Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

İrəvan üçün Moskva təhlükəsi və ya Ermənistanı qoruya biləcək Türkiyə “çətiri” -TƏHLİL

Sabiq dövlət müşaviri: “Ermənistanın xilası Avropada yox, elə regionun özündə, Türkiyə və Azərbaycandadır”

Yenixeber.org: Bu günlərdə Ermənistan Parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması ilə bağlı qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Sənədin lehinə 64 deputat səs verib, 7 deputat əleyhinə çıxış edib, bitərəf qalan olmayıb. Müxalifətdəki "Ermənistan" fraksiyası isə səsvermədə iştirak etməyib. Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları qanunun qəbulunu dəstəkləyib, "Şərəfim var" müxalifət fraksiyası isə əleyhinə səs verib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistan hökuməti ölkənin Aİ-yə üzvlüyü ilə bağlı qanun layihəsini təsdiqləyib. Baş nazir Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Aİ-yə üzvlük məsələsi ümumxalq referendumu ilə həll olunmalıdır.

Ermənistan Milli Assambleyasının bu qərarına Rusiyadan reaksiya özünü çox gözlətməyib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq”.  Onun sözlərinə görə, “iki stulda oturmaq mümkün deyil”.

Overçuk vurğulayıb ki, İrəvan Avropaya doğru irəliləyirsə, o zaman Rusiya ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazımdır.

Erməni analitiklər hesab edirlər ki, bu qərar Ermənistanın özünün əleyhinədir, çünki Ermənistanı Aİ-yə qəbul etməyəcəklər. Əksinə, Rusiyanın qıcıqlanmasına və İrəvanı cəzalandırmasına səbəb ol biləcək. Rusiyalı politoloq Gevorq Mirzəyan hesab edir ki, Aİ bu cür təşəbbüslərdən Ermənistanı Rusiyanın inteqrasiya orbitindən çıxarmaq üçün istifadə edir: “Qərbin vəzifəsi Ermənistanı istənilən yolla Rusiyanın inteqrasiya məkanından çıxarmaqdır. İrəvanın sonra necə olacağından o qədər də narahat deyil. Hər variant yaxşıdır. Əgər suverenliyi qorumaq və dövləti qərbpərəst etmək mümkün olarsa, bu, Qərb üçün daha yaxşıdır. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Qərbin bazasına çevrilir”.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan isə düşünür ki, indi Ermənistanın təhlükəsizlik təhdidlərinə baxmaq lazımdır: “Ukrayna nümunəsində Aİ-nin və kollektiv Qərbin Ukraynadan nə istədiyini görürük. Onlar hesab edirlər ki, Kiyev Moskvaya qarşı mübarizədə alətdir. Onlar Ermənistanla da eyni şeyi etmək istəyirlər. Gürcüstanda bunu tez başa düşdülər və buna görə də xilas oldular. Paşinyan isə qərb kuratorlarının sifarişlərini yerinə yetirməklə özünü xilas etmək istəyir”.

Mövzu ilə bağlı suallarımızı cavablandıran sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, Ermənistanın Aİ üzvlüyünə qəbulu mümkün görünmür:

- Aİ-nin üzvü olmaq Ermənistan rəhbərliyinin, Paşinyanın xəyalı ola bilər. Amma real üzvlük mümkünsüz görünür. Ümumiyyətlə, Avropanın, yəni Qərbin məqsədi Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq, öz tərəfinə çəkməkdir. Bunun üçün də Ermənistana vədlər verilib. Lakin bu, uzun illər aparan prosesdir və nəticənin nə olacağını indidən söyləmək mümkün deyil. Aİ Ermənistandan Rusiyaya qarşı alət kimi istifadə edir. Ermənistan da hər zaman olduğu kimi, alət olmaq funksiyasına açıqdır. Xatırlatmaq istəyirəm ki, bir müddət belə alət kimi Gürcüstandan istifadə etdilər. Nəticədə Gürcüstanın başına gələnlər göz qabağındadır. Əraziləri Rusiya tərəfindən işğal edildi, hələ də işğal davam edir. Eyni zamanda, Rusiya əlində olan iqtisadi rıçaqlardan istifadə etdi, Gürcüstan sosial-iqtisadi kataklizmlər yaşadı. Düzdür, Amerika və Avropadan qrantlar, ianələr hesabına ayaqda qalmağı bacardı, amma fakt budur ki, Gürcüstan əraziləri hələ də işğaldadır. Son illərdə Gürcüstan hökumətinin qərblə münasibətləri pozuldu və biz baş verənləri görürük. İndi Ermənistanı da Gürcüstanın taleyini yaşaya bilər.

- Bu günlərdə Rusiyadan Overçukun timsalında İrəvana xəbərdarlıq edildi...

- Fikir verirsinizsə, Ermənistanın Amerikada Co Bayden adminstrasiyasının hakimiyyətdən getdiyi zaman imzaladığı tərəfdaşlıq sazişinə Rusiyadan reaksiya beləı sərt deyildi. Rusiya anlayırdı ki, Baydenlə imzalanan sənəd icra olunmayacaq. İcra olunsa belə, bu, o qədər də təsirli deyil. Amma Aİ-yə üzvlüklə bağlı addımların atılması fərqlidir. Moskva bu siyasəti qardaş xalqı olan Ukraynaya bağışlamayıbsa, Ermənistana heç vaxt bağışlaya bilməz. Bu xəbərdarlıqlar da ondan qaynaqlanır.

- Rusiya Ermənistana qarşı hansı addımları ata bilər?

- Moskvanın İrəvana təsir etmək üçün əlində çoxlu rıçaqlar var. Birincisi, Ermənistanın iqtisadiyyatı demək olar ki, bütünlüklə Rusiyadan asılıdır. Aİİ çərçivəsində mal dövriyyəsindən, Ermənistan mallarının Rusiyaya, digər Aİİ ölkələrinə ixracı, ondan gələn gəlirlər bu ölkənin iqtisadiyyatının çökməsinə imkan vermir. Overçuk ya Aİİ, ya da Aİ deməklə Ermənistana xəbərdarlıq etdi ki, bu üstünlüklərdən məhrum olacaq. İqtisadi vəziyyətin pisləşməsi, sosial fəlakət isə Qərb yolunu tutan Paşinyanın kreslosunu itirməsi ilə nəticələnə bilər ki, onun da yerinə Rusiya öz istədiyi adamı hakimiyyətə gətirəcək. Məlumdur ki, indiki erməni müxalifəti Rusiyanın ayağına düşməyə, təzim etməyə, Rusiyanın marioneti olmağa hazırdır.

Digər tərəfdən, Ermənistan Rusiyanın çətiri altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Düzdür, Ermənistan bu təşkilatda fəaliyyətini dondurub, amma rəsmi çıxmayıb. Ən nəhayət, unutmaq olmaz ki, Ermənistanda hazırda Rusiyanın hərbi bazası mövcuddur. Gümrüdəki hərbi bazanın qalma müddəti isə 2040-cı ilədəkdir. Belə olan halda, Ermənistanın Aİİ-yə yaxın perspektivdə üzvlüyü mümkün görünmür. Məlumdur ki, Ukraynadakı işğalçı müharibəyə görə təzyiq altında olan Rusiyaya qarşı təzyiqlər də azalır, atəşkəs, sülh məsələləri gündəmə gəlir. Yəni ki, Rusiya özünə gəlir. Bu zaman üzünü döndərəcəyi yer məhz Ermənistan olacaq ki, bu da Ermənistan üçün yaxşı heç nə vəd etmir.

- Ermənistanın Rusiya təhdidləri və təhlükələri qarşısında çıxış yolu nədir?

- Ermənistanın bir çıxış yolu var – Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltmək. Bunun üçün də Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirərək sülh sazişini imzalamalı, diplomatik münasibətlər bərpa olunmalıdır. Eyni zamanda, nəqliyyat-kommunikasiyalar açılmalı, Zəngəzur dəhlizi fəaliyyətə başlamalıdır. Bununla yanaşı, Türkiyə ilə sərhədlər açılmalı, yavaş-yavaş Ermənistan iqtisadiyyatını Türkiyə və Azərbaycanla əlaqələndirməlidir, Rusiyanın çətiri altından çıxmalıdır. Yəni Ermənistanın xilası Avropada yox, elə regionun özündə, Türkiyə və Azərbaycandadır. Ermənistanı Rusiyanın qəzəbindən yalnız Türkiyə “çətiri” qoruya bilər. Ona görə də, hesab edirəm ki, Paşinyan ağlını başına yığmalı, düzgün yolu tutmalıdır. Təbii ki, əgər Ermənistanın yaşamasını istəyirsə...(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam