Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

Türkiyədən ABŞ və Rusiyaya xəbərdarlıq:Dünyanı dəyişəcək Ərdoğan-Tramp-Putin formatı qaçılmazdır

Avropa Birliyi də Türkiyənin birbaşa iştirakından yan keçməklə, "qoca qitə"nin təhlükəsizlik sistemini qurmağın mümkün olmayacağı qənaətinə gəlməyə başlayıb... Ona görə də, həm Ukrayna böhtanı, həm də Avropa məkanı ilə bağlı problemlərin həllində Türkiyənin maraqlarının strateji təsir faktoruna çevrilə biləcəyi istisna deyil...

Yenixeber.org: Ukrayna savaşının dayandırılması prosesində ABŞ və Rusiya arasında kifayət qədər ciddi ziddiyyətlərin olduğu artıq qətiyyən şübhə doğurmur. Belə ki, Ağ Ev ABŞ-ın bu savaşın maliyyə-iqtisadi və siyasi-strateji baxımından, şəriksiz qalibi olmasına çalışır. Rusiya əslində, buna kəskin müqavimət göstərmək niyyətində olmadığını biruzə verir. Ancaq Kremlə Ukrayna savaşında hərbi-siyasi qələbə lazımdır. Ona görə də, indi Kreml hərbi, həm də Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı müəyyən şərtlər irəli sürür. Və bu şərtlər Qərb düşərgəsində ciddi etirazlara yol açdığından ABŞ hələlik Kremlin həmin tələblərinə pozitiv reaksiya verməyə həvəs göstərmir.

Onu da qeyd etmək lazımdır ki, Kreml məhz bu səbəbdən Ukrayna savaşı ilə bağlı danışıqlar prosesinə BMT və digər ölkələrin qatıla biləcəyi ilə bağlı variantı ön plana çəkir. Rusiya siyasi dairələri hesab edirlər ki, əgər, danışıqlar prosesinə hazırda Qərbdəki müqavimət düşərgəsi də qatılarsa, Tramp adminstrasiyası ABŞ-ın təzyiq potensialı ilə Kremlin şərtlərinin hər kəsə qəbul etdirə bilər. Və Kremlin "Avropa Birliyi Ukrayna savaşının dayandırılmasına əngəl olur" iddiasına paralel olaraq, prezident Vladimir Putinin Ağ Ev sahibi Donald Trampın müharibəni həqiqətən sona çatdırmağa istədiyini vurğulaması da məhz bu baxımdan, Rusiya üçün aktualdır.

screenshot_37-5-780x439.png (374 KB)

Halbuki, indi Tramp administrasiyasını Rusiyanın Qərbdə kəskin müqavimətlə üzləşən tələblərindən daha çox Ukraynanın ABŞ-a əsas iqtisadi layihələr üzərində nəzarət hüququ verən bir sazişi imzalaması maraqlandırır. Üstəlik, Qərb mətbuatında Ağ Evin bununla bağlı sənədin son variantını artıq Kiyevə göndərdiyi iddia olunur. Belə ki, ABŞ Ukraynanın infrastruktur layihələrində və faydalı qazıntıların, o cümlədən nadir torpaq metalları hasilatı və liman tikintisi proqramlarında birinci dərəcəli iştirak hüququ əldə etməyə çalışır. Və əsasən ABŞ tərəfindən idarə olunacaq bir fond Ağ Evin Kiyevə verdiyi hərbi yardımları geri ödəmək üçün gəlirləri yönləndirəcək.

Ancaq rəsmi Kiyev həmin müqavilənin şərtlərinin Ukraynanın digər investorları cəlb etmə və infrastrukturun bərpası imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdır. Ona görə də, ABŞ-ın yeni tələbləri, xüsusilə də Donald Tramp və Volodimir Zelenski arasında son münaqişədən sonra münasibətlərdə gərginliyi daha da artıra bilər. Və hadisələrin belə inkişafı sülh prosesini ümumiyyətlə, ciddi əngəllərlə üzləşdirə bilər.

Onu da nəzərə almaq lazımdır ki, əgər, bu saziş imzalansa, Ukrayna 45 gün ərzində fondun nəzərdən keçirməsi üçün layihələrin siyahısını da təqdim etməlidir. Prezident Volodimir Zelenski isə ABŞ-ın Ukraynaya hərbi yardımlarını borc kimi tanımadığını elan etməsində israrlı mövqe tutur. Bu prosesə Fransa və Böyük Britaniyanın Ukraynada hərbi kontingent yerləşdirilməsi ilə bağlı təcili görüşünün nəticələrinin də təsir göstərə biləcəyi şübhə doğurmur.

1600446436_618a3b703929c0b18abd5a3111ef0a4c.jpg (101 KB)

Bütün bunlar onu göstərir ki, Tramp-Putin sövdələşməsi artıq əvvəlki əhəmiyyətini itirməyə başlayıb. Xüsusilə də, danışıqlar prosesinin şaxələnməsi, digər maraqlı tərəflərin də sülh masasına daxil olması Ukrayna savaşı ətrafında indikindən daha fərqli situasiya yarada bilər. Və hazırda Ukrayna savaşının dəniz qonşusu olan Türkiyənin son vaxtlar daha da fəallaşması prosesin ABŞ-Rusiya ortaq nəzarət məkanından çıxarılmasına münbit şərait yaradır.

Məsələ ondadır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan telefon danışığının yeni təfərrüatları məlum olub. Belə ki, telefon danışığı zamanı prezident Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında davam edən müharibədə sülh danışıqlarına Türkiyənin ev sahibliyini təklif edib. Yəni, rəsmi Ankara hər kəsə açıq mesaj verir ki, Ukrayna savaşının nizamlanmasını dəstəkləsə də, bu prosesin ABŞ və Rusiyanın timsalında dar çərçivədə getməsini qəbul etmir. Və ən azından, bu prosesdə Türkiyənin iştirakını qaçılmaz edən faktorlar hazırda qabarıq şəkildə ön plana çıxmağa başlayıb.

Maraqlıdır ki, Türkiyə lideri Qara dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyi üçün atılacaq pozitiv addımların sülh prosesinə töhfə verəcəyini və rəsmi Ankaranın bu su hövzəsinin münaqişə bölgəsinə çevrilməsinə imkan verməmək üçün öz üzərinə düşən hər şeyi edəcəyini bildirib. Yəni, rəsmi Ankara Kreml sahibinə dolayısı ilə xəbərdarlıq edir ki, Qara dənizlə bağlı bütün anlaşmalar Türkiyənin maraq dairəsinə daxildir. Türkiyənin həm mövqeyi, həm də maraqları nəzərə alınmadan, ABŞ, Rusiya və Ukrayna arasında imzalanmış sənədlər Qara dəniz regionunda legitim situasiyaya təminat verə bilməz.

ecb057aa-369c-4299-9b03-4630ecb9989e.jpg (35 KB)

Digər tərəfdən, son vaxtlar Avropa Birliyi də Türkiyənin birbaşa iştirakı olmadan "qoca qitə"nin təhlükəsizlik sistemini qurmağın mümkün olmayacağı qənaətinə gəlib. Ona görə də, bundan sonra həm Ukrayna böhtanı, həm də Avropa məkanı ilə bağlı problemlərin həllində rəsmi Ankaranın mövqeyinin və maraqlarının strateji xarakterli təsir faktoruna çevrilə biləcəyi qətiyyən istisna deyil.

Yəni, indi ABŞ, Avropa Birliyi, Rusiya və Ukrayna Türkiyə ilə daha intensiv məsləhətləşmələr aparmağa məcbur görünürlər. Bu baxımdan, yalnız öz maraqlarını təmin etməyə cəhd göstərən tərəflər Türkiyənin dəstəyinə də möhtacdır. Və dünyanı dəyişəcək yeni prosesin başlanğıcı olaraq, yaxın vaxtlarda Ərdoğan-Tramp-Putin formatının yarana biləcəyi tamamilə inandırıcı görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam