Rusiyada çağırışçılar döyüşə göndərilməməlidir, amma...

2023-cü ilin dekabr ayında Sibirin Ulan-Ude şəhərindən olan 18 yaşlı Aleksandr on minlərlə yaşıdı ilə birlikdə Rusiya silahlı qüvvələrində məcburi hərbi xidmətə çağırılıb.
Yenixeber.org: Dörd ay sonra o özünü təxminən 7 min kilometr qərbdə, Ukrayna ilə Rusiya sərhədi boyunca xəndəklər və piyada səngərləri qazarkən tapıb. Bir qədər sonra isə həmin səngərlərdə gizlənərək ukraynalı əsgərlərin və kamikadze dron hücumlarının hədəfi olub.
"Belə çıxır ki, mən qanunsuz olaraq, məndən soruşulmadan döyüş zonasına göndərilmişəm", – Aleksandr ötən ay AzadlıqRadiosunun "Sibir Reallıqları" bölməsinə verdiyi müsahibədə bildirib.
Soyadının açıqlanmasını istəməyən Aleksandrın vəziyyəti Rusiyada siyasətin toxunulmaz, həssas sahələrindən birini — prezident Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya hücum başladığından bəri xüsusilə çəkindiyi məsələni — açıq şəkildə göstərir.
Çağırışçılar döyüşdə
Ukraynaya qarşı hərbi işğalın 40-cı ayına yaxınlaşdığı bir vaxtda Rusiya ordusu ağır itkilər verməyə davam edir: Qərb mənbələrinin hesablamalarına görə, ölən və yaralananların sayı 750 min nəfəri keçib və bu rəqəm yazın gəlişi ilə döyüşlərin sürətlənməsi ilə artır.
Bu ağır itkilərə baxmayaraq, Rusiya döyüş əməliyyatlarının tempini qoruyub saxlamağı bacarıb. Bunun üçün mobilizasiya olunmuş ehtiyat qüvvələr, könüllülər, özəl hərbi şirkətlərə bağlı muzdlular, hətta məhbuslar və daimi ordu bölmələrindən ibarət mürəkkəb bir səfərbərlik sistemi qurulub. Döyüş xidmətinə görə təklif olunan yüksək maaşlar və imtiyazlar isə cəbhəyə daimi insan axını təmin edir.
Lakin Rusiya qanunvericiliyi hərbi xidmətə çağırılmış şəxslərin — əsasən 18 yaş ətrafında olan və birillik məcburi hərbi xidməti keçən gənclərin — döyüş bölgələrində xidmət etməsini qadağan edir. Bu, ilk növbədə, Ukraynadakı münaqişə zonasını əhatə edir.
Putin dəfələrlə söz verib ki, çağırışçılar döyüşə göndərilməyəcək. Lakin onlar ön cəbhədən uzaq ərazilərdə logistik və ya tikinti kimi arxa cəbhə tapşırıqlarını yerinə yetirə bilərlər.
Bundan başqa, çağırışçılar cəmi dörd aylıq ilkin hazırlıqdan sonra tam döyüş xidməti üçün könüllü müqavilələr imzalamağa razı salına, yaxud məcbur edilə bilərlər. Hüquq müdafiəçiləri və vəkillərin sözlərinə görə, əksər hallarda çağırışçılar nə imzaladıqlarını tam başa düşmürlər.
Ötən yay Ukrayna qüvvələri Rusiyanın Kursk vilayətinə sərhədi keçərək hücum təşkil edib və zəif müdafiə olunan sərhəd və sərhəd qoşunlarını, Milli Qvardiya bölmələrini və digər hərbi hissələri darmadağın edib. Həmin hücum zamanı onlarla çağırışçı əsir alınıb və ya itkin düşüb. "Vyorstka" xəbər platformasının məlumatına görə, azı 25 çağırışçı həlak olub.
Aleksandr şanslıdır ki onların arasında olmayıb.
Aleksandrın işi ilə bağlı hərbi prokurorlar və yerli hərbi komissarlıq nümayəndələri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Rusiya ordusuna xidmətə göndərilməzdən əvvəl çağırışçılar.
"Dərhal balaca xəndəklər qazmağa başladıq və sonra orada oturduq"
Yaroslavl vilayətində yaşayan Aleksandr AzadlıqRadiosuna bildirib ki, o, 2023-cü ilin payızında hərbi xidmətə çağırılıb. Dekabr ayında əsgər kimi xidmətə qəbul olunub və ilkin olaraq vaxtının böyük hissəsini Çinlə sərhəddə yerləşən Amur vilayətində keçirib. O, dəmiryol nəqliyyatını idarə edən logistik qüvvə Dəmir Yol Qoşunlarının bir bölüyünə təhkim olunub.
"O ki qaldı hazırlığa, biz cəmi bir neçə dəfə təlim keçdik, vəssalam. Heç bir xüsusi hazırlıq yox idi", –Aleksandr bildirib.
2024-cü ilin aprelində onun təlim bazasından naməlum sayda çağırışçı toplanma məntəqəsinə göndərilib və oradan Ukrayna ilə sərhəddə yerləşən Rusiya vilayəti Bryanska aparılıb.
Aleksandr deyir ki, əvvəlcə onun səkkiz nəfərdən ibarət bölüyünə Sərhəd Qoşunları üçün bunkerlər qazmaq əmr verilib. O, orada nə bir könüllü əsgər - "kontraktnik", nə də səfərbərlik yolu ilə çağırılmış əsgər – "mobik" görmədiklərini deyir.
"Bizi ön xəttə atanda ətrafda yalnız çağırışçılar var idi. Hətta bizim qrup komandirimiz də bizim kimi çağırışçı idi, digər yeddi nəfərdən fərqlənmirdi. Sadəcə ordudan əvvəl hərbi məktəbdə oxumuşdu", –Aleksandr bildirib.
Keçən avqustda Ukrayna qoşunları Kurskda ərazilər ələ keçirərək Rusiya qüvvələrini təəccübləndirəndə Aleksandrın bütün batalyonu Bryanskda idi. Avqustun 6-da onun bölməsinə döyüş hazırlığı əmri verilib.
"Biz tez xırda xəndəklər qazdıq və sonra orada oturduq. Bu qədər", - o deyib.
Aleksandrın dediyinə görə, yüksəkrütbəli zabitlər çağırışçılara sərhədə ən yaxın mövqelərə keçməyi əmr ediblər. Onların arxasında, ikinci müdafiə xəttində peşəkar əsgərlər və daha yaxşı təchizat var idi.
Onun sözlərinə görə, çağırışçılara hər hansı plansız geri çəkilmək qadağan edilib: "Bir dəfə bir neçə saat atəş altında qaldıq. Bizi kəşfiyyat missiyasına göndərdilər, sonra isə Ukrayna silahlı qüvvələri ilə qarşılaşdıq. Biz geri qaça bilmədik; yerimizi verdiyimiz üçün öz adamlarımız bizi güllələyəcəkdilər. Biz uzanıb bir neçə saat gözlədik".
Onun sözlərinə görə, Ukraynaya məxsus dron onun mövqeyinə yaxın yerdə partladılıb və onun beyni sarsıntısı keçirib.
Çağırışçıların "Boz Zona"sı
Rusiya rəsmiləri, xüsusilə hərbçi ailələri arasında artıq sirr olmayan bir həqiqəti — çağırışçıların bilərəkdən və ya səhlənkarlıq nəticəsində Ukrayna ilə sərhəddə döyüşlərə cəlb olunduğunu etiraf etməkdən imtina edirlər.
Çağırışçıların döyüşə göndərilməsini qadağan edən qanunda isə hüquqi boşluq mövcuddur: cəmi dörd ay xidmət etdikdən sonra bu gənclərə müqavilə imzalamağa icazə verilir və bu da onları tam döyüş xidməti, o cümlədən döyüş bölgəsinə göndəriş üçün "könüllü" statusuna salır.
Lakin hüquq müdafiəçiləri, vəkillər və hətta valideynlərin bildirdiyinə görə, zabitlər və hərbi komissarlıq əməkdaşları çağırışçılara müqavilə imzalatmaq üçün onlara davamlı təzyiq göstərir, bəzən isə açıq şəkildə məcbur edirlər. Bu zaman onlara müqavilənin mahiyyəti, hüquqi nəticələri və digər vacib məlumatlar tam şəkildə izah edilmir.
Ötən ilin oktyabrında Rusiyanın tank diviziyasından olan bir neçə çağırışçı Müdafiə Nazirliyi ilə saxta müqavilə imzaladıqlarını bildirdikdən sonra hər biri 305 min rubl (3 min 600 ABŞ dolları) kompensasiya alıb.
Elə həmin ay, heç bir könüllü müqavilə imzalamamış Aleksandr bildirib ki, kamikadze dronunun qəlpəsi onun sol ayağına dəyərək onu yaralayıb. Bundan sonra o, ön xətdən geri gətirilib və bölüyünün əvvəlcə göndərildiyi Borzya şəhərindəki hərbi xəstəxanaya yerləşdirilib.
Aleksandr deyib ki, hərbi həkimlər onun yarasını düzgün şəkildə diaqnoz qoymaqdan çəkiniblər, çünki o çağırışçı idi və aldığı xəsarət döyüş zonasında baş vermişdi, bu isə mövcud qanunlara ziddir. Bu səbəbdən o, döyüş yaralanmasına görə nəzərdə tutulan əlavə ödəniş hüququndan da məhrum edilib.
O, 2024-cü il dekabrın 10-da – xidmətə başladığı gündən düz bir il sonra tərxis olunub.
"Əvvəl heç gəzə bilmirdim", –o xatırlayır. "Yalnız birtəhər tullanaraq hərəkət edə bilirdim. Bir az sağaldı, sonra özümə əsa aldım və az da olsa gəzə bildim".
"Məni hospitalda tərxis olunan günə qədər saxladılar. Məni həm əlil, həm də pulsuz buraxdılar", –Aleksandr bildirib. "İndi məndə panik ataklar da var. Ətrafda partlayış səsi eşidəndə dərhal dron axtarmağa başlayıram".
Hazırda o, hərbi prokurorluğa rəsmi şikayət ərizəsi verməyi planlaşdırır, çünki o, həm döyüş bölgəsində xidmətinin rəsmən tanınması, həm də aldığı xəsarətə görə kompensasiya almaq istəyir.
Yazı AzadlıqRadiosunun "Sibir Reallıqları" layihəsi tərəfindən hazırlanıb.