İrəvan Ankaranın planında:Paşinyanla Ərdoğanın gizli sövdələməsi

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula səfər edib. Səfərdən cəmi bir gün əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə olub, 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələdən sonra Kahramanmaraş şəhərində salınan “Azərbaycan məhəlləsi”nin açılışında iştirak edib.
Ermənistanın radar nəşri yazır ki, Əliyev və Ərdoğanın Paşinyanın səfərini müzakirə etməməsi inandırıcı görünmür. Çox güman ki, onlar səfərin bəzi əsas məqamlarını əvvəlcədən razılaşdırıblar. Elə Ermənistan baş naziri də hansı şəraitdə İstanbula getdiyini nəzərə almaya bilməzdi.
Türkiyə bu səfərə yüksək səviyyə görüntüsü vermək üçün hər şeyi edib. Paşinyanın İstanbuldakı ən dəbdəbəli saraylardan biri – Dolmabahçedə qəbul edilməsi də simvolik xarakter daşıyıb. Hətta Ərdoğanın Paşinyanı şəxsən maşına qədər ötürməsi belə bu münasibətin göstəricisi olub.
Səfər tam şəkildə mövcud vəziyyətin diktəsi ilə baş tutub. Son aylar Ermənistan və Türkiyənin xüsusi nümayəndələri – Ruben Rubinyan və Serdar Kılıç arasında ictimai təmas olmayıb, “3+2” formatı isə faktiki dondurulub. Bu səbəbdən səfəri 2021-ci ildə başlanan normallaşma prosesinin nəticəsi saymaq çətindir.
Ərdoğanın Paşinyanı dəvəti, çox güman, İran ətrafında yeni hərbi-siyasi vəziyyət və Ankaranın bu kontekstdəki hesablamaları ilə bağlıdır. Diqqətçəkən məqam budur ki, Ərdoğanla Paşinyanın görüşü qısa və işgüzar formatda keçib, yekunda birgə bəyanat və ya brifinq olmayıb. Bu, görüşün konkret razılaşmalardan çox, həssas regional məsələlər üzrə qarşılıqlı mövqeləri öyrənmək və yeni vəziyyətdə sabitlik təminatına dair baxışları bölüşmək üçün keçirilməsi ehtimal yaradır.
Təsadüfi deyil ki, görüşdən sonra həm Ankara, həm də İrəvandan yayılan rəsmi açıqlamalar çox təmkinli olub, tərəflər yalnız münasibətlərin normallaşması ilə bağlı qarşılıqlı istəyi vurğulayıblar.
Hər iki tərəfin Azərbaycan və Ermənistan arasında sülh prosesinin tənzimlənməsinin vacibliyini önə çəkməsi də göstərir ki, gündəliyin əsas mövzularından biri sülh sazişinin və Azərbaycanın şərtlərinin müzakirəsi olub.
Təbii ki, optimizm üçün əsaslar çox deyil. Amma məhz bu baxımdan Paşinyanın səfəri təkcə tarixi yox, həm də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Çünki bu səfər Ermənistan üçün regionda nüfuzu artmaqda olan, təhlükəsizliyi baxımından həlledici oyunçu ilə üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa danışmaq imkanı yaradır. Ermənistan tərəfi öz baxışını, ikitərəfli və çoxtərəfli münasibətlər potensialını təqdim edir və qarşı tərəfin gözləntilərini bilavasitə öyrənir.
Bu səviyyədə səfər ilk növbədə Ermənistanın subyektliyinin təzahürüdür. Eyni zamanda, fövqəldövlətlərin maraqları arasında balans tapmaq və manevr imkanlarını qorumaq cəhdidir. Bunun üçün bütün tərəflərlə dialoq aparmaq, başqalarının sənin əvəzinə danışmasına imkan verməmək lazımdır.
Ermənistan Xarici İşlər nazirinin müavini Vahan Kostanyan NEWS.am-a bildirib ki, görüş olduqca pozitiv atmosferdə keçib. Onun sözlərinə görə, tərəflər həm ikitərəfli münasibətlər, həm də regional proseslərlə bağlı mövqelərini təqdim ediblər və Ermənistan tərəfi görüşü müsbət qiymətləndirib.
Kostanyan “Sülh kəsişməsi” layihəsinə Türkiyənin münasibəti barədə sualı cavablandıraraq deyib: “Təbii ki, regional kommunikasiyaların açılması məsələsi də müzakirə olunub. Hər iki tərəf onların blokadadan çıxarılmasının əhəmiyyətini vurğulayıb”.
Azərbaycanın irəli sürdüyü şərtlər və Türkiyənin bu şərtlər yerinə yetirilmədən normallaşmaya getməyəcəyini bəyan etməsi fonunda münasibətlərin tənzimlənməsi və sərhədlərin açılması imkanlarına gəlincə, Kostanyan deyib: “Bu, üzərində işlənilməsi lazım olan bir prosesdir. Ermənistan hökuməti də, məlum olduğu kimi, Azərbaycanla münasibətlərin normallaşdırılması ilə məqsədyönlü şəkildə məşğuldur”.
Jurnalistlərlə söhbətində türkolog Ruben Safrastyan isə bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin necə inkişaf edəcəyini proqnozlaşdıra bilmir: “Mənim ümumi qiymətləndirməm belədir: bu səfər heç nəyi prinsipial dəyişməyəcək. Türkiyə mövqeyini qoruyacaq – Ərdoğan özü dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanla müqavilə imzalamayınca Ankara normallaşmaya getməyəcək. Bu mövqe dəyişməyəcək və səfər bu istiqamətdə nəticə verməyəcək”.
O halda Paşinyanın İstanbul səfərinin əsas məqsədləri və hədəfləri nə idi? Ermənistan və Türkiyə bu məqsədlərə çata bildimi?
Tanınmış erməni analitik və publisist İşxan Verdyan pressklub.az-a açıqlamasında bu suallara cavab verib.
“İcazə verin, əvvəlcə Ermənistan vətəndaşlarının mövcud vəziyyətlə bağlı baxışını təqdim edim. Ermənistanda əhalinin böyük əksəriyyəti Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması perspektivini alqışlayır və baş nazir Paşinyanın qonşularla dinc yanaşı yaşamağa yönəlik addımlarını dəstəkləyir. Amma həmin adamlar – o cümlədən Paşinyan və komandası – Ermənistan-Azərbaycan münasibətlərinin necə inkişaf edəcəyindən və bu müstəvidə Türkiyənin özünü necə aparacağından bixəbərdir.
Gülməlidir, amma Ermənistanda indi belə bir fikir yayılıb ki, guya Türkiyə Azərbaycanla qarşıdurmada Ermənistana yardım edəcək. Halbuki mən burada Türkiyə və Azərbaycanın bu gün strateji bağlı olduğu sahələri sadalamağa belə ehtiyac duymuram. Xüsusilə də indi, Hörmüz boğazı ətrafında böhran səbəbindən tankerlərin hərəkəti çətinləşdiyi, dünya iqtisadiyyatının neft təchizatının 20 faizini itirə biləcəyi bir vaxtda.
Məhz belə bir zamanda, Türkiyə üçün Azərbaycanla strateji əlaqələr ən yüksək prioritet daşıyırkən, Ermənistanda düşünürlər ki, guya “hiyləgər” Paşinyan Ərdoğanın gözünü açacaq və onu Əliyevə qarşı mübarizədə öz tərəfinə çəkəcək. Üzr istəyirəm, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın adlarını belə bir tonda çəkdiyim üçün, amma sadəcə Ermənistanda insanlara aşılanan düşüncə tərzini təsvir etməyə çalışıram”, – deyə ekspert bildirib.
Onun fikrincə, bu həm gülməli, həm də faciəvidir. ”, – Verdyan fikrini tamamlayıb.
Rauf Orucov