklə bağlı mümkün cinayət ittihamları ilə üzləşə bilər.

"Donbass Könüllüləri Birliyi"nin səfərbərlik üzrə əməkdaşı İrina "Sistema"ya deyib ki, bu kanal vasitəsilə qoşulduqda "Siz qaça bilməzsiniz və bunun nəticələri olacaq".

Bu yaxınlarda "Mediazona" yazıb ki, may ayına olan məlumata görə, Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan bəri hərbi prokurorlar Rusiya məhkəmələrinə 20 mindən çox fərarilik işi göndərib.

"Dobrokor" vasitəsilə qoşulan rusiyalılar üçün imza bonusları Müdafiə Nazirliyi vasitəsilə ilə qoşulanlara nisbətən daha azdır. Müdafiə Nazirliyi ilə imzalanan müqaviləyə görə, bonus məbləği təxminən 3.6 milyon rubla (46 min dollar) qədər ola bilər. "Müxtəlif bölgələrdən olan uşaqlar yazıb deyirlər ki, burada bonus 100 min rubl (1280 dollar), başqa bir yerdə isə 50 min rubldur (640 dollar)".

"Dobrokor" və "Redut"dan əlavə, Rusiya Müdafiə Nazirliyi orduya qüvvə cəlb etmək üçün özünün "BARS" adlı səfərbərlik kanalını yaradıb. "Donbass Könüllüləri Birliyi" kimi hərbi birləşmələrə canlı qüvvə hər üç kanal vasitəsilə cəlb olunur.

Ancaq ənənəvi olan Müdafiə Nazirliyinin müqaviləsi ilə orduya qoşulan rusiyalıların sayı xeyli azdır. 2025-ci ilin ilk yarısında 18 mindən çox adam könüllü birləşmələrə qoşulub, eyni zamanda 210 mindən çox yeni müqaviləli əsgər ordu sıralarına qatılıb. Bunu iyulun 2-də keçirilən toplantıda Rusiya prezidenti Putinin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun eksperti Yanis Kluqe hesab edir ki, ikinci rəqəm bir qədər aşağıdır, təxminən 190 min nəfər.

"Redut" və "Dobrokor" arasında başqa bir fərq də var: "Dobrokor" vasitəsilə qoşulanlara forma və əsas avadanlıq verilir. "Vostok" könüllü birliyinin səfərbərlik əməkdaşı AzadlıqRadiosuna bildirib: ""Redut"da isə sizə heç nə vermirlər".

Ən azı dərhal verilmir. Səfərbərlik əməkdaşları bildirib ki, "Redut" vasitəsilə Ukraynadakı müharibəyə qoşulanlara alış-veriş üçün 50 min rubl (640 dollar) məbləğində təzminat verilir və bu, onların üçüncü xidmət ayında maaşı ilə birlikdə ödənilir. Təbii ki, əgər onlar o vaxta qədər yaşasalar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam