Türkiyə çox çevik manevrlərlə ABŞ və Rusiyanın Ukraynanı bölüşdürmək cəhdlərini boşa çıxartmaq üzrədir, hər halda, Tramp-Putin sövdələşməsinin artıq qlobal məkanda qəbul olunmayacağı o qədər də ciddi şübhə doğurmur... Nəticədə Kreml və Ağ Ev arasında ortaya çıxmağa başlayan ziddiyyətlərin tədricən dərinləşə biləcəyi qətiyyən istisna deyil və baxımdan, yaxınlaşma mərhələsində olan ABŞ-Rusiya münasibətlərinin tezliklə yenidən qarşıdurma dövrünə keçə biləcəyini ehtimal etmək mümkündür...
Yenixeber.org: Ukrayna savaşı ətrafında yaranmış situasiya tədricən dalana dirənməyə doğru yönəlmiş kimi görünür. Belə ki, Tramp administrasiyasının Rusiya və Ukrayna arasında sülhə nail olmaq cəhdləri iflasa uğramaq üzrədir. Hər halda, ABŞ prezidenti Donald Tramp indiyə qədər verdiyi vədlərin demək olar ki, heç birisini yerinə yetirməyə nail olmayıb. Əksinə, Ağ Ev sahibinin fəaliyyəti Ukrayna böhranının daha da qəlizləşməsinə yol açıb. Və bu, o deməkdir ki, Ukrayna savaşını dayandırmaq, prezident Donald Trampın bir gün ərzində nail oluna biləcək qədər sadə məsələ deyil.
Onu da qeyd etmək lazımdır ki, Ağ Ev sahibi bu problemin həllinə sürətlə başlasa da, hazırda əldə olunan nəticələr ümidverici deyil. Belə ki, ABŞ və Rusiya prezidentləri uzun müddət davam edən və emissarlar üzərindən reallaşdırılan səhnəarxası müzakirələrdə hər halda, gizli sövdələşməyə nail olmuşdular. Həmin gizli sövdələşmə ilə bağlı indiyə qədər ortaya çıxan məlumatlara görə, Rusiya böyük güzəştlər qazanmışdı. Ən azından, Ukraynanın işğal olunmuş əraziləri qeyri-rəsmi şəkildə Rusiyanın nəzarətində qalacaqdı. Və Ağ Ev bu məsələdə mövqeyini dəyişməsə də, indi Tramp-Putin sövdələşməsini reallaşdırmaq demək olar ki, mümkün deyil.
Birincisi, rəsmi Kiyev Ukraynanın təbii sərvətlərinin ABŞ-ın istismarına verilməsinin əvəzində bəzi alternativ şərtlər irəli sürməyə başlayıb. Həmin şərtlərdə ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatı verməsi ilə bağlı tələb ön planda yer alır. Ağ Ev hələlik rəsmi Kiyevin bu tələbini birmənalı şəkildə geri çevirmək üçün tutarlı arqumentlər irəli sürməyib. Yəni, son nəticədə ABŞ hansısa mərhələdə Ukraynaya təhlükəzilik təminatı vermək məcburiyyətində qala bilər.
İkincisi, Türkiyə Ukrayna savaşı ətrafında yaranmış situasiyaya birbaşa müdaxilə etməyə bağlayıb. Prezident Volodimir Zelenskinin Ankaraya dəvət olunması ilə Ukraynanın iştirakına ehtiyac duyulmayan ABŞ-Rusiya danışıqlar formatı ağır zərbə vurulub. Hər halda, Ağ Ev bundan sonra rəsmi Kiyevlə də müzakirələr aparmağın qaçılmazlığını qəbul etməyə başlayıb. Və bu, Rusiyanın maraqlarına cavab vermədiyindən, Kreml müqavimət göstərməyə çalışır.
Üçüncüsü, Türkiyənin Ukrayna savaşının dayandırılması ilə bağlı beynəlxalq hüquq normalarına zidd prosesə yönəlik sərt əks mövqeyi digər Qərb ölkələrini də cəsarətləndirib. Son vaxtlara qədər susqunluq içərisində olan Avropa Birliyi çaşqınlıqdan çıxaraq, Ukraynanı dəstəkləmək qərarlarını daha qabarıq şəkildə gündəmə gətirirlər. Və bu proses G-7 ölkələrinin Ukraynaya ən yüksək səviyyədə dəstək vermək barədə qərar verməsinə qədər inkişaf edib.
Nəhayət, rəsmi Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etməsi də, hazırda Tramp-Putin sövdələşməsinə bloklayıcı zərbə xarakteri daşıyır. Çünki Türkiyənin sərt mövqe tutması ABŞ-ın Ukrayna ərazilərini Rusiyaya verməklə, savaşı dayandırmaq planlarını pozur. Eyni zamanda, Kremlin də Ukrayna savaşını Rusiya sərhədlərinin genişləndirilməsi ilə yekunlaşdırmaq niyyətlərini puça çıxara bilər. Və bu baxımdan, Türkiyə hazırda Ukrayna böhranının nizamlanması prosesində həlledici faktor statusu qazanmağa başlayıb.
Məsələ ondadır ki, Ağ Evdə Tramp-Putin sövdələşməsinin indiki mərhələdə reallıqdan uzaq olduğunu qəbul etmək məcburiyyətində qalıblar. Ona görə də, Tramp administrasiyası həmin sövdələşmədən açıq şəkildə imtina etməsə də, onun məzmunu ilə ziddiyyət təşkil edən addımlar atmağa başlayıb. Belə ki, prezident Donald Tramp Kremlin sərt müqavimətinə baxmayaraq, Rusiya və Ukrayna arasında ən azı 30 günlük atəşkəsin edilməsində israrlı mövqe tutur. Və sonuncu Tramp-Putin telefon danışığında da bu mövzunun ön planda yer aldığı iddia olunur.
Ağ Ev sahibi Donald Tramp prezident Vladimir Putin ilə telefon danışığını “pozitiv müzakirə” adlandırsa da, bəzi məlumatlara görə, hər iki tərəfin məyus olması üçün ciddi əsaslar mövcuddur. Çünki bu müzakirələrdə hər iki tərəfin enerji obyektlərinə zərbə endirilməməsi barədə anlaşma əldə olunub. Ancaq telefon danışığından qısa müddət sonra Rusiya və Ukrayna bu anlaşmanı pozaraq, bir-birinin enerji sektoruna zərbələri bərpa ediblər. Və geriyə yalnız ABŞ-Rusiya danışıqlarının davam etdirilməsi barədə razılaşma qalmış kimi görünür.
Maraqlıdır ki, prezident Vladimir Putin Ağ Ev sahibi Donald Trampın xüsusilə israr etdiyi Rusiya və Ukrayna arasında quruda, havada və dənizdə dərhal 30 günlük atəşkəs elan olunması təklifini geri çevirib. Bunun əvəzində Kreml sahibi ABŞ tərəfindən Ukraynaya hərbi yardımların və kəşfiyyat məlumatlarının verilməsinin tam dayandırılmasını tələb edib. Kreml sahibi vurğulayıb ki, Rusiyanın bu şərti yerinə yetirilərsə, Ukrayna savaşının dayandırılması ilə bağlı proses də uğur qazana bilər. Və bu, Rusiyanın ABŞ-la qarşıdurmaya doğru yönəldiyini göstərən məqam da hesab oluna bilər.
Məsələ ondadır ki, bir müddət öncə Ağ Evdən, Rusiya atəşkəs təklifini qəbul etməyəcəyi təqdirdə, Tramp administrasiyasının Kremlin Ukrayna savaşı ilə bağlı niyyətlərinə fərqli “pəncərə”dən baxmaq məcburiyyətində qala biləcəyi barədə xəbərdarlıq mesajı verilmişdi. İndi prezident Vladimir Putin Ağ Evin fərqli yanaşma ortaya qoymasına səbəb ola biləcək “pəncərə”ni demək olar ki, açmaq üzrədir. Və bu baxımdan, Tramp administrasiyasının yeni yanaşma tərzinin necə olacağı böyük maraq doğurur.
Ancaq hələlik mövcud situasiya onu göstərir ki, Türkiyə çox çevik manevrlərlə ABŞ və Rusiyanın Ukraynanı bölüşdürmək cəhdlərini boşa çıxartmaq üzrədir. Hər halda, Tramp-Putin sövdələşməsinin artıq qlobal məkanda qəbul olunmayacağı o qədər də şübhə doğurmur. Nəticədə Kreml və Ağ Ev arasında ortaya çıxmağa başlayan ziddiyyətlərin tədricən dərinləşə biləcəyi qətiyyən istisna deyil. Və baxımdan, yaxınlaşma mərhələsində olan ABŞ-Rusiya münasibətlərinin tezliklə yenidən qarşıdurma dövrünə keçə biləcəyini ehtimal etmək mümkündür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert