İRAN NECƏ PARÇALANACAQ? - Və ya Türkiyə nədən indi Cənub qonşumuzun bölünməsinə qarşıdır?

İsrail–ABŞ–İran müharibəsi Türkiyə də daxil olmaqla bütün türk dünyası üçün iki fövqəladə əhəmiyyətli məsələni özündə daşıyır. Bunlardan birincisi, zərbələr nəticəsində fars rejiminin çökməsi və İran türklərinin azadlığa qovuşmasıdır. Bu barədə çox yazılıb.
Yenixeber.org: İkinci məsələ isə ABŞ, Avropa və İsrailin illərdir həyata keçirməyə çalışdıqları Böyük Orta Doğu Projesinin (BOP) addım-addım reallaşdırılmasıdır. Projenin amacı İran və Türkiyə də daxil olmaqla regionun böyük ölkələrini parçalamaq, kiçik əldəqayırma dövlətciklər qurmaq, hamını hamıya qarşı qoyaraq dünyanın ən zəngin regionunu rahatlıqla yönəltməkdir. Plan işləyir. Liviya, İraq və Suriya kimi güclü ölkələr faktiki olaraq parçalanıb, xaos içində boğulurlar.

Projenin mahiyyətini ən yaxşı oxuyan dövlət Türkiyədir. Rəsmi Ankara var gücü ilə həmin parçalanmaları əngəlləməyə çalışır. Hər üç ölkə ilə bağlı Ankaranın əllə tutulacaq uğurları da var. Fars rejimi isə fərqli yol tutur. İranın özü də parçalanmanın növbəti hədəfi olsa da, Qərbin “parçala və hökm et” çabalarında həvəslə yer alır.
İrandakı rejimin çökməsi və Güney Azərbaycan türklərinin azadlığı Azərbaycan üçün birmənalı şəkildə müsbət hadisədir və geosiyasi anlamda Azərbaycanın gələcəyini müəyyən edəcək ən önəmli faktordur. Bəs Türkiyə üçün İranın parçalanması nə deməkdir?
Öncə onu qeyd edək ki, İranı araşdıran düşüncə quruluşlarının əksəriyyəti iddia edir ki, İranın parçalanması məsələsi Türkiyənin əlindədir. Belə ki, 40–45 milyonluq türk kütləsini hərəkətə keçirmək potensialı yalnız Türkiyəyə məxsusdur. İran parçalanacaqsa, türk dünyası kəsintisiz quru əraziləri ilə birləşəcək. Bunun əhəmiyyəti aydındır. Digər tərəfdən, 45 milyonluq türkün azadlığa çıxması Türkiyənin ən böyük problemi olan demoqrafik geriləmənin aradan qaldırılması üçün yeganə real şərtdir. Türkiyədəki doğum vəziyyətinə görə türklərin sayı azalır, qeyri-türklərin sayı isə durmadan artır. Bu tendensiya davamlı olarsa, bir neçə nəsildən sonra Türkiyə Cümhuriyyəti türklərin azlıqda olduğu dövlətə çevrilə bilər. Deməli, İrandakı böyük türk çoxluğu ilə çulğalaşmaq və türk dünyası ilə kəsintisiz quru əlaqəsi qurmaq Türkiyənin gələcəyi üçün də əhəmiyyətlidir. Qısası, Anadolunun yeni türk axınına ehtiyacı var – həm əhali, həm də ərazi baxımından.

Lakin Türkiyənin İranla bağlı bir qədər fərqli siyasət yürütdüyü diqqət çəkir. Sanki Türkiyə İranın parçalanmasında deyil, qorunub saxlanmasında maraqlıdır. 12 günlük İsrail–İran müharibəsində də bu məqam qabarıq şəkildə özünü göstərdi. Hətta rəsmi Tehran verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür etdi. Nə baş verir?
İran rejimi özünün antitürk mahiyyətini gizlətmək belə istəmir, türk düşmənlərinə hər yerdə açıq dəstək verir, Türkiyə isə İranın bölünməsini əngəlləyir? İlk baxışdan məntiqsiz görünür. Amma yuxarıda qeyd etdiyimiz kimi, başda ABŞ olmaqla Qərb region ölkələrini parçalama məsələsində qərarlıdır və bu istiqamətdəki addımlarını illik hesabatlarında dərc etməkdən də çəkinmirlər. Türk yöneticiləri də İranın parçalanmasından sonra hədəfdə Türkiyənin olacağını bilirlər. Ağlabatan olmayan iddia kimi görünə bilər. Lakin İran Qərbin və İsrailin istədiyi şəkildə parçalanacaqsa, yaranan dövlətlərdən biri də kürd dövləti olacaq. Bir anlığa təsəvvür edək ki, belə bir dövlət yaranır və o, Qərb tərəfindən maksimum dəstəklənir və silahlandırılır.
Qərbin yüzdə yüz vəkalət "örgütünə" çevriləcək belə dövlətcik İraq, Suriya və Türkiyə daxilindəki kürd separatizmini körükləyən katalizator rolunu oynayardı. Belə vəziyyət qırx ildən çoxdur kürd terrorundan və separatizmindən əziyyət çəkən Türkiyə üçün yeni və çox ağrılı problemlər doğurardı. BOP-un Türkiyə üçün hazırlanmış əsas ssenarisi də məhz bu məqamdır. Heç şübhəsiz, Qərbin əlində oyuncağa çevriləcək yeni silahlı kürd separatizmi kürd millətinin özünü də sonu görünməyən məşəqqətlərə sürükləyərdi. Yada salaq ki, İrandakı kürd separatçı qrupları İsraillə birgə vuruşmağa hazır olduqlarını açıq şəkildə bəyan ediblər.

Yaranan mənzərə belədir: İranın parçalanması ilə bağlı Türkiyə çətin seçim qarşısındadır. Bir tərəfdən, İranın parçalanması Türkiyə və bütövlükdə türk dünyasının ən köklü problemlərinin həlli üçün olmazsa olmazdır. Digər tərəfdən isə, İranın BOP çərçivəsində parçalanması Türkiyə üçün çox böyük təhlükə mənbəyidir.
Məntiqə görə, bu çətin dilemmanın həlli məhz sonuncu cümlə ilə bağlıdır. Yəni türk marağı tələb edir ki, İran Qərbin və İsrailin istədiyi ssenari üzrə parçalanmasın. “İran” adlı dövlət enində-sonunda mütləq parçalanacaq. Və bu parçalanma Türkiyənin və İrandakı əzici türk çoxluğunun planları çərçivəsində reallaşmalıdır.
Burada bir məqamın altını cızmağa ehtiyac var. BOP-a görə İranın parçalanması Türkiyə və bütövlükdə region türkləri üçün böyük problemlər yaratmalı, Türkiyənin özünün də parçalanmasını gündəmə gətirməlidir. Amma heç şübhə etməyək ki, hesablar tərs çevrilsə, qərblilər İranın parçalanmasına deyil, fars rejiminin ayaqda qalmasına stavka edəcəklər.
Türk dövlət ağlı böyük səbr və əzmkarlıqla öz planlarını addım-addım həyata keçirir. Son illərdə gözlərimiz önündə baş verənlər bu deyiləni qəti şəkildə təsdiqləyir. İranın parçalanması məsələsində də Türk dövlət səbri və Ərdoğanın “Arazı ayırdılar” tezisi paralel şəkildə çalışır.
Türkiyədə belə bir deyim var: “İt hürər, qurd isə sakitcə zamanını gözləyər.” Zamanı gəldiyində Türkiyə İranın parçalanmasının fitilini yandıracaq. Bu yalnız Azərbaycan türkləri üçün gərəkli deyil. Həm də Türkiyə Cümhuriyyətinin Anadoluda öz varlığını daha güclü şəkildə sürdərə bilməsi üçün də vazkeçilməz şərtdir.(Azpolitika)

Namiq Bilal