“TRAMPLA PUTİNİN FİKİRLƏRİ HAÇALANIR” –“Bu, ABŞ Prezidentini qəzəbləndirir”

Pasxaya qədər atəşkəs olacaqmı?
Donald Trampın Ağ Evə qayıtmasından 2 aydan çox vaxt keçsə də, onun Ukraynada müharibəni 24 saata bitirəcəyi vədi havadan asılı vəziyyətdə qalır. ABŞ-nin bütün səylərinə baxmayaraq, Kreml real olaraq müharibəni dayandırmaqda istəkli görünmür.
Yenixeber.org: “The Telegraph” nəşrinin yazdığına görə, Donald Tramp və Vladimir Putinin sülh danışıqlarının perspektivləri ilə bağlı fikirləri haçalanır. Qəzet qeyd edir ki, iki lider arasında əhəmiyyətli məsələlərdə fikir ayrılığı yaranıb. Baxmayaraq ki, Trampın xüsusi elçisi Stiv Uitkoff ABŞ-nin Səudiyyə Ərəbistanında bazar ertəsi keçiriləcək sammitin "hərtərəfli atəşkəsə yol açacağına nikbin yanaşdığını” söyləyib.
Bununla belə, Kreml danışıqların yenicə başladığını və qarşıda “çətin danışıqların” olduğunu bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov yenə “nüanslardan” danışıb və deyib ki, “biz hələ bu yolun yalnız başlanğıcındayıq".
Qəzetin yazdığı kimi, bundan əvvəl Ağ Evin Pasxa bayramı ərəfəsində barışıq əldə etməyə çalışdığı bildirilirdi. Eyni zamanda, Ukrayna və Avropa Rusiyanın döyüş meydanında vaxt udmaq üçün danışıqları uzatmasından narahatlığını ifadə edib. Bu reallıq isə müharibəni tez bitirəcəyini vəd edən Trampı məyus edir.
“The Telegraph” yazır ki, Trampa yaxın mənbələr onun “düzgün razılaşmanı gözləməyə hazır olduğunu” deyir. Lakin bəziləri onun hər iki tərəfin atəşkəs barədə vədlərinə baxmayaraq, davam edən raket və dron hücumlarına qəzəbləndiyini qeyd edir. “Əgər onlar (Ukrayna və Rusiya) infrastrukturu və enerji sistemini bombalamağa davam etsələr, Tramp məyus olacaq”, - mənbələrdən biri qəzetə bildirib.
Lakin ABŞ Prezidentinə yaxın olan digər şəxslər Ağ Evdə temperaturun hələ ki, sakit olduğunu və “prosesə güvənməyə” ehtiyac olduğunu deyirlər.
Xatırladaq ki, bir neçə gün əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın həftələrdə cəbhədə 30 günlük atəşkəsin əldə oluna biləcəyinə əminliyini ifadə etmişdi.
“Bloomberg” isə yazıb ki, ABŞ Rusiya və Ukrayna arasında atəşkəs barədə razılığa bir aydan az müddətdə - Pasxa bayramına, yəni, aprelin 20-nə qədər nail olmağı hədəfləyir. Lakin tərəflərin mövqeləri arasında mövcud olan böyük fərq səbəbindən bu tarix xeyli geri çəklilə bilər.
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna arasında növbəti danışıqlar baş tutub. Ukrayna Müdafiə naziri Rustem Umerov söhbəti “konstruktiv və məzmunlu” adlandırıb. Onun sözlərinə görə, tərəflər enerji sektoru da daxil olmaqla “əsas məsələləri” müzakirə ediblər.
Lakin bütün bu optimist bəyanatlara baxmayaraq, qarşılıqlı uzaq məsafəli zərbələr, raket və dron hücumları davam edir. Cəbhədə qızğın döyüşlər ara vermir. Hətta Putinlə Trampın birbaşa telefon danışığında əldə etdikləri razılaşmaya rəğmən, tərəflər bir-birinin enerji və mülki infrastrukturuna zərbələri dayandırmırlar. Bütün bunlar ciddi, tərəflərin riayət edəcəyi atəşkəsin nəinki Pasxa bayramına, ümumiyyətlə yaxın gələcəkdə nail olacağını böyük sual altına alır.(Azpolitika)
C.Məmmədov